“Azeri Light” 86 dollara düşdü: Neftin ucuzlaşması Azərbaycana necə təsir edəcək? - AÇIQLAMA

Gündəm 16 İyun 2026 15:18
“Azeri Light” 86 dollara düşdü: Neftin ucuzlaşması Azərbaycana necə təsir edəcək? - AÇIQLAMA
WhatsApp kanalımıza abunə olun

Dünya bazarında neft qiymətlərində müşahidə olunan dəyişikliklər yenidən diqqət mərkəzinə çevrilib. 
Avtosfer.az xəbər verir ki, son günlər ABŞ və İran arasında mümkün razılaşma ilə bağlı xəbərlərin yayılması fonunda neft bazarında ucuzlaşma meyilləri güclənib. Bəs “Azeri Light” markalı neftin qiymətinin 86 dollara qədər enməsi Azərbaycanın iqtisadiyyatına və dövlət büdcəsinə daxil olan əlavə gəlirlərə necə təsir göstərə bilər?
Mövzu ilə bağlı iqtisadçı Rəşad Həsənov Avtosfer.az-a açıqlamasında bildirib ki, son bir neçə ayda neftin qiymətinin bahalaşmasını şərtləndirən əsas amil İsrail-İran qarşıdurması olub:


“Xüsusilə də Hörmüz boğazının bağlanması ehtimalı, müharibənin genişlənməsi və enerji infrastrukturuna zərbələrin endirilməsi neft bazarında qiymətlərin kəskin artmasına səbəb olmuşdu:
Hazırda tərəflər arasında razılaşmanın əldə olunması və müharibənin dayanması ilə bağlı gözləntilər qiymətlərin aşağı düşməsini şərtləndirən əsas faktor kimi çıxış edir. Bu prosesin yaxın günlərdə də davam edəcəyi gözlənilir. Müharibədən əvvəl neftin qiyməti təxminən 65 ABŞ dolları ətrafında dəyişirdi. Hazırkı şəraitdə isə qiymətlərin 75-80 dollar səviyyəsinə qədər enməsi mümkündür. Neft qiymətlərindəki azalmanın Azərbaycana həm müsbət, həm də mənfi təsirləri var. Dövlət büdcəsinin gəlirlərinə birbaşa təsir nisbətən məhdud olacaq. Əsas təsirlər neft sektorundan daxil olan vergi gəlirlərinin müəyyən qədər azalması ilə bağlıdır. Bununla belə, büdcənin icrasında ciddi problemlərin yaranacağı gözlənilmir. Çünki 2026-cı ilin dövlət büdcəsi hazırlanarkən neftin bir barelinin qiyməti 60 dollar götürülüb. Qiymətlərin enməsi Dövlət Neft Fondunun gəlirlərinin və yığım imkanlarının müəyyən qədər azalmasına səbəb ola bilər. Eyni zamanda, neft şirkətlərinin gəlirlərində də azalma müşahidə ediləcək. Azərbaycan gündəlik təxminən 450-500 min barel neft ixrac edir. Bu baxımdan, neftin hər barelinin 1 dollar ucuzlaşması ixrac gəlirlərinə birbaşa təsir göstərir".

İqtisadçı qeyd edib ki, digər tərəfdən, neft qiymətlərinin azalmasının Azərbaycan əhalisi və biznes subyektləri üçün müsbət tərəfləri də var. Enerji qiymətlərinin bahalaşması adətən mal və xidmətlərin maya dəyərinin artmasına, logistika və nəqliyyat xərclərinin yüksəlməsinə səbəb olur:
"Bu isə inflyasiya təzyiqlərini gücləndirir. Azərbaycan idxaldan asılı ölkə olduğuna görə dünya bazarlarında enerji qiymətlərinin artması ölkəyə idxal olunan məhsulların da bahalaşmasına gətirib çıxarır. Nəticədə həm vətəndaşlar, həm də şirkətlər əlavə maliyyə yükü ilə üzləşirlər. Əgər bölgədə sabitlik bərpa olunsa və tərəflər arasında razılaşma əldə edilsə, bu, qlobal bazarlarda qiymət sabitliyini gücləndirəcək. Belə olan halda Azərbaycan vətəndaşları da qiymət artımlarının yaratdığı təzyiqlərin müəyyən qədər azalmasından faydalana biləcəklər.
Sazişin qlobal enerji bazarlarına təsirinə gəlincə, ilk növbədə qiymətlərin aşağı düşməsi istiqamətində proses artıq başlayıb. Bazarlar bu xəbərlərə reaksiya verməkdədir. Əgər sazişlə bağlı yayılan məlumatların doğruluğu təsdiqlənər və İrana qarşı tətbiq olunan sanksiyalar aradan qaldırılarsa, bu, İran neftinin yenidən dünya bazarına çıxmasına imkan yaradacaq və neft qiymətlərinin daha sürətlə ucuzlaşmasına səbəb olacaq. Rusiyanın neft ixracı üçün müvəqqəti yaradılmış imkanların məhdudlaşdırılması ehtimalı da var. Bu halda sanksiyalarla bağlı güzəşt müddətlərinin uzadılması istiqamətində yeni qərarların qəbul olunmaması gündəmə gələ bilər".
İqtisadçı vurğulayıb ki, bu proses qlobal enerji bazarının yenidən formalaşdırılması ilə bağlı çağırışlara ciddi təsir göstərəcək:
“Həm alternativ enerji mənbələrindən istifadənin genişləndirilməsi, həm də ənənəvi enerji resurslarının alternativ bazarlardan və yeni marşrutlar vasitəsilə tədarükü istiqamətində yeni yanaşmaların şahidi olacağıq. Çünki son hadisələr göstərdi ki, enerji daşımalarının müəyyən marşrutlar üzərində cəmləşməsi ciddi risklər yaradır. Hər hansı bir bölgədə gərginlik yarandıqda qlobal bazarlara təsir qaçılmaz olur. Hörmüz boğazı və Körfəz regionunda müharibə riskinin artması nəticəsində dünya bazarlarında enerji qiymətlərinin kəskin bahalaşması bunun ən bariz nümunəsidir. Məhz buna görə də baş verən proseslərdən nəticə çıxarılacaq və enerji bazarındakı münasibətlər yeni mərhələyə qədəm qoyacaq. Gələcəkdə enerji təhlükəsizliyi, marşrutların şaxələndirilməsi və alternativ təchizat imkanları daha böyük əhəmiyyət kəsb edəcək.

Fatimə Dadaşova

Oxunub : 110
ŞƏRH YAZ
Ad

E-mail

Şərh