Banner

"Sürücülərdən parklanma adı ilə nağd pul tələb edilməsi tam qanunsuzdur"

Gündəm 9 Oktyabr 2024 19:21 Oxunub 1024
"Sürücülərdən parklanma adı ilə nağd pul tələb edilməsi tam qanunsuzdur"
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Artıq 1 ildən çoxdur ki, Bakı şəhərində parklanma yeni qaydalara əsasən idarə olunur.

Avtosfer.az xəbər verir ki, bu sahədə vətəndaşları maraqlandıran suallarla bağlı AYNA-nın parklanmanın təşkili departamentinin direktoru Tərlan Yəhyayev APA-ya müsahibə verib.

- Tərlan müəllim, parklanmanın təşkilini zəruri edən amillər hansılardır?

- Parklanmanın düzgün idarəedilməsi küçələrin daha effektiv, rahat və təhlükəsiz olmasına, həmçinin yerli biznes sahiblərinə, sakinlərə, piyadalara və bütün növ nəqliyyat vasitəsi sahiblərinə şəhərin ərazisindən səmərəli istifadə etməyə imkan yaradır. Parklanmanın idarə olunması, nəqliyyat vasitələrinin nizamlı parklanmasını təmin etməklə yanaşı, şəhərin əlçatanlığının və ümumilikdə dayanıqlı şəhər mobilliyinin inkişafına təkan verir.

Bakı şəhərində parklanma tələbi xüsusilə yüksək olan bir neçə ərazidə aparılan təhlillər göstərib ki, ərazilərə şəxsi avtomobillə gələn sürücülərin 70-80 faizinin qısamüddətli yəni 1-2 saatlıq parklanma ehtiyacları olduğu halda onlar parklanma yerləri tapmaqda çətinlik çəkirdilər. Bunun əsas səbəbi uzun müddət, yəni 4 və daha çox saat parklanmış nəqliyyat vasitələri idi. Parklanmanın tənzimlənməsi bu davranışın dəyişməsini stimullaşdırıb. Müşahidələr göstərir ki, hazırda Bakıda günün istənilən saatında nəqliyyatın ən sıx olduğu mərkəz hissədə belə sürücülər parklanma üçün yer tapa bilirlər.

Parklanma ilə bağlı Nazirlər Kabinetinin müvafiq qərarı hansı parklanma yerlərinə şamil olunur? Ümumiyyətlə parklanma yeri dedikdə, nə nəzərdə tutulur?

- “Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği”nin təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 25 iyun 2023-cü il tarixli 213 nömrəli Qərarı dövlət avtomobil yollarında təşkil edilmiş parklanma yerlərinə şamil edilir və bu Qərarla Bakı, Sumqayıt və Gəncə şəhərlərinin inzibati əraziləri müvafiq parklanma zonalarına bölünüb və hər zona üçün ödənişin qiyməti müəyyən olunub.

Parklanma yeri dedikdə isə yaşayış məntəqələrinin hüdudlarında avtomobil yollarının hərəkət hissəsində və ona bitişik hissədə nəqliyyat vasitələrinin durması üçün ayrılmış, işarələnmiş və təchiz edilmiş yer nəzərdə tutulur.

Bu baxımdan AYNA tərəfindən Bakı şəhərinin inzibati ərazisində dövlət avtomobil yollarında təhlillər aparılıb, parklanma üsulu göstərilməklə, müvafiq nişanlar quraşdırılmaqla və nişanlanma xətləri ilə işarələnməklə parklanma məntəqələri təşkil olunub. Onu da qeyd edim ki, iş planına uyğun olaraq parklanma yerlərinin təşkili işi davam etdirilir.

Ödənişli parklanma zonaları şəhər üzrə müəyyənləşdirilir?

- Ödənişli parklanma yalnız parklanmanın sıxlığa səbəb olduğu və əlçatanlığın təmin edilmədiyi ərazilərdə tətbiq edilir. Şəhərin hansısa hissəsində parkinqə olan tələbat azdırsa, bu ərazidə qiymət tənzimlənməsi tətbiq edilmir.

Nazirlər Kabinetinin “Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği”nin təsdiq edilməsi haqqında qərarına əsasən, Bakı şəhəri üzrə mərkəz və 4 parklanma zonası müəyyən edilib və ödənişlər hər zonaya uyğun tətbiq edilir. “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqlarının ərazisi istisna olmaqla, Bakı şəhərinin mərkəzində parklanmanın 1 saatı 1 manat, digər zonalarda müvafiq olaraq 1 saatı 70, 40, 30 qəpik məbləğində müəyyən edilib. Parklanma üçün qanunsuz pul yığımının qarşısının alınması, rəqəmsallaşmanın və istifadə rahatlığının təmin edilməsi məqsədilə ödənişlərin yalnız nağdsız qaydada həyata keçirilir.

