Banner

Ağsu dolaylarında hərəkət bərpa edildi - FOTO - YENİLƏNİB

Gündəm 4 Yanvar 2026 21:00 Oxunub 3456
Ağsu dolaylarında hərəkət bərpa edildi - FOTO - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Ağsu aşırımında nəqliyyat vasitələrinin hərəkəti bərpa olunub.

Avtosfer.az xəbər verir ki, bu gün Bakı–Şamaxı–Yevlax avtomobil yolunun Ağsu dolaylarından keçən hissəsində buzlaşma səbəbindən bağlanan yol yenidən nəqliyyat vasitələrinin istifadəsinə açılıb. Hazırda hər iki zolaq üzrə hərəkət təmin olunub, sürücülər paytaxta və əks istiqamətlərə doğru maneəsiz hərəkət edə bilirlər.

Bununla belə, gecə saatlarında havanın temperaturunun aşağı düşməsi nəticəsində yolun sərt enişli-yoxuşlu və döngəli hissələrində yenidən buzlaşma ehtimalının yüksək olduğu bildirilir. Bu səbəbdən sürücülərə həmin saatlarda alternativ marşrutlardan istifadə etmələri tövsiyə olunur.

Xatırladaq ki, günorta saatlarında Ağsu aşırımında yolun bir nöqtəsində hərəkət hissəsinin hər iki zolağı buz bağladığından nəqliyyatın hərəkəti müvəqqəti olaraq tam dayanmışdı. Dərhal əraziyə yol polisi əməkdaşları və digər aidiyyəti qurumların texnikası cəlb edilib.

Buzlaşmanın aradan qaldırılması məqsədilə yolun təhlükəli hissələrinə qum-duz qarışığı səpilib. Görülən tədbirlərdən sonra buz qatı tədricən əriməyə başlayıb və nəqliyyat vasitələrinin hərəkəti mərhələli şəkildə bərpa olunub.

Hadisə zamanı bəzi avtomobillərin yoldan çıxmasına baxmayaraq, xoşbəxtlikdən yol-nəqliyyat hadisəsi qeydə alınmayıb. Polis əməkdaşları hazırda da ərazidə xidmət apararaq hərəkətin təhlükəsizliyini təmin edirlər.

***18:49

Ağsu dolaylarında yol hərəkətinin təhlükəsizliyinin təmin olunması məqsədilə yol polisi və post-patrul xidmətinin əməkdaşları gücləndirilmiş rejimdə xidmət aparıblar.

Avtosfer.az xəbər verir ki, buzlaşma səbəbindən hərəkətdə çətinlik yaşayan sürücülərə polis əməkdaşları tərəfindən operativ şəkildə köməklik göstərilib, nəqliyyat vasitələrinin təhlükəsiz hərəkəti təmin olunub.

Eyni zamanda, buzlaşmanın müşahidə edildiyi ərazilərə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları cəlb olunub. Xüsusilə sərt eniş-yoxuşlu və təhlükəli sahələrdə yolun hərəkət hissəsinə duz-qum qarışığı səpilib, nəticədə sürüşmə riski minimuma endirilib. Hazırda ərazidə vəziyyət nəzarət altındadır və yol hərəkəti iştirakçılarına diqqətli olmaları, sürət həddinə riayət etmələri tövsiyə olunur.

***15:14

Bakı–Şamaxı–Yevlax avtomobil yolunun Ağsu dolaylarından keçən hissəsində yaranan buzlaşma səbəbindən nəqliyyatın hərəkəti tamamilə dayanıb.

Avtosfer.az xəbər verir ki, artıq bir saatdan çoxdur onlarla avtomobil yolda hərəkətsiz vəziyyətdə qalıb. Mövcud vəziyyət həm paytaxtdan Ağsu istiqamətində hərəkət edən sürücülərə, həm də regionlardan Bakıya doğru gedən nəqliyyat vasitələrinə ciddi çətinliklər yaradır.

Yolun hər iki istiqamətində buz qatının əmələ gəlməsi nəticəsində avtomobillərin hərəkəti faktiki olaraq mümkünsüz olub. Sürücülər enişli-yoxuşlu dolaylarda nəqliyyat vasitələrini idarə etməkdə çətinlik çəkir, bəzi avtomobillər isə sürüşərək yolda qalır. Uzun tıxac yaranması səbəbindən ərazidə gərginlik də müşahidə olunur.

Məsul qurumların əraziyə gecikməsi səbəbindən sürücülər və yaxınlıqda yaşayan sakinlər vəziyyətdən çıxış yolunu özləri axtarmağa məcbur qalıblar. Belə ki, onlar yol kənarında olan qum və torpağı yola səpərək avtomobillərin hərəkətini qismən bərpa etməyə çalışırlar. Buna baxmayaraq, güclü buzlaşma səbəbindən görülən tədbirlər hələlik nəticə vermir.

Sürücülər aidiyyəti qurumlara müraciət edərək yolun təcili şəkildə təmizlənməsini və duz-qum qarışığının səpilməsini xahiş edirlər. Hazırda əraziyə məsul qurumların texnikası və əməkdaşlarının cəlb olunmaması vəziyyəti daha da ağırlaşdırır.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh