«Avtoş»un maşını cərimə meydançasına aparılmalıdırmı?

Gündəm 8 Sentyabr 2014 01:27 Oxunub 3353
«Avtoş»un maşını cərimə meydançasına aparılmalıdırmı?
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücünün idarə etdiyi nəqliyyat vasitəsi yalnız bu hallarda cərimə meydançasına aparıla bilər

Son vaxtlar hərdən avtoxuliqanlığa görə inzibati məsuliyyətə cəlb olunan sürücünün avtomobilinin mühafizə olunan duracağa (cərimə meydançasına) aparılıb-aparılmaması barədə müzakirələrə rast gəlinir. Əslində belə müzakirələr əsassız deyil. Çünki şəxsin yalnız avtoxuliqanlıq etməsinin onun avtomobilinin cərimə meydançasına aparılmasına əsas olması barədə qanunda hər hansı müddəa mövcud deyil. Lakin bu məsələdə incə bir məqam var.

Ümumiyyətlə, İnzibati Xətalar Məcəlləsinin 406.1-ci və 407.1-ci maddələrini birgə təhlil etdikdə aydın olur ki, sürücünün idarə etdiyi nəqliyyat vasitəsi yalnız aşağıdakı hallarda cərimə meydançasına aparıla bilər:

- dayandırılmış nəqliyyat vasitəsini idarə edən şəxsdə və onunla birlikdə gedən sərnişinlərdən hər hansı birində sürücülük vəsiqəsi və ya nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, yaxud həmin nəqliyyat vasitəsini idarə etmək hüquq verən digər əsas olmadıqda;

- nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanları və ya onlardan biri olmadıqda, yaxud saxta və ya qeyri-standart olduqda və ya nəqliyyat vasitəsini başqa nəqliyyat vasitələrinə verilmiş dövlət qeydiyyat nişanları ilə idarə etdikdə;

- dayandırılmış nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrəsi nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindəki rəqəmlərə uyğun gəlmədikdə; dayandırılmış nəqliyyat vasitəsi alkoqoldan, narkotik vasitələrdən və psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olmasına güman etməyə kifayət qədər əsas olan şəxs tərəfindən idarə olunduqda və onunla birlikdə gedən sərnişinlərdən birində sürücülük vəsiqəsi olmadıqda; 

- nəqliyyat vasitəsində normativ tələblər pozulmaqla avadanlıq quraşdırıldıqda və ya dəyişdirildikdə, nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklər çəkildikdə, nəqliyyat vasitəsi müvafiq icazə olmadan xüsusi səs (çoxavazlı) və ya sayrışan işıq siqnalları ilə təchiz edildikdə, bu pozuntuları yerində aradan qaldırmaq mümkün olmadıqda.

- yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində icra edilməməsinə görə nəqliyyat vasitəsinin saxlanılması barədə məhkəmə və ya müvafiq icra hakimiyyəti orqanının qərarı olduqda;

- dayanma və durma qaydalarının pozulduğu halda (əgər sürücü həmin nəqliyyat vasitəsinin yanında deyilsə).

Özü də dayanma və durma qaydalarını pozmaya görə mühafizə olunan duracağa aparma istisna olmaqla, yuxarıda sadalanan digər hallarda nəqliyyat vasitəsinin saxlanılması səbəbini 3 saat ərzində aradan qaldırmaq mümkün olduqda  nəqliyyat vasitəsi mühafizə olunan duracağa aparılmır: səbəb aradan qaldırıldıqda saxlanılan nəqliyyat vasitəsi ya sahibinə, ya da onun arzusu ilə digər şəxsə idarə etmək üçün verilir.

Yuxarıda göstərilən hallardan hər hansı biri avtoxuliqanlığa görə saxlanılmış sürücü və ya onun idarə etdiyi nəqliyyat vasitəsi barəsində mövcud olarsa, sürücü avtoquliqanlığa görə inzibati məsuliyyətə cəlb edilməklə bərabər, onun avtomobili mühafizə olunan duracağa aparılacaqdır. Təcrübədə də daha çox məhz belə olur: avtoxuliqanlığa görə saxlanılan sürücü və ya onun avtomobili ilə bağlı İXM-in 406.1-ci maddəsində göstərilən hallardan biri aşkar edilir və avtomobil cərimə meydançasına aparılır. 

Amma avtoxuliqanın avtomobilinin cərimə meydançasına aparılmasının özünəməxsus bir halı da ola bilər. Bu hal avtoxuliqanlıq əməlinin mahiyyətindən və onu törədən sürücünün polis əməkdaşları ilə davranışından irəli gəlir. Belə ki,  İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsinə əsasən, hüquq pozuntusu törətmiş şəxs polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmadıqda onun barəsində inzibati qaydada tutma tətbiq oluna bilər. Avtoxuliqanlıq edənlərin əksəriyyəti məhz belə edirlər: onları saxlamaq istəyən və ya saxlayan polis əməkdaşlarına tabesizlik göstərirlər. Bunun nəticəsində isə həmin şəxslər tutularaq əvvəlcə polis orqanına gətirilir, daha sonra müvafiq sənədləşmə aparıldıqdan sonra məhkəməyə təqdim olunurlar. İncəlik də ondan ibarətdir ki, inzibati qaydada tutulmuş şəxs faktiki olaraq avtomobilin idarə edilməsindən kənarlaşdırılır. Belə şəxsə idarə edilmək üçün avtomobilin verilməsi tutmanın mahiyyətinə uyğun deyildir. Bu səbəbdən tutulmuş şəxsin avtomobili yolda sahibsiz qala bilər ki, bu da yolverilməzdir. Buna görə də tutulmadan sonra həmin şəxslərin avtomobili mühafizə olunması üçün DYP-nin mühafizə olunan duracağına yerləşdirilir. Düzdür, bu əsas qanunda birbaşa göstərilmir. Amma avtoxuliqan barəsində konkret halda tətbiq olunan məhdudiyyətlər məhz belə bir nəticəni çıxarmaq üçün əsas verir. Bununla belə, avtoxuliqan tabe olmadığına görə tutularkən onun yanında bu avtomobili idarə etmək hüququ olan şəxs (qohumu, dostu və s.) olarsa və həmin avtoxuliqan öz avtomobilinin bu şəxs tərəfindən idarə edilməsinə razı olarsa, avtomobil mühafizə olunan duracağa aparılmamalı, həmin şəxsə verilməlidir. 

Beləliklə, avtoxuliqanlıq törətmiş sürücü həm də polis əməkdaşlarına qəsdən tabe olmadığına görə tutularsa, onun avtomobili cərimə meydançasına yerləşdirilə bilər. Bir şərtlə ki, həmin vaxt avtoxuliqanla bərabər onun avtomobilini idarə etmək hüququ olan başqa şəxs olmasın və ya avtoxuliqan öz avtomobilini bu şəxsin idarə etməsinə razı olmasın.

 

Ərşad Hüseynov,

yol hərəkəti üzrə ekspert

ŞƏRH YAZ
Ad

E-mail

Şərh