Reklam

Azərbaycanda təhsil haqları niyə artırılıb? – SƏBƏBLƏR - MÜTƏXƏSSİS RƏYİ

Gündəm 11 Sentyabr 2024 19:03 Oxunub 598
Azərbaycanda təhsil haqları niyə artırılıb? – SƏBƏBLƏR - MÜTƏXƏSSİS RƏYİ
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Ötən aylarda bəzi universitetlərdə bütün ixtisasların illik ödəniş qiymətləri ilə bağlı mətbuatda məlumat verildi, lakin bu mövzuda heç bir media orqanı araşdırma aparmadı ki, həmin universitetlər illik təhsilhaqqı məbləğini niyə qaldırıb. Kimsəyə maraqlı olmadı ki, hər il minlərlə abituriyent niyə Azərbaycan universitetlərində təhsil almaqdan imtina edir.

Azərbaycanda təhsil haqqını ödəməkdə çətinlik çəkən xeyli sayda tələbə var. Hətta buna görə son illərdə təhsil haqqını ödəyə bilməyən on minlərlə tələbə ali təhsilini müəyyən kursda ya yarımçıq qoyub, ya ödəyə bilmədiyi üçün ali təhsil almaqdan imtina edib, ya da ümumiyyətlə ali təhsilə başlamamağa məcbur olub. Ödənişli əsasla təhsil alan tələbərin narahatlığına səbəb olan artım 200-300 manat arasında dəyişir.

Avtosfer.az xəbər verir ki, ölkənin Baş naziri Əli Əsədovun sentyabrın 9-da ali məktəblərdə illik təhsil xərclərinin yeni miqdarı ilə bağlı imzaladığı qərarda görünür ki, ölkədəki universitetlərdə ödənişli əsaslarla təhsil almaq üçün vətəndaşların minimum 2100 manatı olmalıdır. 

ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin redaktoru Taleh Mirzəyev saytımıza açıqlamasında deyib ki, 2024-2025-ci tədris ilindən etibarən Azərbaycan Dövlət Pedaqoji Universitetində bakalavriat və magistratura səviyyələrində təhsil haqqı 300 AZN artırılıb və 2300 AZN təşkil edir.

“Magistratura səviyyəsi üzrə MBA proqramının ixtisaslaşmaları istisnadır. Bu ixtisaslaşmalar üzrə təhsil haqqında artım yoxdur və əvvəlki kimi 2500 AZN təşkil edir. Təhsil haqqının artmasının özünəməxsus obyektiv səbəbləri var. Belə ki, dəyişən sosial-iqtisadi tələblər, eləcə də təhsil xidmətlərinin xərclərinin artması, universitetdə təhsilin məzmununun yenilənməsi, yeni proqramlar üzrə kadr hazırlığına başlanılması və keyfiyyətin yüksəldilməsi, kadrların peşəkar səriştələrinin artırılması istiqamətində atılan ardıcıl addımlar və yenilənən infrastruktur və s. kimi amillər təhsil haqqının artırılması zərurətini yaradıb. Ümumiyyətlə, atılan bütün addımlar təhsilin keyfiyyətinin artırılmasına və tələbə məmnuniyyətinin yüksəldilməsinə yönəlib. Eləcə də, tələbələrimiz təhsil haqqını il ərzində iki hissəyə bölərək rahatlıqla ödəmək imkanına malikdirlər”.

Xaricdə bakalavr və master təhsilini başa vurmuş, hazırda ABŞ-də yaşayan gənc iqtisadçı Şamxal Bağışovun verdiyi məlumata görə, Azərbaycanda son illərdə təhsil xərclərinin kəskin artması narahatlıq doğurur. Türkiyə və İtaliyada təhsil keyfiyyəti ilə ödənişlər arasında müəyyən bir balans var. Lakin Azərbaycanda təhsil haqları dünya səviyyəsinə yaxınlaşsa da, tədris metodologiyaları və resurslar buna uyğunlaşmır. 

“Məsələn, Türkiyədə və İtaliyada təhsil alarkən müasir texnologiyalar, daha interaktiv tədris metodları və geniş beynəlxalq imkanlar təklif edilirdi. Azərbaycanda isə ödənişlərin artmasına baxmayaraq, tələbələr çox zaman köhnə sistemlə qarşılaşır. Tədrisin keyfiyyəti ilə ödənişlər arasındakı bu uyğunsuzluq gənclərin xarici ölkələrə üz tutmasına səbəb olur. Mütəxəssislər vurğulayır ki, təhsilə qoyulan investisiya yalnız maddi deyil, həm də tədrisin keyfiyyətinə yönəldilməlidir. Əgər Azərbaycanda təhsil sahəsində real islahatlar aparılmasa, xaricdə təhsil almağa üstünlük verən gənclərin sayı yalnız artacaq”.

Məsələ ilə əlaqədar suallarımızı cavablayan təhsil eksperti Kamran Əsədov redaksiyamıza açıqlamasında deyib ki, təhsil haqlarının hər il artırılmasının əsas səbəblərindən biri ölkədəki ümumi inflyasiya səviyyəsidir. Məktəblərin xərcləri (istilik, işıq, avadanlıq, texnologiya və s.) artdıqca, ali təhsil müəssisələri də xərclərini qarşılamaq üçün təhsil haqlarını artırmaq məcburiyyətində qalırlar.