Bəs, vətəndaşlar hansı hallarda parklanmadan ödənişsiz istifadə edə bilərlər?

- “Yol hərəkəti haqqında” Qanunun 53-cü maddəsinə əsasən, ödənişli parklanma yerlərində nəqliyyat vasitələrinin 15 dəqiqəyədək parklanması üçün ödəniş tələb olunmur. “Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği”nin təsdiqlənməsi haqqında Nazirlər Kabinetinin 25 iyun 2023-cü il qərarı dövlət avtomobil yollarında təşkil olunmuş parklanma yerlərinə şamil edilir. Nəqliyyat vasitələrinin parklanması üçün saat 22:00-dan saat 07:00-a qədər, eləcə də həftənin bazar günləri ödəniş tələb olunmur.

Bir daha xatırladım ki, şəhərin parkinqə tələbatın az olduğu ərazisində qiymət tənzimlənməsi tətbiq edilmir. 4-cü zonada müvafiq infrastruktur qurulsa da, vətəndaşlarımız avtomobillərini pulsuz park edə bilərlər.

Təşkil edilmiş parklanma yerindən hər iki istiqamətdə yolun hər iki kənarı boyu 100 metr məsafədə yerləşən ev və ya binalarda qeydiyyatı olan sakinlər fərdi parklanma talonu alaraq avtomobillərini onlar üçün ayrılan yerdə ödənişsiz saxlaya bilərlər. Eyni zamanda bu imkanlardan yararlanmaq üçün xarici vətəndaşlar da müvəqqəti qeydiyyat ünvanı üzrə müraciət etmək hüququna malikdirlər. Qanunvericiliyə əsasən, ödənişli parklanma ilə bağlı iş yerlərinə münasibətdə və digər hallarda imtiyazlar nəzərdə tutulmayıb.

Parklanma məntəqəsinə daxil olan avtomobil sürücüsünün mütləq qaydada həyata keçirdiyi prosedurlar var. Bu prosesi reallaşdırmaq üçün sürücüyə hər hansı bir dəstək göstərilirmi?

- İlkin mərhələdə müvafiq əməkdaşlar və könüllülər sürücülərə yeni sistemdən istifadə qaydalarını izah edirdilər. Maarifləndirməni aparan əməkdaşları hazırda da parklanma məntəqələrində görmək mümkündür. Ərazilərdə monitorinq aparmaqla onlar vətəndaşlarımıza parklanma qaydaları, ödəniş üsulları barədə də məlumat verirlər.

Bir məqamı xüsusilə vurğulamaq istərdim. Parklanmaya nəzarət edən xüsusi ayrılmış əməkdaşların hər məntəqədə olması mütləq və məcburi deyil. Məntəqələrdə parklanmanın və ödənişlərin həyata keçirməsi qaydalarını əks etdirən lövhələr quraşdırılıb. Sürücülər məlumat lövhələrindəki informasiya uyğun olaraq parklanma prosesini reallaşdıra bilərlər. Eyni zamanda, bütün lövhələrdə və mobil tətbiqdə AYNA-nın “141” Çağrı Mərkəzinin nömrəsi qeyd edilib. Parklanma ilə bağlı vətəndaşlar yaranan suallarla və üzləşdiyi çətinliklərlə bağlı AYNA-ya müraciət edə bilərlər. Çağrı Mərkəzi və agentliyin bütün sosial şəbəkə platformaları üzərindən müraciət etmək mümkündür.

Bəlkə, parklanma üsullarını bir daha xatırladasınız?

- Parklanmaya görə ödənişin həyata keçirilməsi qaydalarına əsasən, sürücü avtomobili parklanma məntəqəsində park etdiyi zaman dərhal vaxtı açmalı və avtomobil məntəqəni tərk etdikdə sonlandırmalıdır. Bu prosesin düzgün reallaşdırmamasına görə məsuliyyət bilavasitə sürücünün üzərindədir.

Ödənişləri həyata keçirmək üçün isə sürücülərə 2 müxtəlif üsul təqdim olunur: “AzParking” mobil tətbiqi və sms vasitəsilə. Ən asan yolu mobil tətbiqi “App Store” və “Google Play”dən yükləməkdir. Avtomobili park etdikdən dərhal sonra sürücülər mobil tətbiqi açmalı və parklanmanın başladığını təsdiq etməlidirlər.

