Avtobuslar yollarımızı qana boyayır; Nəqliyyat Nazirliyi isə susur - VİDEO
Son zamanlar baş verən yol-nəqliyyat hadisələri arasında avtobus qəzaları üstünlük təşkil edir. Ötən ilin müvafiq dövrü ilə müqaisədə bu il avtobus qəzalarının sayında artım var. Avtobuslar təkcə paytaxtda deyil, ölkənin müxtəlif magistrallarında da can alır. “Bu ilin altı ayı ərzində avtobusların iştirakı ilə 47 qəza baş verib. Nəticədə 19 nəfər həlak olub, 52 nəfər isə yaralanıb. Belə ki, avtobusların iştirakı ilə baş verən nəqliyyat hadisələri ötən ilin müvafiq dövrü ilə müqayisədə üç faktın artmasına baxamayaraq, ölənlərin sayında azalma var. Lakin yaralıların sayında isə artım qeydə alınıb”, – deyə BDYPİ-nin şöbə rəisi Kamran Əliyev bildirib.
Bu qəzaları qaçılmaz edən əsas səbəblər avtobusun çox vaxt yüksək sürətlə idarə olunması, digər nəqliyyat vasitələrilə aparılan ötmə əməliyyat və sürücülər tərəfindən kobud şəkildə pozulan digər yol hərəkət qaydalarıdır.
Sükan arxasında oturan şəxsin özü ilə bərabər onlarla insanın həyatı üçün məsuliyyət daşıdığını hiss etməməsi, yolda sözün əsil mənasında at oynatması sonda kimlərinsə, həyatı bahasına başa gəlir.
Dünya təcrübəsində avtobusu idarə etmək üçün D kateqoriyalı sürücülük vəsiqəsinin olması kifayət deyil. Bunun üçün sürücü xüsusi təhlükəsizlik kursundan keçməli, sərnişinlərlə münasibəti öyrənməli və psixoloji vəziyyətinin avtobusu idarə etməyə yol verdiyi ciddi şəkildə yoxlanmalıdır.
Ekspert Ərşad Hüseynovun sözlərinə görə, avtobus qəzalarının baş verməməsi üçün bizdə də ilk növbədə sürücü peşəkarlığı artırılmalı, sürücülərin fəaliyyəti daim nəzarətdə saxlanmalıdır.
Sürücülərin konkret maaş sisteminə keçirilməsi də qəzaların sayını minimuma endirə bilər. Önəmli məsələlərdən biri də sürücülərin tibbi yoxlamasının tələblərə uyğun səviyyədə həyata keçirilməsidir.
Əslində Nazirlər Kabinetinin sərnişindaşıma və baqaj daşıması haqqındakı 141 saylı qərarında bütün bunlar öz əksini tapıb. Amma görünən odur ki, yazılanlar əsasən kağız üzərində qalır.
“Atobus şirkətlərinin rəhbərləri sürücülərini müdafiə edirlər. Eyni zamanda onlara, yəni sürücülərə nəzarət olunmasına müdaxilə edirlər, qarşısını alırlar. Xüsusən də polis tərəfində edilən nəzarətin qarşısını alırlar. Şəhərdaxil nəqliyyat vasitələrində əsas problem isə odur ki, sürücülər yalnız öz maddi maraqlarını güdürlər. Sürücülər üçün sərnişinlərin təhlükəsizliyi, eləcə də yol hərəkəti qaydalar ikinci plandadır”, – deyə ekspert Ərşad Hüseynov fikrini açıqlayıb.
Əslində Nəqliyyat Nazirliyində avtobus qəzalarının qarşısının alınması üçün tədbirlər görülür. Bunun üçün sürücü bazası yaradılıb. Yəni bir nəqliyyat vasitəsində qəza törədən sürücü artıq başqa nəqliyyat vasitəsində işləyə bilməyəcək.
Sürücülərin mədəniyyət səviyyələrinin artırılması üçün də kurslar da təşkil olunur. Amma görünən odur ki, aparılan işlər hələ də avtobus sürücülərinin insan həyatına biganəliyinin qarşısını ala bilmir. Bu da sonda faciə ilə yekunlaşır.