Azərbaycanın 108 il keşiyində xidmət - 2 İyul “Polis günü”

Bu gün Azərbaycan polisinin yaranmasının 108 ili tamam olur. Ölkədə ictimai asayişin, qanunun aliliyinin və vətəndaşların təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan Azərbaycan Polisi ötən bir əsrdən artıq müddətdə şərəfli xidmət yolu keçib.
Azərbaycan ərazisində polis xidməti XIX əsrin əvvəllərindən etibarən Rusiya imperiyasının hüquq-mühafizə sistemi çərçivəsində fəaliyyət göstərirdi. Bakı, Gəncə, Şamaxı və digər şəhərlərdə polis idarələri mövcud olsa da, bunlar milli deyil, imperiya idarəçiliyinə tabe qurumlar idi.
1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti elan olunduqdan sonra hökumətin tərkibində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi yaradıldı. 2 iyul 1918 – Gəncə quberniyasında müstəqil polis orqanlarının yaradılması haqqında qərar qəbul edildi. Sonradan Bakı və digər bölgələrdə polis idarələri formalaşdırıldı. Polisə ictimai asayişin qorunması, cinayətkarlıqla mübarizə və dövlət təhlükəsizliyinin təmin edilməsi tapşırıldı.

Milli polisin formalaşmasında bir neçə dövlət xadiminin xüsusi rolu olub:
Fətəli xan Xoyski Azərbaycan Xalq Cümhuriyyətinin ilk daxili işlər naziri təyin edilib. Behbud xan Cavanşir polis sisteminin təşkilatlandırılmasında əsas simalardan biri kimi cümhuriyyətin tarix səhifəsində önəmli yerlərdən birini tutub. Məhəmməd Sadıq bəy Ağabəyzadə isə peşəkar polis strukturunun yaradılmasına mühüm töhfə verib.
1920-ci ilin aprelində Azərbaycan bolşeviklər tərəfindən işğal olunduqdan sonra milli polis ləğv edildi və onun yerində SSRİ sisteminə daxil olan milis orqanları yaradıldı. Həmin dövrdə artıq bu peşədə çalışanlar polis yox, milis adlandırılırdı. Əsas vəzifələr yenə də cinayətkarlıqla mübarizə, ictimai asayiş və dövlət təhlükəsizliyin qorunması idi.
1991-ci ildə müsətqilliyimizin bərpasından sonra milli polis orqanları yenidən fəaliyyətini bərpa etdi. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycan polisinə olan dəyər daha da artdı. Ümumilli liderin 1998-ci il 24 may tarixli fərmanı ilə 2 iyul Azərbaycan Polisi Günü kimi təsis edildi.

Azərbaycan Polisi fəaliyyət göstərdiyi bütün dövrlərdə dövlətçiliyin qorunmasına, ictimai sabitliyin təmin olunmasına və vətəndaşların təhlükəsizliyinin keşiyində dayanmağa sadiq qalıb. Xüsusilə ölkənin ən çətin günlərində, müharibə dövründə, terror təhlükələri zamanı, fövqəladə hallar və təbii fəlakətlər baş verdikdə polis əməkdaşları peşə borclarını layiqincə yerinə yetirərək xalqın yanında olublar. Onların bir çoxu xidməti vəzifələrini yerinə yetirərkən sağlamlıqlarını, hətta həyatlarını belə fəda edərək əsl qəhrəmanlıq nümunəsi göstəriblər.
1988-ci ildə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü başlayanda ön cəbhəyə ilk yollanan nizami qüvvələrdən biri məhz milis əməkdaşları, sonrakı mərhələdə isə Daxili Qoşun hissələri olub. Vətənin müdafiəsi uğrunda gedən döyüşlərdə 1700-ə yaxın polis əməkdaşı və hərbi qulluqçu şəhidlik zirvəsinə ucalıb, 1710 nəfər yaralanıb. Onların göstərdikləri qəhrəmanlıq dövlət tərəfindən yüksək qiymətləndirilib. 67 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldü, 1143 əməkdaş isə müxtəlif orden və medallarla təltif edilib.

