Azərbaycanın istehsal etdiyi məhsullar niyə brendə çevrilmir? – SƏBƏBLƏR
Ölkəmizdə bir çox irili-xırdalı məhsullar var ki, onların istehsalı üçün ya hansısa maneələr var, ya bu məhsulların xammalını yenə də xarici ölkələrdən almağa məcburuq. Azərbaycan dünyanın, xüsusən də Avropanın əsas neft və qaz tədarükçüsü olma yolunda addımlayır. Lakin ölkəmizdə həmin xammaldan istifadə edərək istehsal edilən malların sayını artırmaq istiqamətində inkişaf elə də güclü deyil.
Bununla yanaşı, Azərbaycanda istehsal edilən məhsulların brendləşməsi istiqamətində də hansısa irəlləyişə nail olmaq 1 qərinəlik yaşı olan dövlətimizə hələ qismət olmayıb. Doğrudur, bir sıra qida məhsulları var ki, ölkəmizdə istehsal edilərək bir çox ölkələrə ixrac edilir. Bunlar çay, spirtli içki, meyvə şirəsi və sairədir. Eləcə də, Dövlət Neft Şirkətinin adı beynəlxalq arenalarda ölkəmizi layiqincə təmsil edə bilir. Lakin tikinti, tekstil, texnoloji istiqamətlərdə Azərbaycan məhsullarının birinin də adının dünyada, heç olmasa Avropada tanınmamasını əslində mənfi nəticə olaraq düşünmək lazımdır.
Məsələ ilə əlaqədar Avtosfer.az-a açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, biz neft-kimya sənayesini inkişaf etdirə bilərik:
“Fikir versək, Azərbaycan öz neft və qazını xammal şəklində satır. Nefti və qazı xammal şəklində sata, eyni zamanda da bu xammaldan istifadə edib neftin, eləcə də qazın digər törəmə məhsullarını istehsal etmək olar. Hətta biz hələ də premium benzini xaricdən alırıq. Adi neftdən benzini istehsal eleməkdə belə çətinlik çəkirik. 30 ildir bu istehsalı təşkil edə bilməmişik, o ki qaldı, böyük sənayə məhsullarının istehsalına. Bu daha çətindir. Sumqayıtdakı zavod xırda istehsallar edir, məsələn, kanalizasiya qapaqları, plastik və dəmir borular, qapı, pəncərə və s. Bir çox faktorlar olduğu üçün biz həm bu məhsulların istehsalını, həm də ixracını təşkil edə bilmirik. Birinci faktor odur ki, bu xammalların bir çoxu Azərbaycanda yoxdur. İkincisi, nefti və qazı çıxmaq şərti ilə təbii resuslarımız o qədər də zəngin deyil. Üçüncüsü, insan resurslarımız bizim rəqiblərimizdən daha azdır. Həmin sahələrdən anlayışı olan mütəxəssislərimiz çatışmır. Dördüncüsü, pul resursunun dəyəri: məsələn, dolları ucuz kreditə götürmək olur, amma manatı yalnız daha baha kreditə götürmək mümkündür. Pulun dəyəri də bahadır. Beşincisi, inzibatçılıqla idarəetmə ilə əlaqədar prablemlər var. Hökümət orqanları biznesə dəstək verməkdənsə, biznesdən pul almaq haqqını güdürlər. Altıncısı, dünya bazarındakı rəqiblərimizlə müqayisədə, bizim yerləşmə yerimiz də əlverişli deyil, bizim dünya okeanına çıxışımız yoxdur. Dünya okeanına çıxışı olan ölkələr bundan çox yaxşı istifadə edə bilər, çünki dünya okeanına çıxışın yoxdursa, ticarətdə çətinlik çəkirsən, asılı qalırsan, həm də gətirmək, qaytarmaq baha olur. Yeddincisi, bizim yaxşı səviyyədə texnologiyalarımızda yoxdur, hamısı xaricdən baha gəlir”.
Xalid Kərimli onu da qeyd edib ki, Azərbaqycanın məhsulunu çıxara biləcəi bazar çox kiçikdir, cəmi 10 milyonluq bazardır. Çinin, Hindistanın, milyardlıq Rusiyanın 150-200 milyonluq bazarı var, ixracı rahat, əraziləri genişdir. Yəni bizim ərazimizdə balacadır və bu amillərə görə dünya bazarında rəqabət apara bilmirik.
