«Azəryolservis»in gördüyü işlər açıqlandı - HESABAT

Gündəm 17 Fevral 2016 19:00 Oxunub 2324
«Azəryolservis»in gördüyü işlər açıqlandı - HESABAT
WhatsApp kanalımıza abunə ola bilərsiniz
2015-ci il ərzində 524,4  km uzunluğunda ümumi istifadədə olan yeni avtomobil yolları tikilib

«Azəryolservis» ASC 2015-ci ildə gördüyü işlərin hesabatını açıqlayıb. ASC-dən Avtosfer.az-a verilən məlumata görə, 2015-ci il ərzində 524,4  km uzunluğunda ümumi istifadədə olan yeni avtomobil yolları tikilib, yenidən qurulub, təmir olunub, 12 ədəd yeni avtomobil körpüsü tikilmiş, 2 ədədi təmir edilib, 2 ədəd tunel  və 7 ədəd piyada keçidi istismara verilib. O cümlədən, regionlar üzrə ümumi istifadədə olan 213,3 km respublika əhəmiyyətli, 167,5 km yerli əhəmiyyətli olmaqla 380,8 km uzunluğunda avtomobil yolu tikilib, yenidən qurulub, təmir olunub. Ümumi istifadədə olan avtomobil yollarında 12 ədəd körpü tikilib, 2 ədədi təmir edilib.

Bakı şəhəri üzrə isə  144,1 km uzunluğunda avtomobil yolu, prospekt və küçə tikilmiş, yenidən qurulmuş, təmir olunmuş, 3 ədəd yol ötürücüsü,  2 ədəd tunel, 9 ədəd piyada keçidi istismara verilib. Bu dövr ərzində ümumilikdə 702,1 min ton asfalt-beton istehsal edilmiş, 38,6 min ton bitum və 2 508 ton mazut istifadə edilib.

Bakı I Avropa Oyunları öncəsi görülmüş işlər

2015-ci ilin iyun ayında I Avropa Oyunlarnın  Azərbaycanda keçirilməsi tariximizə qızıl hərflərlə yazılacaq mühüm əhəmiyyətli hadisə idi. Bu oyunların yüksək səviyyədə və uğurlu həyata keçirilməsi üçün bütün qurumlar kimi “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin də üzərinə mühüm vəzifələr düşürdü. Oyunların keçiriləcəyi idman arenalarına və bununla bağlı müxtəlif  inzibati  məntəqələrə rahat gediş-gəlişi təmin etmək məqsədilə nəzərdə tutulan işlərin əsas hissəsi 2015-ci ilin fevral-iyun ayları ərzində uğurla yerinə yetirilib.

I Avropa Oyunlarına hazırlıqla bağlı “Azəryolservis” ASC-nin tabeliyində olan idarə və müəssisələr tərəfindən ümumi uzunluğu 53,4 km təşkil edən 16 prospekt, küçə və avtomobil yolunda 439,5 min  m2 sahəyə asfalt örtük döşənib. Yarışların əsas yol şəbəkəsi boyu ümumilikdə 223 km uzunluğunda sarı xətt çəkilib,  asfalt-beton örtük üzərinə 412 ədəd sarı və ağ rəngli “Oyunların Loqotipi” çəkilib.

Şəhər yollarında aparılan təmir və tikinti işləri

2015-ci il ərzində 112,1 km təşkil edən 42 adda küçə və prospektdə  təqribən 440 min m2 sahədə əsaslı təmir və yenidənqurma işləri aparılıb. Göstərilən dövr ərzində Bakı şəhərinin 12 inzibati rayonu ərazisində 100 min m2- dən artıq sahədə çala təmiri işləri yerinə yetirilib.

