Azərbaycanda insanları hər gün evdə və yolda öldürən iki “qatil” – Çıxış yolu nədir?

Son günlər dəm qazından zəhərlənmə və yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayında kəskin artım müşahidə olunur. Qazdan ehtiyatlı olmaqla bağlı mütəmadi çağırışlar edilir, nəzarət və yoxlamalar aparılır, həmçinin yollarda radarlar quraşdırılır, cərimələr artırılır, sürət hədləri azaldılır. Buna baxmayaraq, faciələrin qarşısını tam almaq mümkün olmur.
Bu problemlər necə həll edilməlidir?
Avtosfer.az-ın məlumatına görə, "Globalinfo"ya danışan nəqliyyat eksperti Elməddin Muradlı deyib ki, yol-nəqliyyat hadisələri ilə bağlı əsas narahatlıq doğuran məqam piyadaların iştirakı ilə baş verən qəzaların çoxluğudur.
“Rayon yollarında da yol-nəqliyyat hadisələrinin sayında artım müşahidə olunur və bunun əsas səbəbi sürət həddinin aşılmasıdır. Sürət nə qədər yüksək olarsa, qəzanın nəticələri də bir o qədər ağır olur. Dünyanın istənilən yerində qəza baş verə bilər. Lakin aşağı sürət zamanı bu qəzalar adətən yüngül xəsarətlərlə və ya maddi zərərlə nəticələnir. Təəssüf ki, ölkəmizdə sürücülər arasında sürətə maraq həddindən artıq yüksəkdir. Ona görə hətta kiçik qəzalar belə ölüm və ya ağır xəsarətlərə yol açır. Düşünürəm ki, sürət məsələsi ilə bağlı ciddi və qəti addımlar atılmalıdır”.

Elməddin Muradlı
Ekspertin fikrincə, sürətə nəzarət daha effektiv mexanizmlərlə həyata keçirilməlidir:
“Stasionar texniki vasitələrlə yanaşı, mobil radar və kameraların tətbiqi genişləndirilməlidir. Çünki sürücülər eyni yoldan bir neçə dəfə istifadə etdikdə stasionar radarların yerini əzbərləyir, ora yaxınlaşanda sürəti azaldır, keçdikdən sonra isə yenidən sürət həddini aşırlar. Bu isə real təhlükəsizliyi təmin etmir. Radarlar mobil olmalı və tez-tez yerləri dəyişdirilməlidir. Eyni zamanda, dronlar vasitəsilə ötmə və manevr qaydalarını pozan, eləcə də sürət həddini aşan sürücülərə nəzarət mümkündür. Bir çox ölkələrdə bu təcrübə artıq uğurla tətbiq olunur”.
Elməddin Muradlı vurğulayıb ki, sürətlə yanaşı, ötmə manevr qaydalarının pozulması da ciddi təhlükə yaradır:
“Qarşı zolağa çıxmaq, təhlükəli döngələrdə riskli manevrlər etmək yol-nəqliyyat hadisələrinin əsas səbəblərindəndir. Bu baxımdan qəza riski yüksək olan nöqtələr xüsusi nəzarət altında saxlanılmalıdır. Bəzi hallarda radar və kameralar təhlükəli ərazilərdən kənarda quraşdırılır, bu da real təhlükənin nəzarətsiz qalmasına səbəb olur. Texniki nəzarət vasitələri məhz riskli məntəqələrdə yerləşdirilməlidir. Ümumilikdə yol hərəkəti təhlükəsizliyi sahəsi ciddi və peşəkar yanaşma tələb edir. Burada savadsız və təcrübəsiz insanların fəaliyyəti gözlənilən nəticəni vermir.
Digər mühüm məsələ yolların işıqlandırılmasıdır. Statistikaya görə, ölümlə və ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisələrinin təxminən 50 faizi sutkanın toranlıq və qaranlıq vaxtlarında baş verir. Buna baxmayaraq, rayonlarda daxili yolların işıqlandırılması yarımçıq şəkildə həyata keçirilir, magistral yolların əksəriyyəti isə ümumiyyətlə işıqlandırılmır. Halbuki qəzalar məhz bu ərazilərdə baş verir. Şəhərdaxili yollarda isə gecə saat 12-dən sonra işıqların söndürülməsi praktikasına rast gəlinir. Amma həyat bu saatdan sonra dayanmır: insanlar işdən, restorandan və müxtəlif xidmət sahələrindən qayıdır, həmin saatlarında da yollardan istifadə edirlər”.
Müsahibimiz qeyd edib ki, bu məsələlərə bəzən insan amilinə deyil, yalnız maddiyyata önəm verilir:
“Az miqdarda büdcə qənaəti naminə işıqlar söndürülür, nəticədə isə insanlar həyatını itirir və ağır xəsarətlər alır. Halbuki insan itkisi dövlət üçün də ciddi iqtisadi zərər deməkdir. İşıqlandırmaya qənaət edərək cüzi maliyyə üstünlüyü əldə etmək, lakin bunun müqabilində insan həyatını riskə atmaq hansı məntiqə sığır? Yol təhlükəsizliyi sahəsində qəbul edilən qərarlar insan həyatını əsas prioritet kimi nəzərə almalıdır”.
Təhlükəsizlik məsələləri üzrə ekspert Rəşad Rzanın sözlərinə görə, dəm qazı ilə bağlı yaranan təhlükənin qarşısını almaq üçün maarifləndirmə işləri aparılmalıdır:

Rəşad Rza
“Həm mətbuatda, həm də aidiyyəti qurumlar tərəfindən ərazilərdə, evlərdə əyani maarifləndirmə işləri həyata keçirilməlidir. Bu proses birbaşa, canlı şəkildə aparılmalıdır. İkincisi, avadanlıqlar mütəmadi yoxlanılmalıdır. Xətlər və qurğuların vəziyyəti diqqətlə izlənilməli, istismar müddəti bitmiş avadanlıqlar dəyişdirilməlidir. Bu məsuliyyət həm dövlət, həm də vətəndaşların üzərinə düşür. Hər iki tərəf bu məsələyə diqqət yetirməlidir, çünki diqqətsizlik ölümlə nəticələnə bilər. Maarifləndirmənin gücləndirilməsi və avadanlıqların vaxtında yoxlanılması və dəyişdirilməsi həll olunsa, problemlər əhəmiyyətli dərəcədə azala bilər”.