SMS vasitəsilə ödəniş etmək istəyənlər isə parklanma başladıqda avtomobilin dövlət qeydiyyat nişanı və parklanma məntəqəsinin nömrəsini “1181” qısa nömrəsinə göndərməlidirlər.

Qeyd edək ki, SMS vasitəsilə ödəniş zamanı bizdən asılı olmayan səbəblərdən gecikmələr müşahidə olunduğundan biz mobil tətbiqdən istifadəni tövsiyə edirik.

Parklanma yerlərinin təşkili qanunamüvafiq qaydada həyata keçirilir və əlilliyi olan şəxslər də mütləq qaydada nəzər alınır. Parklanma məntəqələrində fiziki imkanları məhdud sürücülərin avtomobilləri üçün qanuna uyğun olaraq xüsusi yerlər ayrılıb və müvafiq yol nişanları ilə təchiz edilib. “AzParking” mobil tətbiqində onlar üçün nəzərdə tutulan yerlər də xüsusi rənglə göstərilir.

Ödənişli küçə parklanma yerlərindən istifadəyə görə ödəniş edilməməsi inzibati məsuliyyət yaradan haldır. İnzibati Xətalar Məcəlləsinin 346-1.1 maddəsinə əsasən bu cür xətaya yol verən sürücülər 20 manat məbləğində cərimə olunur. Əlillərin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş parklanma yerlərində digər nəqliyyat vasitələri saxlayanlar isə 60 manat məbləğində cərimələnirlər.

Küçə parklanma yerlərindən istifadəyə görə sürücülərdən nağd şəkildə hər hansı bir ödəniş tələb oluna bilməz. Sürücülərə qanunsuz ödənişlər etməməyi tövsiyə edirik. Sürücülərdən parklanma adı ilə nağd pul tələb edilməsi tam qanunsuzdur.

Yeri gəlmişkən, parklanmanın idarə edilməsindən öncə qanunsuz parklanmalarda yüzlərlə vətəndaş günəmuzd da olsa pul qazanırdı. Yeni qaydalar qüvvəyə minəndən sonra da bəzi şəxslər qanunsuz olaraq vətəndaşlardan pul yığır. Bu hallarda nə etməli?

- Bir daha qeyd edim ki, parklanma sahəsində nizam-intizamın yaradılması, qanunsuz pul yığımının qarşısını almaqla maliyyə şəffaflığının təmin olunması məqsədilə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilir. Küçə parklanma yerlərindən istifadəyə görə sürücülərdən nağd şəkildə hər hansı bir ödəniş tələb oluna bilməz. Sürücülərdən parklanma adı ilə nağd pul tələb edilməsi tam qanunsuzdur. Dövlət avtomobil yollarında səlahiyyəti olmayan şəxslər tərəfindən parklanma yerlərinin təşkili, parklanma xidmətinin göstərilməsi, yaxud həmin xidmətlə bağlı ödənişin tələb edilməsinə görə cərimə müəyyən olunub.

Qanunvericiliyə edilən dəyişikliklərə əsasən, fiziki şəxslər 100 manatdan 200 manatadək, vəzifəli şəxslər 300 manatdan 500 manatadək məbləğdə cərimə edilir. Bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda 15 günədək müddətə inzibati həbs tətbiq olunur. Hüquqi şəxslər 1500 manatdan 2500 manatadək məbləğdə cərimə edilir.

Vətəndaşlarımız qanunsuz pul tələbi ilə rastlaşdığı təqdirdə mütləq qaydada hüquq-mühafizə orqanlarına müraciət etməlidirlər.

Cəmiyyətdə maraq doğuran daha bir sual parklanmadan daxil olan vəsaitin xərclənməsidir. Vəsaitlər hara xərclənir?

- Parklanmadan daxil olan vəsaitin xərclənməsi istiqamətləri Prezident İlham Əliyevin 2023-cü il 29 iyul tarixli “Nəqliyyat vasitələrinin ödənişli parklanmasından daxil olan vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında Fərmanı ilə müəyyən olunub.

Parklanma yerlərinin idarə olunması və saxlanılması, parklanma ilə əlaqədar yol infrastrukturu xərclərinin ödənilməsi, parklanma ilə əlaqədar tətbiqlərin yaradılması, xüsusi texniki vasitələrin alınması və onların saxlanılması, yol hərəkətinin təşkilinin texniki vasitələrinin tətbiqi parklanmadan daxil olan vəsaitin xərclənmə istiqamətlərinə daxildir. Həmçinin qaydaya əsasən həmin vəsaitdən ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitələri ilə müntəzəm sərnişindaşıma və ona aid infrastrukturun inkişaf etdirilməsi istiqaməti üzrə də istifadə edilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh