Azərbaycanda ictimai nəqliyyat üzrə ən yaxşı şəhərin adı məlum olub

Azərbaycanda ictimai nəqliyyata rahat çıxışı olan əhalinin xüsusi çəkisinə görə şəhərlərin adları məlum olub. Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, Şəki şəhəri 89 faiz nəticə ilə birincidir. Mingəçevir şəhəri 84 faiz nəticə ilə ikincidir. Gəncə şəhəri 83 faiz nəticə ilə üçüncüdür. İctimai nəqliyyata rahat çıxışı olan əhalinin xüsusi çəkisi Bakıda 80 faiz, Sumqayıtda 50 faiz, Şirvanda 66 faiz, Lənkəranda 76 faiz, Yevlaxda isə 36 faiz təşkil edib. 2020-ci ilin rəqəmlərinə görə, postsovet ölkələrində bu göstəricinin ən yüksək olduğu şəhər 90.02 faiz nəticə ilə Sankt-Peterburqdur. Moskvada ictimai nəqliyyata çıxışı olan əhalinin çəkisi 85.3 faiz təşkil edir. Bu göstərici ictimai nəqliyyata rahat çıxışı olan əhalinin sayının ümumi əhali sayına nisbətinin 100-ə vurulması ilə hesablanır. İctimai nəqliyyata rahat çıxış dedikdə ev, məktəb, iş yeri, bazar və digər gündəlik istifadə olunan məkanlarla ictimai nəqliyyat (avtobus, tramvay, trolleybus) dayanacaqları arasındakı məsafə 500 metrdən çox olmamalıdır.













