Azərbaycan aviasiyasının Qroznı müəmması – YAXIN TARİX - FOTO
Azərbaycana məxsus təyyarənin Qroznı yaxınlığında HHM sistemləri vasitəsi ilə vurulması dünya mediasının gündəmindən düşmür. Bu hadisə bir anda dünyanın diqqətini Azərbaycana yönəltdi.
Avropa mediası 3 məqamı xüsusi vurğulayırdı: Azərbaycan rəhbərliyinin qətiyyətli davranışı, təyyarənin vurulması və uçuş heyətinin peşəkarlığı. Bu məsələlərin hər biri barədə istər yerli, istərsə də xarici KİV-də gen-bol danışılıb. Lakin, tarixə nəzər salsaq azərbaycanlı pilotların Qroznıda daha əvvəl də çətinliklərlə üzləşdiyinin şahidi olarıq. Bu mövzuda isə ümumiyyətlə danışan olmayıb.
Avtosfer.az xəbər verir ki, Azərbaycan təyyarəsinin Qroznıda qəzaya uğramasına dair ilk fakt 1945-ci ilə aiddir. Rusiya bazalarında yer alan, üzərindən məxfilik qrifi götürülmüş sənədlərə görə, “Aeroflot”un Azərbaycan bölməsinin pilotları Douglas C-47 təyyarəsi ilə yanvarın 22-də saat 09.20-də Bakı aeoportundan havaya qalxırlar.
Pilotlar Bakı-Kumtorqala-Qroznı-Simferopol xüsusi reysini icra etməli idilər. 3 sərnişin və 2 ton yüklə havaya qalxan təyyarə 11.05-də Maxaçqalanın Kumtorqala aerodromuna enir. Burada sərnişinlərdən biri düşür, 11.10-da təyyarə Qroznı istiqamətində havaya qalxır. Burada yükün bir hissəsi boşaldılaraq yeni yük qəbul olunmalı idi. 5 dəqiqə sonra pilotlar havaya qalxdıqları və uçuşun normal getdiyi barədə Bakıya məlumat verirlər.
Bundan sonra təyyarə ilə rabitə əlaqəsi kəsilir, ən geci 1 saata Qroznıya çatmalı olan təyyarə təyinat nöqtəsinə gedib çıxmır.
Yanvarın 25-də təyyarənin qalıqları Tersk dağlarında tapılır. Ağır yaralı olan rabitəçi xəstəxanaya aparılsa da, 2 gün sonra ölür. Qalan ekipaj və sərnişin isə artıq hadisə yerində ölmüşdü.
Şahid ifadələrinə görə saat 11.37-də Qudermes dəmir yolunu mühafizə edən əsgər təyyarənin təxminən 100 metr yüksəklikdə Qroznıya doğru uçduğunu bildirib. 1 dəqiqə sonra isə qəza baş verib.
Həmin gün Qroznıda 10 ballıq duman olub. Lakin rabitə sistemi işləmədiyi üçün pilot havanı soruşa bilməyib. Eyni zamanda, aeroportun pelenqatoru da nasaz olub.
Pilot ərazini yaxşı tanıdğı üçün təxminən 100 metr yüksəklikdə vizual uçuş etmək istəyib və orientir kimi Qudermes-Qroznı dəmir yolunu seçmək istəyib. Lakin o, səhvən Qudermes-Mozdok dəmir yolunu götürüb və sonradan səhvini anlayaraq geri qayıtmaq istəyib. Sola dönüb geri qayıdan təyyarə dönmə yerindən 4 km aralıda 280 metr yüksəklikdə dağa çırpılıb. Hadisə nəticəsində 6 nəfər həyarını itirib. SSRİ-nin çətin vaxtında ABŞ-dan alınmış bahalı təyyarə də itirildi. Maşın cəmi 3 ay əvvəl istehsal olunmuşdu.
Azərbaycana məxsus təyyarənin Qroznıda ikinci qəzası 9 oktyabr 1962-ci ildə baş verib. Qroznı aeroportuna enən İl-14 təyyarəsi uçuş zolağında 800 metr getdikdən sonra zolaqdan çıxaraq su kanalına düşüb. Maşın ciddi zədələnsə də, uçuş heyəti arasında tələfat olmayıb.
Vüqar Yaşaroğlu