Axın başlanır: Deyirlər, daha problem olmayacaq...

Gündəm 15 Mart 2016 13:22 Oxunub 1301
Axın başlanır: Deyirlər, daha problem olmayacaq...
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtovağzal ərazisindən hərəkət edən bütün avtobuslar mütəmadi texniki baxışdan, sürücülər isə tibbi müayinədən keçirilir

Bakı Beynəlxalq Avtovağzalı martın 16-dan etibarən gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Avtovağzal Novruz bayramı ilə əlaqədar rəsmi tətil günləri bitənədək bu rejimdə işləyəcək.

Avtosfer.az xəbər verir ki, bu barədə milli.az-ın sorğusuna cavab olaraq Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Şəfa Mehmanqızı bildirib.

Ş.Mehmanqızının sözlərinə görə, Novruz bayramı ilə əlaqədar elan edilən rəsmi tətil günləri nisbətən uzunmüddətli olduğundan sərnişinlərin sayının çox olacağı gözlənilir: "Ona görə də bayram günləri əlavə problemlərlə üzləşməmələri üçün Bakıdan bölgələrə və əks istiqamətdə səfərə çıxmağı planlaşdıran bütün sərnişinlərə biletləri bir neçə gün öncə, əvvəlcədən almaq tövsiyə edilir. Xüsusilə martın 18-i, 19-u və 20-də Bakıdan bölgələrə sərnişin axınının artması gözlənilir. Məhz həmin günlərdə hansı bölgələrə gedənlərin sayının daha çox olduğu müəyyənləşəcək və lazım gələrsə, həmin istiqamətlərdə avtobusların sayı artırılacaq".

O qeyd edib ki, əgər adi günlərdə Bakıdan bölgələrə və əks istiqamətdə 400-450 reys olursa, Novruz bayramı ilə əlaqədar onların sayı 2 dəfəyə yaxın artırılacaq. Belə ki, həmin günlərdə xətlərə 700 avtobus buraxılacaq, daha 200-250 avtobus isə ehtiyatda saxlanılacaq: "Bayram günlərində adətən respublikanın şimal bölgələrinə daha çox sərnişin sıxlığı müşahidə edildiyi üçün, həmin istiqamətlərə avtobus reyslərinin sayı artırılacaq. Bundan əlavə, adi günlərdə Bakıdan Naxçıvan şəhərinə 4 avtobus hərəkət edirsə, bayram günləri onların da sayı artırılaraq 8-ə çatdırılacaq".

Şöbə müdiri əlavə edib ki, Avtovağzal ərazisindən hərəkət edən bütün avtobuslar mütəmadi texniki baxışdan, sürücülər isə tibbi müayinədən keçirilir, bundan əlavə, DANX-dan hər ay avtobuslar üçün fərqlənmə nişanı alınır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh