“Avtovağzal” metrostansiyası niyə problemləri həll etmədi? - FOTO

Gündəm 3 May 2016 16:27 Oxunub 2964
“Avtovağzal” metrostansiyası niyə problemləri həll etmədi? - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Əgər dayanacaq yoxdursa, bu metronun heç kimə faydası olmayacaq"

Sumqayıt, Saray, Masazır, Xırdalan qəsəbələrinin sakinləri narahat, köhnə, daim dolu olan marşrut avtobusları ilə tıxacda qala-qala hər gün işə, dərsə, evə getməli olurlar. Lakin “Avtovağzal” metrostansiyasının istifadəyə verilməsi avtobusların burada dayanmasına və sərnişinlərin metro ilə rahat yollarına davam etmələrinə şərait yaratmayıb. 

Avtosfer.az musavat.com-a istinadən xəbər verir ki, həmçinin işdən geri dönən vətəndaşlarımız artıq metronun "20 Yanvar" stansiyasından çıxıb, o hay-küydə, "Sumqayıt, Sumqayıta 1 nəfər", "Qardaş, Masallıya gedirsən?", "Sabirabada qabaq yer" səslərini eşitmədən, rahatca “Avtovağzal” metrostansiyasından çıxıb, avtobusla evlərinə gedə bilmirlər.

Belə ki, Avtovağzal Kompleksinə doğru hərəkət edən avtobusların yeni metro stansiyasının yaxınlığında dayanmasında problem yaranır. Çünki burada dayanacaq yoxdur. Bu baxımdan, Sumqayıt, Saray, Masazır, Xırdalan qəsəbələrinin sakinləri marşrut avtobuslarının metro stansiyasının qarşısında saxlamamağından narazıdırlar. 

Təbii ki, belə bir dayanacağın olması həm avtobus sürücülərinin, həm də sərnişinlərin ürəyincə olardı. Çünki avtovağzaldan metrostansiyaya piyada gəlmək üçün xeyli vaxt sərf etməlisən.

Nəzərə alaq ki, marşrut avtobusları avtovağzalın arxasında dayanırlar. Oradan metronun girişinə qədər getmək üçün avtovağzalın içindən keçməli və oradakı mağazaları adlaya-adlaya, sıxlıqdan qurtulub işə gecikməmək üçün çalışmalısınız. Təbii ki, bu, səhər saatlarında dərsə və işə gecikən sərnişinlər üçün heç də əlverişli deyil.

Dayanacaq olmadığı üçün avtobusların çoxu burada dayanmır. Bəziləri isə yolun qarşı tərəfində, qəzet köşkünün yanında dayanırlar. Bu, özü də problem yaradır. Belə ki, sərnişinlər orada düşüb, yolu qaça-qaça keçirlər. Hansı ki, orada piyada keçidi və ya zolağı yoxdur. 

Bu səbəbdən həyatlarını təhlükəyə atırlar. Üstəlik, onları yolu keçmələrini gözləyən polislər də cərimələyir. 15 manat verib, taksi ilə getmək istəməyib, qənaət edəcəyini düşünərək, avtobusla getmək istəyən vətəndaşlarımız 20 manat da cərimə edilirlər.

Bir sözlə, burada dayanacaq və piyada keçidi mütləqdir. Belə bir dayanacağın olması həm də avtovağzaldakı avtobusların sıxlığını da aradan qaldırmış olardı.

 

"Əgər dayanacaq yoxdursa, bu metronun heç kimə faydası olmayacaq"

 

Sakinlərlə söhbətimizdən belə qənaətə gəlmək olar ki, bu məsələ hər kəsi düşündürür və narahat edir. Narazı sərnişinlərdən biri olan Fazil Dadaşov musavat.com saytının reportyoruna bunları deyib: "Metro da açıldı, amma dərdimiz yenə də bitmədi. Dayanacaq yoxdur. Avtobus ya dairədə saxlayır, ya da avtovağzalın arxasındakı dayanacaqda... Dairədəki dayanacaq həm çox uzaqdır, həm də yolun sağındadır. Məcbursan ki, yolu keçib, buraya qədər piyada gələsən. Əgər yükün varsa, işin daha da çətin olacaq. Elə avtobus var ki, körpünün yanındakı köşkün qabağında dayanır. O da alınmır. Yenə yolu keçməli olursan, amma qaydaları pozaraq. Polislə qaçdı-tutdu oynayırıq ki, görməsin, cərimə edilməyək. Əgər dayanacaq yoxdursa, bu metronun heç kimə faydası olmayacaq. Hə, yəqin avtovağzal rəhbərliyi gün-gündən bağlanan mağazalarını qorumaq üçün dayanacağa imkan vermir. Çünki yol mağazalar olan yerdən keçir. Burada dayanacaq olsa, heç kim oraya gedən deyil".





 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh