Azərbaycanda III ixtisas qrupu ləğv olunur?

Bu il qəbul imtahanlarının ikinci mərhələsinin 1-ci cəhdi üçün ixtisas qrupları üzrə statistikaya nəzər salanda görünür ki, 3-cü ixtisas qrupu üzrə iştirakçı sayı ötən ilə nisbətən xeyli azdır. Təhsil ictimaiyyəti isə bu ixtisas qrupunun getdikcə aktuallığını itirdiyi və plan yerlərinin boş qalacağını müzakirə edir. Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı təhsil eksperti Elmin Nuri Trend-ə açıqlamasında bildirib: Süni intellekt dövründə İT texnologiyalarının sürətlə inkişaf etdiyi bir mərhələdə bəzi ixtisasların mövcudluğunu qoruyub saxlaması üçün mütləq şəkildə transformasiya və ya reformasiya keçməsi zəruridir.
Onun sözlərinə görə, bir sıra ixtisaslar gələcəkdə ya aktuallığını zəiflədəcək, ya da tamamilə sıradan çıxacaq:
"Bəzi ixtisaslar isə hətta bu cür dəyişikliklər hesabına belə öz mövcudluğunu qorumaqda çətinlik çəkir. Üçüncü ixtisas qrupu bir neçə profilli istiqamətləri özündə birləşdirir. Kəmiyyət baxımından ən geniş yer tutan profil pedaqoji ixtisaslardır. Bu qrupa Azərbaycan dili və ədəbiyyatı, tarix, ingilis dili, ibtidai sinif müəllimliyi, məktəbəqədər təhsil və digər ixtisaslar daxildir. Digər istiqamət elmi-humanitar profildir ki, buraya filologiya, pedaqogika və s. aiddir. Növbəti profil hüquqşünaslıq və dövlət idarəetməsi sahələrini əhatə edir. TC alt qrupunda regionşünaslıq praktikliyi ilə seçilir. Bundan əlavə, sosial iş və tərcümə sahələri də bu qrupa daxildir.
Zaman göstərir ki, bu ixtisasların bir çoxu, xüsusilə yaradıcı və kulturoloji istiqamətli profillər, getdikcə aktuallığını və faydalılığını itirir. Məsələn, mədəniyyətşünaslıq, kitabxanaçılıq, muzey işi, arxiv işi, teatrşünaslıq kimi ixtisaslar daha çox nəzəri və konseptual xarakter daşıdığından onların gələcəyi müəyyən mənada sual altındadır.
Bu ixtisaslar ya praktik yönümlülüyünü artırmalı, əmək bazarındakı tələbatı gücləndirməli, ya da mövcud vəziyyətlə üzləşməlidir. Məhz bu amillər nəzərə alınaraq üçüncü ixtisas qrupu üzrə plan yerlərinin tədricən azaldığı müşahidə olunur. Maraqlı məqam ondan ibarətdir ki, bu azalma daha çox pedaqoji profilli ixtisasları əhatə edir".
Ekspert məsələnin səbəblərinə də aydınlıq gətirib. O qeyd edib ki, bunun əsas səbəbi uzun illər ərzində universitetlərdə həddindən artıq pedaqoji kadr hazırlanması və nəticədə əmək bazarında balansın pozulmasıdır:
"Üstəlik, pedaqoji uyğunluq qaydalarına əsasən, pedaqoji ixtisas bitirməyən şəxslərin də müəllim kimi fəaliyyət göstərməsi mümkün olduğundan, bu sahədə əlavə qarışıqlıq yaranır. Məsələn, kimya ixtisasını bitirən şəxs də kimya müəllimi kimi işləyə bilir ki, bu da bazarda rəqabəti qeyri-taraz hala gətirir. Ümumilikdə, ixtisas seçimi plan yerlərindən asılıdır, plan yerləri isə əmək bazarının real ehtiyaclarını əks etdirir. Bu baxımdan bəzi ixtisaslar üzrə plan yerlərinin azaldılması zəruri hesab olunur".
Elmin Nuri vurğulayıb ki, bütün bunlara baxmayaraq bu ixtisas qrupunun tamamilə sıradan çıxacağını gözləmək olmaz:
"Bununla belə, üçüncü ixtisas qrupunun tam olaraq aktuallığını itirəcəyini düşünmürəm. Xüsusilə qadın abituriyentlər arasında bu ixtisaslara marağın yüksək olması həmin qrupun hələ uzun müddət öz aktuallığını qoruyacağını deməyə əsas verir".
Orta Dəhlizin inkişafı Azərbaycanın tranzit imkanlarını necə dəyişəcək? – AÇIQLAMA
Ölkənin nəqliyyat sistemi növbəti yağışlara necə hazırlaşmalıdır? - AÇIQLAMA
Gürcüstanda avtomobil rüsumları artırılır: Azərbaycan bazarına təsiri necə olacaq? - AÇIQLAMA
Təcili yardımın arxası ilə gedən sürücülərə DİN-dən XƏBƏRDARLIQ - VİDEO
Səkilərdə piyadaların maneəsiz hərəkəti necə təmin edilməlidir? – TƏKLİF
Bu yollarda tıxac var - Sürücülərin NƏZƏRİNƏ!
İlham Əliyev Gürcüstanın baş nazirinin müavinini qəbul edib - FOTO
“Bədr müqaviləsi” ABŞ-ın hərbi sənaye bazarındakı mövqelərini zəiflədə bilər – POLİTOLOQ
Prezident Özbəkistanla iki sənədi təsdiqlədi
Dumanlı havada bu işıqları yandırmaq təhlükəlidir – XƏBƏRDARLIQ
Dağ yollarında avtobuslara məhdudiyyət qoyulmalıdırmı? – EKSPERT AÇIQLADI