Daxili işlər orqanlarının şərəf salnaməsində 44 günlük Vətən müharibəsi xüsusi yer tutur. Daxili Qoşunların xüsusi təyinatlıları döyüş əməliyyatlarında yüksək peşəkarlıq və fədakarlıq nümayiş etdirərək mühüm strateji tapşırıqları uğurla yerinə yetiriblər. Döyüşlər zamanı düşmənin canlı qüvvəsinə və hərbi texnikasına ciddi zərbələr endirilib. Vətən müharibəsində Daxili Qoşunların 66 hərbi qulluqçusu şəhid olub, 346 nəfər yaralanıb. Göstərilən igidliyə görə 1690 əməkdaş müxtəlif orden və medallarla təltif edildi, onlardan 4-ü isə “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb.
Ümumiyyətlə, istər Birinci Qarabağ döyüşlərində, istərsə də 44 günlük Vətən müharibəsində Daxili Qoşunların hərbi qulluqçuları və polis əməkdaşları ön cəbhənin müxtəlif istiqamətlərində işğalçılara qarşı mətinliklə döyüşüblər.
2023-cü il sentyabrın 19-da ölkəmizin dövlət qurumlarına məxsus iki nəqliyyat vasitəsinin qeyri-qanuni erməni silahlı dəstələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda əvvəlcədən quraşdırılmış minalara düşərək partlaması nəticəsində polis əməkdaşları, mülki vətəndaşlarımız və hərbi qulluqçularımız həlak olub və yaralanıblar. Həmin gün Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin başladığı lokal xarakterli antiterror tədbirləri zamanı qarşıya qoyulan tapşırıqların yerinə yetirilməsində daxili işlər orqanlarının əməkdaşları yüksək peşəkarlıq göstəriblər. Antiterror əməliyyatı zamanı Daxili İşlər Nazirliyinin (DİN) 20 əməkdaşı şəhidlik zirvəsinə yüksəlib.

Azərbaycan polisinin keçdiyi yol təkcə ölkə daxilində deyil, beynəlxalq səviyyədə də peşəkarlıq və fədakarlıq nümunəsi kimi qiymətləndirilir. İllər ərzində formalaşmış zəngin təcrübə, yüksək peşəkarlıq və vətənə sədaqət bu qurumun nüfuzunun daha da artmasına səbəb olub.
Polis-vətəndaş münasibətlərinin möhkəmləndirilməsi istiqamətində də mühüm addımlar atılıb. Azərbaycan Polisi hər bir vətəndaşa yaşından, sosial vəziyyətindən və peşəsindən asılı olmayaraq qanun çərçivəsində yanaşmağa çalışıb. Uşaqlara qayğıkeş, yaşlılara hörmətlə, çətin vəziyyətdə olan insanlara isə həssas münasibət göstərilməsi polis-vətəndaş etimadının formalaşmasında mühüm rol oynayıb.
Bu gün Azərbaycan Polisi müasir dövrün çağırışlarına uyğun inkişaf edən, yeni texnologiyaların tətbiqi ilə fəaliyyətini daha da təkmilləşdirən, peşəkar kadr potensialını gücləndirən hüquq-mühafizə orqanı kimi fəaliyyətini davam etdirir. Dövlətə, xalqa və qanuna sədaqət prinsipi isə bu xidmətin əsas dayağı olaraq qalır.

2019-cu Prezident İlham Əliyevin Sərəncamı ilə Vilayət Eyvazov daxili işlər naziri təyin edilib. General-polkovnik Vilayət Eyvazovun Daxili İşlər Nazirliyi (DİN) rəhbərliyinə gəlməsindən sonra strukturda ciddi nizam-intizam tədbirləri həyata keçirilib, rüşvətxorluğa qarşı kəskin mübarizə aparılıb, eləcə də qurumun rəqəmsallaşdırılması prosesi sürətləndirilib. Onun fəaliyyət dövründə görülən işləri aşağıdakı kimi qruplaşdırmaq olar:
İslahatlar və kadr təmizlənməsi: Daxili işlər orqanlarında peşəkarlığın artırılmasına, fiziki və mənəvi hazırlıq meyarlarının sərtləşdirilməsinə, habelə qanun pozuntusuna yol verən şəxslərin sistemdən kənarlaşdırılmasına xüsusi diqqət yetirilib.
Rəqəmsal idarəetmə: Polis fəaliyyətində şəffaflığın və operativliyin təmin edilməsi üçün innovativ texnologiyalar və "Təhlükəsiz Şəhər" kameraları geniş tətbiq olunub.