“Azərbaycanda universitetlərin əksəriyyəti maliyyə cəhətdən müstəqildir. Yəni, onlar dövlətdən tam subsidiya almır və öz büdcələrini tələbələrdən toplanan təhsil haqları ilə maliyyələşdirirlər. Bu, təhsil haqlarının yüksəlməsinə səbəb olur, çünki universitetlər öz fəaliyyətlərini təmin etmək üçün tələbələrin ödənişlərindən asılı olurlar. Universitetlər tədris keyfiyyətini artırmaq, yeni avadanlıqlar almaq, beynəlxalq proqramlarla əməkdaşlıq etmək və təlimatçı heyəti inkişaf etdirmək üçün maliyyə vəsaiti tələb edir. Bu investisiyalar təhsil haqlarına təsir edir. Müasir dövrdə universitetlər daha çox texnologiya və rəqəmsal alətlərə sərmayə yatırmalıdırlar. Onlayn təhsil, laboratoriya təchizatı və tələbələrin təhsildə texnologiyadan geniş istifadə etməsi ali təhsil müəssisələrinin xərclərini artırır, bu isə təhsil haqlarının yüksəlməsinə səbəb ola bilər”.

Ekspert həmçinin vurğulayıb ki, dünya praktikasına nəzər salsaq, təhsil haqlarının müəyyən edilməsi bir çox amillərə bağlıdır və fərqli ölkələrdə fərqli yanaşmalar mövcuddur.

“Bir çox Avropa ölkəsində ali təhsil dövlətdən ciddi subsidiyalar alır. Məsələn, Almaniya, Finlandiya və Norveç kimi ölkələrdə ali təhsil ya tamamilə pulsuzdur, ya da çox az təhsil haqqı tələb olunur. Bu modeldə dövlət ali təhsil müəssisələrinin maliyyələşdirilməsində əsas rol oynayır və tələbələrin maddi yükünü azaldır. ABŞ və Böyük Britaniya kimi ölkələrdə tələbələr ali təhsillərini maliyyələşdirmək üçün geniş təhsil kreditlərindən istifadə edirlər. Təhsil haqları yüksək olsa da, dövlət və ya özəl sektor vasitəsilə verilən təhsil kreditləri tələbələrə dərsləri bitirdikdən sonra, işlədikləri dövrdə bu kreditləri qaytarmaq imkanı verir. Bu, tələbələrin təhsil zamanı maliyyə yükünü bir qədər azaltmağa kömək edir.

Yüksək təhsil haqları, lakin keyfiyyətli təhsil: Dünyanın inkişaf etmiş ölkələrində ali təhsil müəssisələri yüksək təhsil haqları tətbiq etsələr də, təhsilin keyfiyyəti yüksək olur və məzunlar iş bazarında uğur qazanır. Bu ölkələrdə ali təhsil müəssisələri beynəlxalq səviyyədə tanınmış proqramlar təklif edir, tələbələrə geniş təcrübə və resurslar təmin edir ki, bu da təhsil haqlarının yüksək olmasını qismən əsaslandırır.

Azərbaycanda isə təhsil haqları müxtəlif ixtisaslar üzrə dəyişir və bəzi ixtisaslar üçün tələb olunan ödənişlər nisbətən yüksəkdir. Tibb, hüquq, mühəndislik kimi ixtisaslar üzrə təhsil haqları adətən daha yüksəkdir. Bunun səbəbi, bu ixtisasların çox yüksək resurslar (laboratoriyalar, texniki avadanlıqlar, müasir tədris materialları) tələb etməsidir. Ancaq bu təhsil haqları ilə tədrisin keyfiyyəti hər zaman uyğun olmaya bilər. Bəzi hallarda tələbələrin ödədikləri məbləğ, aldıqları təhsilin keyfiyyəti ilə müvafiq olmur, bu isə narazılıq yaradır.

Azərbaycan iqtisadiyyatı və orta gəlir səviyyəsi ilə müqayisədə bəzi təhsil haqları yüksək hesab olunur. Bir çox tələbə ailəsi üçün ildə 2000-5000 manat arasında dəyişən təhsil haqları böyük maliyyə yükü yaradır. Bu vəziyyət tələbələrin və ailələrin təhsil krediti və ya əlavə dəstəyə ehtiyacı olduğunu göstərir.

Azərbaycanda ixtisaslar üzrə təhsil haqları bəzən ali təhsil müəssisələrinin tədris keyfiyyəti ilə uyğunluq təşkil etmir. Əgər təhsil haqları tələb olunur, bu, təhsil müəssisələrinin tələbələrə müasir avadanlıqlar, təcrübə proqramları, beynəlxalq əməkdaşlıq və yüksək səviyyəli müəllim heyəti təqdim etməsini gözləyir. Lakin bəzi universitetlərdə bu şərait yaradılmır, nəticədə tələbələr ödədikləri məbləğin əvəzini ala bilmirlər”.

Kamran Əsədov sonda onu da qeyd edib ki, Azərbaycanda universitetlərin təhsil haqlarının hər il artırılmasının əsas səbəbləri inflyasiya, ali təhsil müəssisələrinin maliyyə ehtiyacları və keyfiyyətin artırılması ilə bağlıdır, lakin tələbələrin maliyyə yükünü yüngülləşdirmək üçün əlavə tədbirlərin görülməsinə ehtiyac var.

Hülya

ŞƏRH YAZ
Ad

E-mail

Şərh