"Azercell"ə 18 ədəd prezervativ hədiyyə olundu - Şirkətdən cavab - FOTO - YENİLƏNİB

Tanınmış blogger Bəxtiyar Hacıyev “Azercell” şirkətinin rəhbərliyinə Yeni il hədiyyəsi olaraq 18 ədəd Çin istehsalı olan qoruyucu göndərib. Avtosfer.az xəbər verir ki, o, bu barədə şəxsi “facebook” hesabında paylaşım edib. O, paylaşımında addımın səbəbini belə izah edib: “”Facebook” səhifələrində qiymətləndirməni bağlayıblar ki, etiraz edənlər aşağı reytinq verə bilməsinlər. Hədiyyə çatana qədər, “Azercell” müştəri xidmətlərindən, rominq tariflərindən, telefona kontent provayderlər tərəfindən aldadıcı mesajlar göndərilərək balansdan pul silinməsindən narazı olanlar, paylaşaraq dəstək verə bilərlər.
Bütün Avropada ortalama 1.5 AZN-lik tarifləri olduğu halda, Belçikada vahid tarif etməyərək, 18 AZN-lik saziş imzalayaraq, zəng çatmayan nömrəyə zəng cəhdinə 18 AZN çıxdıqlarına görə, “Azercell”-in prezidenti Vahid Mürsəliyevə 18 ədəd Çin istehsalı qoruyucu göndərdim. Bütün narazı müştərilər adından qəbul etməsini rica edirəm”.
Günün ikinci yarısında daha bir paylaşım edən Hacıyev “”Azercell” rəhbərliyinə bu gün göndərdiyim “yeni il hədiyyəsi” xəbəri müxtəlif səhifə və saytlarda on minlərlə insana çatdı, çox böyük əksəriyyət bu addımı təqdir etdi” deyə qeyd edib:
“”Azercell” milyonlar xərcləyib reklamlar çəkdirməkdənsə, oğurluğundan əl çəksə, 60 yaşlı pensionerə aldadıcı mesaj göndərib, onsuz da az olan pensiyasından hər gün qəpik-qəpik oğurlamasa, insanların səfərləri zamanı rominq dələduzluqları ilə onların səfərini burnundan gətirməsə, daha faydalı olar. Milyonlarla pul sərf edib yaratdığınız imic keyfiyyətsiz xidmətiniz, dələduzluğunuz və kiçik bir hədiyyə paketi ilə alt-üst ola bilir.
“Azercell”ə məhz bu gün hədiyyə göndərməyimin isə səbəbi var. Belçikada zəng çatmayan nömrəni yığmağıma görə 18 manat çıxmaqlarını unutmuşdum, ancaq çox oxunan və təsirli bir saytda bu barədə material hazırlandığını eşidib, səhər zəng etmişdilər ki, sizin müraciətinizi araşdırdıq filan. Dedim araşdırma nəticəsini mənə emailə göndərin. Dedilər göndərə bilmərik, gəlin müştəri xidmətlərinə, vəsiqənizi göstərin, sizə versinlər. Gəldim, növbədə məndən öndə 2 nəfər dayansa da, 45 dəqiqədən çox gözlədim, içəridə müştərilər etiraz edir, qışqırır… Nəhayət, növbə mənə çatanda, üzümə durdular ki, biz sizə deməmişik gəlin bura, yanlış məlumat verilib sizə. Dedim telefon zəngləri qeydiyyata alınır, dinləyək görək, deyilibmi? Dedilər ərizə yazın, araşdıraq. Mən də ərizə yazmaqdan onsuz da yorulduğuma görə, dedim narahat olmayın, rəhbərliyinizə kiçik bir hədiyyə və ərizə göndərərəm.