Cinayətkarlıqla mübarizə: Ağır cinayətlərin açılması və narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı respublika miqyasında irimiqyaslı əməliyyatlar keçirilib.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı kompleks, sərt və davamlı əməliyyat-profilaktika tədbirləri həyata keçirilir. Son illərdə ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən narkotiklərin qarşısının alınması və daxili bazarın təmizlənməsi istiqamətində fəaliyyət maksimum gücləndirilib.
Respublika miqyasında mütəmadi olaraq regional və lokal əməliyyatlar (məsələn, "Narkotələ" seriyalı əməliyyat qrupları) təşkil edilib. 2024-cü ilin mart ayında DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı paytaxt və bölgələrdə 30-a yaxın əməliyyat keçirib. nəticədə 28 nəfər və 2 mütəşəkkil dəstənin üzvü saxlanılıb. Onlardan 13-ü ölkə ərazisində narkotiklərin tədarükü ilə məşğul olan əsas şəxslər olub.

Əməliyyatlarla “qara bazar”-da dəyəri 6 milyon manat olan 157 kiloqram, o cümlədən 91 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana, 42 kiloqram heroin, 17 kiloqram metamfetamin, 7 kiloqram tiryək, həmçinin digər növdən olan narkotik vasitə, 12 min 211 ədəd psixotrop tərkibli metadon, tramadol, lirika həbi, 1 ədəd “Makarov” tapançası, 13 ədəd patron və 2 ədəd patron sandıqçası ələ keçirilib. Saxlanılan şəxslərin qeyri-qanuni yollarla İrandan ölkəmizə gətirdikləri narkotikləri ölkə ərazisində satmaq üçün əldə etdikləri müəyyən olunub.
Azərbaycan üzərindən keçən beynəlxalq tranzit marşrutların (əsasən İran istiqamətindən gələn kanalların) qarşısını almaq üçün Dövlət Sərhəd Xidməti və DTX ilə koordinasiyalı reydlər keçirilir.
Daxili bazarda narkotiklərin daşınması və onlayn satışı üçün taksi sürücülərindən, eləcə də sosial şəbəkələrdən "kuryer" kimi istifadə edən transmilli qruplar müəyyən edilərək həbs olunur.
Ölkə ərazisində 2019-cu ildən hər il yaz-yay aylarında təşkil edilən “Xaş-xaş” şərti adlı əməliyyatlarla paytaxtda və bölgələrdə narkotik tərkibli bitkilərin becərilməsinin qarşısı alınır.

108 illik şərəfli tarixə malik Azərbaycan Polisi bu gün də ölkənin təhlükəsizliyi, ictimai asayişi və vətəndaşların rahatlığı naminə gecə-gündüz fədakarlıqla xidmət göstərir. Bu əlamətdar gündə xidmətlərini vicdanla yerinə yetirən bütün polis əməkdaşlarını, eləcə də xidməti borcunu yerinə yetirərkən şəhid olmuş qəhrəman polis əməkdaşlarını dərin ehtiramla anır, bütün polis əməkdaşlarını peşə bayramları münasibətilə təbrik edir, onlara şərəfli və məsuliyyətli fəaliyyətlərində uğurlar arzulayırıq.
Qeyd: Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği” istiqaməti üzrə hazırlanıb.

Müəllif: Eltac Zülfüqaroğlu
Rusiya 13 il əvvəl qadağan edilmiş yanacağa qayıdır
Regional Bağlantı İnvestisiya Konfransı Bakıya nə qazandıracaq? – EKSPERT
Arzum məhkəmə zalında HƏBS EDİLDİ - FOTO
Süni intellekt şirkəti yanıltdı; mühəndislər işə qayıdır - AÇIQLAMA
Yerə güclü maqnit qasırğası yaxınlaşır
Azərbaycan nəqliyyat infrastrukturuna böyük investisiyalar yatırır - Dövlət başçısı
Taksi sürücülərinin sifarişi ləğv edən sərnişin qarşısında hüququ necə qorunmalıdır? - AÇIQLAMA
Bulvardakı elektrikli faytonlara qoyulan 40 manat çox yüksək məbləğdir - SOSİOLOQ
Avtomobil dünyasında yeni dövr; əyləc pedalı ləğv olunur
Taksi sifarişində qiymətlər artıb? – “Bolt”dan AÇIQLAMA - VİDEO
Dörd ölkənin əməkdaşlığı Orta Dəhlizin gələcəyini dəyişə bilər – EKSPERT










