Azərbaycan-Türkiyə müttəfiqliyi əbədi və sarsılmazdır

Gündəm 16 Sentyabr 2014 00:52 Oxunub 1476
Azərbaycan-Türkiyə müttəfiqliyi əbədi və sarsılmazdır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
96 il əvvəl Bakı şəhəri erməni-bolşevik işgalından azad edildi

Dünya təcrübəsində tarixi-etnik köklərlə, eyni dil qrupu, ənənə və dəyərlərlə bir-birinə yaxın olan xalqların vahid ideya birliyi və həmrəyliyi ilə bağlı çoxsaylı nümunələr gətirmək mümkündür. Bu baxımdan Azərbaycan və Türkiyə xalqları arasında dil, din, mədəniyyət, mənəvi dəyərlər baxımından yaxınlıq, eyni zamanda ortaq tarixə malik olmaları  əlaqələrin inkişafına təsir göstərən mühüm amillərdən biridir. Tarixin ən çətin sınaqları ilə üz-üzə gələndə də bu iki qardaş xalqlar bir-birlərinə kömək əllərini uzatmışlar.

1918-ci ilin mayında Azərbaycanın dövlət müstəqilliyinin elan olunmasına baxmayaraq, respublika ərazisinin müəyyən hissəsi, o cümlədən Bakı və ətraf rayonlar erməni-bolşevik birləşmələrinin nəzarəti altında idi. Birinci Dünya müharibəsindən, habelə Rusiyada baş vermiş 1917-ci il fevral və oktyabr çevrilişlərindən istifadə edən ermənilər mənfur iddialarını bolşevik bayrağı altında reallaşdırmağa nail olmuş, Azərbaycanın bəzi bölgələrini, o cümlədən Bakını işğal etmişdilər. Bu isə yeni yaranmış Cümhuriyyətin tam müstəqilliyinə imkan vermir, onun fəaliyyətini məhdudlaşdırırdı. Müstəqilliyə yeni qovuşmuş, beynəlxalq aləmdə hələ tanınmayan gənc dövlətin özünün ərazi bütövlüyünü təmin etmək və daxildəki erməni-bolşevik birləşmələrini zərərsizləşdirmək imkanları hələ yetərincə deyildi.

Azərbaycan Xalq Cümhuriyyəti daxildə vəziyyəti sabitləşdirmək, respublikanın bəzi bölgələrini, o cümlədən Bakını erməni-bolşevik işğalından təmizləmək üçün qardaş Osmanlı Türkiyəsinin hərbisiyasi dəstəyinə ehtiyac duyurdu. 1918-ci iyunun 4-də imzalanmış «Osmanlı imperatorluğu hökuməti ilə Azərbaycan Respublikası arasında dostluq müqaviləsi» isə bu baxımdan xüsusi əhəmiyyət daşıyırdı. 11 maddədən ibarət müqavilənin mühüm əhəmiyyətə malik 4-cü maddəsində «Dinclik və asayişi möhkəmləndirmək, ölkənin təhlükəsizliyinin təmini üçün əgər zərurət olarsa Osmanlı hökuməti Azərbaycan Respublikasına hərbi yardım göstərməyi öz üzərinə götürür» müddəasının əksini tapması qardaş ölkənin Azərbaycana hərbi dəstəyinə imkan yaradırdı. 

