Reklam

Avtobus zolaqları hərəkəti asanlaşdırıb, amma problemlər də var - ARAŞDIRMA - FOTO

Gündəm 28 Noyabr 2024 18:30 Oxunub 212
Avtobus zolaqları hərəkəti asanlaşdırıb, amma problemlər də var -  ARAŞDIRMA   - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Paytaxtın əksər küçə və prospektlərində avtobus zolaqları təşkil olunub. Məlumdur ki, ictimai nəqliyyat vasitələrindən başqa digər avtomobillərin zolağa daxil olmasına icazə verilmir. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağına keçid etmək qadağandır. Bu xətanı törədən sürücülər 2 bal və 100 manat cərimələnə bilərlər.

Avtobus zolaqlarının çəkilməsi ictimai nəqliyyat vasitələrinin dayanacaqlara, sərnişinlərin isə mənzil başına qısa müddətdə çatmalarına gətirib çıxarıb. Xüsusilə sıxlıq zamanı digər nəqliyyat vasitələrindən fərqli olaraq avtobuslar dayanmadan hərəkət edə bilirlər. Məhz bu səbəbdən avtobuslardan istifadə edən sərnişinlərin sayı artıb.

Lakin bu hal taksi sürücülərinin kütləvi narazılığına səbəb olur. Onlar avtobus zolağına daxil ola bilmədikləri üçün ikinci zolaqda dayanaraq sərnişin mindirib-düşürürlər. Bu isə digər nəqliyyat vasitələrinin hərəkətinə əngəl törədir. Digər tərəfdən sürücülərin avtobus zolağına daxil olmaması onları cərimədən azad etmir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə 2 bal və 80 manat cərimə oluna bilərlər. 

Bəzi küçələrdə avtobus zolağına giriş-çıxış etməyə qismən icazə verən 1.11 nişanlanma xətləri var. "Yol hərəkəti haqqında" qanunda qeyd olunub ki, avtobus zolaqları digər zolaqlardan qırıq-qırıq xətlə ayırılıbsa, sərnişin mindirib-düşürmək istəyən sürücülər avtobusların hərəkətinə mane olmadan həmin zolağa daxil ola bilərlər. Lakin təəssüf ki, paytaxt yollarında qanunun bu tələbini nəzərə alan olmayıb. Demək olar ki, əksər küçə və prospektlərdə avtobus zolaqları digər zolaqlardan bütöv xətlə ayrılır və bu da, zolağa girişi qadağan edir. 

“Uber” taksi şirkətinin sürücüsü Bilal Məmmədov mövcud problemlə bağlı Avtosfer.az-a fikirlərini bildirib. Onun sözlərinə görə, bu məsələ taksi sürücüləriylə yanaşı digər avtomobil sürücülərinin də narazılığına səbəb olur: “Xəstəxanaların, otellərin, dövlət qurumlarının önündə avtobus zolaqları var. Lakin zolaq çəkilərkən sürücülərin əraziyə daxil olmaları üçün şərait yaradılmayıb. Elə kritik hallar olur ki, sürücü nəqliyyat vasitəsini avtobus zolağında saxlamağa məcbur olur. Ən azından qeyd etdiyim obyektlərin önündə maşınların dayanması üçün nişan qoyulmalıdır. Fikrimcə, cərimənin məbləği  də çoxdur. Heç olmasa, sərnişin mindirib-düşürmək üçün 20 manat cərimə tətbiq oluna bilərdi. Təbii ki, avtobus zolağından istifadə bütün taksilər üçün keçərli olmaya bilər. Heç olmasa taksi tanınma nişanı ilə təmin olunmuş avtomobillərin avtobus zolağında sərnişin mindirib-düşürməsinə icazə verilsin. Avtobus zolağıyla yanaşı, ikinci zolaqda da dayandığımız zaman cərimə tətbiq olunur. Ən pis halda isə qəza təhlükəsi yaradır. Dəfələrlə xoşagəlməz halların şahidi olmuşam. Bəs belə olan halda sürücü nə etsin? Sərnişini harada mindirib-düşürsün? Düşünürəm ki, biz dövlətin qoyduğu qayda və tələbləri yerinə yetirdiyimizi nəzərə alaraq, dövlət də bizə bu baxımdan müəyyən imtiyazlar yaratmalıdır.

Digər tərəfdən bəzən sərnişinlər də sürücülərin işini çətinləşdirirlər. Hansı ərazidən sifariş verdiklərinə diqqət etmirlər, yaxud gedəcəkləri ünvanının sürücüyə çətinlik yaradıb-yaratmayacağını nəzərə almırlar”. 

Nəqliyyat eksperti Eldəniz Cəfərov Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirib ki, qanuni şəkildə fəaliyyət göstərən taksilərin avtobus zolağına daxil olmasına icazə verilməlidir: “Düşünürəm ki, leqal, yəni qanun çərçivəsində çalışan və maşının damında sarı rəngli taksi fənəri quraşdırılmış avtomobillər avtobus zolağında hərəkət etmələrinə şərait yaradılmalıdır. Artıq avtomobilin nömrəsindən hansı taksinin leqal, yaxud qeyri-leqal faəliyyət göstərdiyini bilmək olur.

Digər yandan nəzərə alsaq ki, taksiləri də ictimai nəqliyyatın bir qoluna aid edə bilərik. Bu baxımdan düşünürəm ki, məsələyə baxılsa daha yaxşı olar. O cümlədən, bu addım ölkədə fəaliyyət göstərən taksilərin də taksi leqallaşdırma həvəsini daha da artırar”. 

Nərmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh