Azərbaycanda yol qatillərini siz də tanıyın – FOTO
Son illər Azərbaycanda çox müasir və gözəl yollar çəkilir. Bu yollar nə keyfiyyətinə, nə də estetik görkəminə görə inkişaf etmiş ölkələrdəki yollardan geri qalır
Ancaq hər kəsi təəssüfləndirən bir məqam var. İstənilən yol çəkildikdən bir neçə il sonra dağılır, sıradan çıxır.
Bəzi ekspertlər yolların tez sıradan çıxmasını keyfiyyətsizliklə əlaqələndirirlərsə, digərləri ağır tonnajlı avtomobilləri səbəb kimi göstərirlər. Ağır tonnajlı avtomobillərdən yollara ən çox ziyan vuranı isə "Shacman" maşınlarıdır.
Əsasən inşaat sahələri üçün nəzərdə tutulan bu maşınlar keçdikləri bütün yolları viran qoyurlar. Bəzi ölkələrdə belə avtomobillərin yalnız torpaq yollarda yüklə hərəkət etməsinə icazə verilir. Asfalt yollarda isə bu avtomobillər tamamilə boş olmalıdır.
Avtosfer.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev milli.az-a açıqlamasında bildirib ki, ölkəmizdə hərəkət edən avtomobillərin hər oxuna düşən yük həcmi Nazirlər Kabinetinin qərarı ilə müəyyənləşib. "Shacman" avtomobilləri isə ölkədə qəbul olunmuş normaya uyğundur. Lakin qəbul edilmiş normalardan kənara çıxmaq olmaz.
Qurum rəsmisinin sözlərinə görə, hər oxa düşən yük normasını aşanlar üçün cərimələr də nəzərdə tutulub: "İnzibati Xətalar Məcəlləsinin 163-1 maddəsinə əsasən, iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblərin pozulması hallarında vəzifəli şəxslər 1200 (min iki yüz) manatdan 1500 (min beş yüz) manatadək miqdarda, hüquqi şəxslər 4000 (dörd min) manatdan 5000 (beş min) manatadək miqdarda cərimə edilirlər. Fiziki şəxslərin isə cəriməsi 600 (altı yüz) manatdan 700 (yeddi yüz) manatadəkdir".
Azərbaycanda yol inşaatı sektoruna cavabdeh olan qurum "Azəryolservis" ASC-də də yolların dünya standartlarına uyğun çəkildiyini söyləyirlər. Yolların isə ağır tonnajlı maşınlar üzündən dağıldığını deyirlər.
Qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Milli.Az-a açıqlamasında bildirib ki, yolların dağılmasının əsas səbəbkarı ağır tonnajlı maşınlardır. Onun sözlərinə görə, hər avtomobilin təkərlərinə müəyyən olunmuş ağırlıqda yük həcmi düşməlidir. Bütün avtomobillər də bu normaya uyğun olaraq hazırlanır. Sürücülər və şirkətlər isə əksər hallarda avtomobili həddən artıq yükləyirlər. Oxa düşən yük həcmi normadan artıq olduqda yolları sıradan çıxarır.
"Bu problem əsasən Bakı-Quba yolunda müşahidə olunur. Bakıdan Qubaya gedən istiqamətdə yol yaxşı vəziyyətdədir. Çünki avtomobillər Quba istiqamətində boş gedirlər. Geri qayıdan yolun isə sağ tərəfi dağılıb. Çünki Bakıya yol alan avtomobillər artıq yüklü olur", - deyə o əlavə edib.
A.Nəcəfli deyib ki, hazırda Quba-Bakı yolunun ağır yük maşınlarından zərər görmüş hissəsi təmir edilir.