Məsələ ilə əlaqədar redaksiyamıza açıqlamasında marketoloq Elxan Mərdanlı bildirib ki, ölkədə istehsal olunan məhsulların brendləşməsinə mane olan bir çox amillər var:
“Bu amillərdən ən başlıcası idxal olunan məhsullarla rəqabətə girə bilməməyindən qaynaqlanır. Buna səbəb mövcud qanunvericiliyin sahibkar yönümlü olmamasıdır. Mövcud qanunvericiliyin sahibkar yönümlü olmaması deyəndə nə nəzərdə tutulur? İdxal olunmuş məhsullarla yerli istehsal məhsullarının bazarda qiymət siyasəti də eyni olur. Çünki istehsalda xammal ölkə xaricindən gətirilir. Ölkə xaricindən xammal gətirilən zaman da bir çox hallarda eyni rüsumu və vergini ödəyirlər. Digər məsələ onunla bağlıdır ki, həm yerli məhsullar, həm də idxal olunan məhsullar satışa çıxaran zaman 18% ƏDV tətbiq edilir. Yəni belə bir vergi siyasəti ilə, belə bir qanunvericiliklə yerli məhsulları brendləşdirmək çox çətin hala gəlir. Çünki brendləşmənin özü də maliyyə, reklam tələb edir və biz, gərək sahibkar olaraq yerli məhsulları istehsal edib gəlir əldə edək. Həmin gəliri də reklama, dizayn xidmətlərinə və məhsulumuzun daha yaxşı inkişaf etməsinə xərcləyək. Bir çox hallarda ikili yanaşma müşhahidə edilir, ya yerli istehsal məhsulunu xarici bazar üçün istehsal edirsən və orda brend edib inkişaf elətdirirsən. Ya da yerli məhsulu istehsal edirsən, ölkə daxilində inkişaf etdirib sonra ölkə xaricinə çıxarırsan. Bildiyimiz markaların böyük əksəriyyəti ikinci üsulla dünya bazarına çıxıblar və mövcud bazarımızda rəqabət qabilliyətinə baxdıqda, yerli məhsullar rəqabətdə çox uduzurlar. Onları müəyyən qaydalar çərçivəsində imtiyazlara cəlb etmək lazımdı. Məsələn, ölkəyə parça idxalı zamanı da, hazır geyim idxalı zamanı da sahibkarın ödəməli olduğu rüsum 15%-dir. Bir sahibkar ölkəyə parça idxal eliyir və həmin məhsul üçün 15% rüsum ödəyir. Bu şəxs əlavə olaraq da məşğulluq yaradır, cihazlar gətirir, onların istehsalı ilə məşğul olur və ilkin mərhələdə eyni rüsumu ödəməkdənsə, hazır məhsulu gətirib satmaq daha yaxşıdı. Bu tip nüanslar var ki, yerli bazarda brendlərin formalaşmasına maneə yaradır. Digər bir məsələ ondan ibarətdir ki, bizim bazarımız balacadır. Yerli bazarda olan məhsulun mövcud keyfiyyəti xarici bazarda olan məhsulun keyfiyyətinə çata bilmir”.
Mütəxəssis sonda onu da qeyd edib ki, bu problemlərin yaranmasının birmənalı səbəbi yenə maliyyədir. Çünki sahibkarın əlində maliyyə olmalıdır ki, hər dəfə yeni texnologiyaları gətirib məhsulların istehsalına cəlb eləsin. Yeni naliyyətlər əldə etmək üçün müəyyən peşəkar insanları cəlb edə bilsin ki, yerli bazarda brendləşmənin formalaşmasında, inkişaf etməsində ortaya çıxan maneələrdən yayınmaqda çətinlik çəkməsin.
Ekspertlərin fikrincə, dünyanın bu istiqamətdə inkişaf etmiş ölkələrində sahibkarları geniş kütləli bazarlara təşviq etmək məqsədilə onlara bir çox vergi güzəştləri tətbiq edilir ki, bu da sonradan həmin şəxslərin kiçik və orta, eləcə də iri sahibkar olaraq deyil, korporasiya formasında dövlət büdcəsinə vergilər ödəməsilə nəticələnir. Buna görə də, sahibkarlara dəstək ölkənin ümumi inkişafına xidmət edəcək prioritet addımlardan birinə çevrilməlidir.
Səfər