Avqustun 25-dən sentyabrın 13-nə qədər davam edən döyüşlərdə Qafqaz İslam Ordusu böyük uğurlar qazanaraq Bakıya yaxınlaşdı. Sentyabrın 14-də  Qafqaz İslam Ordusunun komandanı Nuru paşa Bakı şəhərinə hücumu başa çatdırmaq üçün 100 saylı əmri imzaladı. Bakı üzərinə hücumu uğurla başa çatdırmaq üçün Qafqaz İslam Ordusunun əsgər və zabitlərinin sayı 14 minə çatdırıldı. Bunların 8 mini osmanlı, 6 mini isə azərbaycanlı əsgər və zabit idi. Sentyabrın 15-də döyüşlər səhər başladı. Bütün qüvvələrin əsas vəzifəsi kimi Bakının ələ keçirilməsi müəyyənləşdirildi. Səhər saatlarında bütün istiqamətlərdə başlanan hücum öz uğurlu nəticəsini verdi. Qaraşəhər, Ermənikənd və Əhmədli istiqamətində düşmənin hücumu qətiyyətlə dəf edildi. Qafqaz İslam Ordusunun qarşısının alınmasının qeyri-mümkünlüyünü görən "Sentrokaspi" rəhbərliyi danışıqlara başlamağı qərara aldı. "Sentrokaspi" ordusunun qərb cəbhəsinin komandanı üzərində ağ bayraq asılan avtomobillə 5-ci diviziyanın qərargahına yaxınlaşdı. Beşinci diviziyanın qərargahına danışıqlara gələn "Sentrokaspi" rəhbərliyinə aşağıdakı şərtlər diktə edildi: şəhərin qeyd-şərtsiz təslim edilməsi; şəhərdəki düşmən qüvvələrin təslim edilməsi; top və silahların, binaların və digər obyektlərin təslim edilməsi; Nargin adasında olan türk, alman və Avstriya əsirlərinin azad edilməsi; silah anbarlarının, ərzağın, avtomobillərin, yük maşınlarının, zirehli avtomobillərin, təyyarələrin və digər hərbi mülkiyyətin təslim edilməsi. Bu şərtlərin qəbul edilməsi ilə yanaşı əhalini sakitliyə çağıran, onların həyatları və mülklərinin təhlükəsizliyi üçün xüsusi bəyanat hazırlanaraq "Sentrokaspi" nümayəndə heyətinə verildi. Ümumiyyətlə, Qafqaz İslam Ordusu iyunun ortalarından sentyabrın 15-nə kimi Azərbaycanın azadlığı uğrunda döyüşlərdə 4 mindən çox əsgər və zabit şəhid vermişdi. Bu döyüşlərdə Azərbaycan könüllü dəstələrinin də itkiləri çox idi. Beləliklə, sentyabrın 15-i Bakı şəhəri bütünlüklə Qafqaz İslam Ordusunun nəzarəti altına keçdi. 

 Bakıya daxil olan türk ordusunun komandanları Nuru paşa, Xəlil paşa, Mürsəl paşa və başqaları Hacı Zeynalabdin Tağıyevin dəvətini qəbul edərək onun evində qaldı. Qoşunların Bakıya gəlib bu şəhəri azad edəcəyi təqdirdə ikimərtəbəli böyük malikanəsini (indiki Azərbaycan Tarix Muzeyi) türk qoşunları komandanlığına bəxşiş edəcəyini vəd edən Tağıyev sözünə sahib çıxdı. O öz mülkünü türk qoşunlarının komandanlığının istifadəsinə verdi. Bakının azad edilməsindən bir neçə gün sonra Qafqaz İslam Ordusu Qarabağ bölgəsində erməni-daşnak qüvvələrinin Azərbaycan xalqına qarşı həyata keçirdiyi qırğınların qarşısını almaq üçün ora köməyə yollandı. Qafqaz İslam Ordusunun bir hissəsi isə Dağıstan istiqamətində xilaskarlıq yürüşünü davam etdirməyə başladı... 1919-cu ilin sentyabrında indiki Şəhidlər xiyabanında türk şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi üçün möhtəşəm bir abidənin özülü qoyuldu. Təəssüf ki, 1920-ci ilin bolşevik çevrilişi bütün şəhidlərə ümumxalq məhəbbətinin və minnətdarlığının simvoluna çevrilməli olan bu abidənin tikintisinin başa çatmasına imkan vermədi. Yalnız ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonra Qafqaz İslam Ordusunun xilaskarlıq yürüşləri ilə bağlı mətbuatda yazılar görünməyə başladı. Qafqaz İslam Ordusunun tarixi xidmətləri nəzərə alınaraq 1999-cu ildə onun şərəfinə Şəhidlər xiyabanında möhtəşəm bir abidə ucaldıldı. 

Bu tarixi qələbədən sonra Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı sentyabrın 17-də Gəncədən Bakıya köçürülmüş, Azərbaycanda dövlət quruculuğuna start verilmiş, bir neçə ay sonra isə parlamentə demokratik qaydada seçkilər keçirilmişdir. Bütün bunlar təsdiqləyir ki, hələ 1918-ci ildə məhz Türkiyənin dəstəyi, bilavasitə iştirakı ilə Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü təmin olunmuş, bolşeviklərin, daşnakların Bakı və ətraf rayonlarda ağalığına son qoyulmuşdur. 70 illik sovet hakimiyyəti illərində bu hadisə yanlış kontekstdə izah olunsa da, Azərbaycan xalqı türk əsgərinin qəhrəmanlığını heç vaxt unutmamış, onu qəlbində yaşatmışdır. Bakının erməni-bolşevik işğalından azad edilməsi XX əsr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biri kimi daim ehtiramla xatırlanır.