Belə… Ümid edirəm, Azercell ən qısa zamanda Belçikadakı saniyəsi 18 AZN-lik rominq partnyorundan, pensionerlərin pensiyasını aldadaraq oğurlayan kontent provayderlərindən əl çəkər. Bu “yeni il hədiyyəsi” onların imicinə zərbə vurdusa, növbəti kampaniyamız birbaşa gəlirlərinə ciddi zərbə vuracaq. Məşhur reklamda deyildiyi kimi – Maksi, ağıllı ol!”.yenicag.az
"Azercell Telekom" MMC bu gün məsələ ilə bağlı açıqlama yayıb. Açıqlamanı olduğu kimi təqdim edirik: "Abunəçi Bəxtiyar Hacıyevin şikayəti ilə əlaqədar bildiririk ki, qeyd edilən nömrə ilə əlaqədar aparılmış əməliyyatlarda, həmçinin zənglərin müddətləri və digər xidmətlərdən istifadəyə əsasən dəyərin hesablanmasında “Azercell Telekom” MMC tərəfindən hər hansı səhvə və ya qüsura yol verilməmişdir. Abunəçilərin istifadəsinə verilən nömrələrlə bağlı münasibətləri tənzimləyən Abunə Müqaviləsinin şərtlərinə əsasən zənglərin müddətləri isə hesablanarkən cavab siqnalı və zəngi qəbul edən nömrədə göstərilən xidmətlərdən (faks, nömrəni avtomatik müəyyən edən cihazlar, Abunəçi olmadıqda onu əvəz edən və məlumatın ötürülməsini təmin edən qurğular, avtomatik cavab qurğusu ilə təchiz edilmiş avadanlıqlar, məlumatı ötürən aparatlar və ya xidmətlər-modem, sms ismarışları mərkəzi, wap-poçt, səsli poçt terminalı və s.) asılı olaraq, rabitə əlaqəsi yaranmış hesab ediləcək və müvafiq xidmət haqqı hesablanmağa başlayacaqdır. Hazırda qüvvədə olan tariflərə əsasən rominq xidməti çərçivəsində Belçikanın “Proximus” (Belgacom) operatorunun şəbəkəsində ölkədaxıli istiqamətlərə zəng 4,2 manat, Azərbaycan istiqamətində zəng 17,90 manat, digər istiqamətlərdə zəng isə 18,2 manat (hesablama intervalı 60 saniyə təşkil edir) xidmət haqqı hesablanır. “Azercell Telekom” MMC telekommunikasiya xidmətlərini həyata keçirməklə, müqavilə şərtlərinə uyğun olaraq abunəçiyə nömrəni istifadəyə verir, rabitə xəttini açaraq ona xidmət göstərir, xidmət sonlandırılır və bu xidmətin müqabilində xidmət haqqı hesablayır. “Azercell Telekom” MMC tərəfindən təqdim etdiyi telekommunikasiya xidmətlərindən istifadə zamanı, istifadə müəyyən həcmə çatdıqda abunəçiyə xəbərdarlıq ediləcəyinə dair, həmçinin rominq xidmətindən istifadə zamanı müvafiq ölkədə fəaliyyət göstərən operatorlarda mövcud tariflərə dair abunəçi müraciəti olmadıqda məlumat veriləcəyi öhdəlik götürülməmişdir. Abunəçilərə nömrədən zənglər həyata keçirərkən, sms sorğular göndərərkən diqqətli olmağı, müvafiq xidmətdən istifadə qaydaları və tarifləri ilə əvvəlcədən tanış olmağı, istifadə etmək istənilən xidmətin yığım qaydalarına dəqiq riayət etmək, həmçinin rominqdən istifadə edərkən müvafiq cihazda şəbəkə seçilməsini qeyri-avtomatik üsulla sazlanması tövsiyə edilir. Abunəçilər “Azercell Telekom” MMC tərəfindən təqdim edilən xidmətlər, hazırda qüvvədə olan tariflər, keçirilən kampaniyalar barədə ətraflı məlumatları rəsmi internet səhifəmizdən (www.azercell.com), həmçinin Müştəri Xidmətlərinə (MX ofisləri, həftənin 7 günü 24 saat ərzində fəaliyyət göstərən Telefon Mərkəzi) müraciət etməklə əldə etmək imkanına malikdirlər. Hər hansı abunəçinin, 3-cü şəxsin müraciətinə baxılamaması, vaxtında cavablanmamağı, süründürməçiliyə yol verilməsi ilə bağlı, o cümlədən nömrədən göstərilməmiş xidmətə görə məbləğ silinməsi ilə bağlı irad və qeydlər həqiqətə uyğun deyil və əgər belə hala yol verilməsi faktları mövcuddursa aidiyyəti üzrə baxılması, araşdırılaraq cavablandırılması və müvafiq tədbirlər görülməsi üçün “Azercell Telekom” MMC-yə təqdim etməyinizi xahiş edirik. Beləliklə də, mənfi rəy formalaşdırmağa hesablanmış formada həqiqətəuyğun olmayan ifadə və mülahizələrdən bilərəkdən qıcıq yaradacaq şəkildə şişirdilərək istifadə edilməsi ilə “Azercell Telekom” MMC-nin işgüzar nüfuzuna xələl gətirilməsinə cəhd edilməsi dərin təəssüf hissi doğurur və “Azercell Telekom” MMC öz haqlı mövqeyini qanunvericilikdə nəzərdə tutulmuş qaydada müdafiə etmək hüququnu özündə saxlayır".