1918-ci il sentyabrın 15-də Bakının azad olunması Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı zəminində müstəsna əhəmiyyət daşıyan hadisəyə çevrildi. 70 illik sovet hakimiyyəti dövründə bu hadisə yanlış kontekstdə izah olunmasına baxmayaraq Azərbaycan xalqı türk əsgərinin qəhrəmanlığını unutmadı, onu qəlbində yaşatdı. Respublikamız ötən əsrin sonlarında müstəqilliyini bərpa etdikdən sonra hər il sentyabrın 15-də təkcə Bakıda deyil, digər rayonlarda da Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş türk əsgərlərinin məzarları ziyarət olunur. 

Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra Türkiyə ilə münasibətləri tarixi təməl üzərində sürətlə inkişaf etmişdir. İki ölkə arasında münasibətlərin əlahiddə xarakteri həm də onunla şərtlənir ki, qardaş Türkiyə Azərbaycanın dövlət müstəqilliyini ilk tanıyan, kifayət qədər çətin və mürəkkəb şəraitdə belə bir qərar qəbul edən ölkə olmuşdur. İki dost ölkə arasında strateji müttəfiqlik münasibətləri ötən müddətdə ən yüksək pilləyə yüksəlmiş, əbədi və dönməz xarakter almışdır. 

Bu gün Azərbaycan-Türkiyə münasibətləri tamamilə fərqli, analoqu olmayan strateji müttəfiqlik səviyyəsinə yüksəlmişdir. Türkiyə dövləti də yaxşı başa düşür ki, onun Cənubi Qafqaz regionunda ən etibarlı, sınanılmış müttəfiqi məhz Azərbaycandır. Eyni zamanda Azərbaycan iqtidarı da bu dostluq və qardaşlıq münasibətlərinin yüksələn xətlə inkişafı üçün bütün zəruri tədbirləri görür. 

Strateji müttəfiq ölkələr müxtəlif beynəlxalq təşkilatlarda bir-birinin mövqeyini dəstəkləyir, ortaq maraqlardan çıxış edirlər. 2005-ci ilin iyulundan başlayaraq Azərbaycanla Türkiyə münasibətlərində «ikinci nəfəs» açılmışdır. Azərbaycan Prezidenti İlham Əliyev Şimali Kiprlə iqtisadi əlaqələrin qurulmasına siyasi razılıq verməklə, iki ölkə arasındakı münasibətlərdə yeni mərhələnin əsasını qoymuşdur. Bu, Türkiyə üçün əsl hədiyyə, Kipr türkləri üçün isə iqtisadi diplomatiya sahəsində mühüm nailiyyət olmuşdur. Azərbaycan bir tərəfdən BMT-nin Baş Katibinin çağırışına uyğun hərəkət edərək beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirmiş, o biri tərəfdən Türkiyə qarşısında qardaşlıq borcunu yerinə yetirmişdir. Rəsmi Bakı bu məsələyə BMT mövqeyindən yanaşmaqla, münaqişəsinin həllində də məhz BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və beynəlxalq hüquqa istinad edilməsinin zəruriliyini dolayısı ilə önə çəkmişdir. Bu həm Şimali Kiprin, həm də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın xeyrinə olan məqam idi. Eyni zamanda rəsmi Bakı 2010-cu ildə qondarma «erməni soyqırımı»nın ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində tanınması, habelə İsrail hərbi dəniz qüvvələrinin «Azadlıq» donanmasına hücumu məsələlərində Türkiyənin haqlı mövqeyini müdafiə etmişdir.   

Bütün bunların müqabilində qardaş Türkiyə də regionda güvənməli həqiqi müttəfiqinin məhz Azərbaycan olduğunu yaxşı bilir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimindən bir həftə keçməmiş ölkəmizə rəsmi səfəri də iki ölkə arasında əməkdaşlığın bütün sahələr üzrə uğurla inkişaf etdiyini bir daha təsdiq etdi. Səfərin gedişində bir daha təsdiqləndi ki, ölkələrimiz arasında əlaqələr tarixi-siyasi zəmin üzərində inkişaf etməklə, bütövlükdə regionun siyasi taleyinin və gələcək inkişaf perspektivlərinin müəyyənləşməsində mühüm rol oynayır. Birmənalı demək olar ki, bu gün bölgədə Türkiyə və Azərbaycanın iştirakı olmadan hər hansı layihəni gerçəkləşdirmək mümkün deyildir. Cənubi Qafqaz kimi mürəkkəb geosiyasi məkanda təhlükəsizlik problemlərinin birgə həlli, sülh, sabitlik və iqtisadi inkişafın təmin olunması zərurəti iki türkdilli dövləti daha da sıx birləşməyə sövq edir. 

 

Baba TAĞIYEV,

«İrəli Azərbaycan» İctimai Birliyinin Sədri

ŞƏRH YAZ
Ad

E-mail

Şərh