Daxili İnvestisiya hesabına yerinə yetirilən işlər

Ölkə başçısının yol infrastrukturunun təkmilləşdirilməsi sahəsinə həmişə xüsusi diqqəti olub. Buna görə də daxili investisiya hesabına həyata keçirilən və tikintisi davam edən layihələr çoxluq təşkil edir. Bakı-Ələt avtomobil yolunun 4-6 km hissəsinin tikintisi işləri çərçivəsində Bakı Su İdmanı Sarayı ərazisundə ümumi uzunluğu 6,6 km  4-5 hərəkət zolaqlı bağlantı yolları inşa edilmiş, 125 min m2 sahəyə asfalt-beton döşənib. Yeni yol bu ərazidə nəqliyyatın təhlükəsiz və maneəsiz hərəkəti baxımından mühüm rol oynayır. Layihə çərçivəsində Bayıl bulvarına çıxışa imkan verən piyada keçidinin tikintisi işləri də başa çatdırılıb. Yeni tikilmiş piyada keçidinin eni 8 m, hündürlüyü 4 m, uzunluğu 226 m-dir. Yeraltı piyada keçidinin 4 çıxışı var. Keçiddə 8 eskalator və əlillərin rahat hərəkət etmələri üçün xüsusi qurğu quraşdırılıb. Beləliklə, keçidin inşası sakinlərin Əhəd Yaqubov küçəsi, Dövlət Bayrağı Meydanı və Bibiheybət yolu istiqamətlərinə təhlükəsiz hərəkətini təmin edir.

Olimpiya Stadionu ətrafında ümumi uzunluğu 14,8 km , 4-6 zolaqlı yeni yolların və Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq metronun “Koroğlu” stansiyasına qədər yeni avtomobil yolunun inşasının birinci hissəsi layihəyə uyğun olaraq başa çatdırılıb. Yolun birinci hissəsi əsasən Bakı Olimpiya Stadionu ətrafındakı əraziyə düşür. İnşa olunan  yolun uzunluğu 1 km və onun hərəkət hissəsi 2-6 zolaqlıdır. Yol boyunca 2 körpü inşa olunub. Birinci körpünün uzunluğu 205, ikinci körpünün uzunluğu isə 162 metrdir.

Bu layihə çərçivəsində  uzunluğu 900 m, eni isə 30 m yaxın olan piyada yolu inşa edilib, yol üzərində iki tunel tikilib. Yolun qapalı hissəsinin uzunluğu 92, açıq hissəsinin uzunluğu 691 m-dir. Piyadalar üçün nəzərdə tutulan yolda 115 m uzunluğunda kompleksə daxil olan üçüncü körpü də inşa olunub.    

Uzunluğu 1,4 km, eni 21,5 m olan Stend Atıcılığı İdman Kompleksinə gedən yolun tikintisi işləri  də oyunlar başlayanadək başa çatıb.

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun “Avtovağzal dairəsi” adlanan ərazisinin Bakı Dairəvi-1 avtomobil yoluna birləşdirilməsi məqsədilə inşa edilən yeni yol-körpü kompleksinin tikintisi də uğurla başa çatıb. Ümumi uzunluğu 1070 m olan yolun körpüyə qədər hissəsinin eni 22 m-dir və 4 hərəkət zolağından ibarətdir. 15  aşırımdan ibarət körpünün uzunluğu 451 m, eni isə 13 m-dir.

Bakı-Sumqayıt yolunun 9-cu km-də inşa olunan ümumi uzunluğu 400 m olan 5 körpü və Sumqayıt-Bakı istiqamətində 2350 metr uzunluğunda yan yollar genişləndirilib və yolun eni 15 metrə çatdırılıb. Bütün bunlar Bakı-Sumqayıt yolunda tıxac probleminin aradan qaldırmasına və əhalinin rahatlığının təmin edilməsinə mühüm töhfə verib.

Biləcəri-Xocasən istiqamətində avtomobil yolunun yenidən qurulması və Yeni dənizkənarı bulvar yolunun salınması (NOBEL prospekti) işləri də başa çatıb. Bu dövr ərzində Mingəçevir şəhərində Kür çayının üzərində inşa edilmiş ümumi uzunluğu 190 metr olan körpünün əsaslı təmiri və Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 186-cı kilometrliyində Boladiçay üzərində yerləşən körpüdə qəzanın nəticəsində aşırım tirlərinin bərpası işləri başa çatdırılıb.

2015-ci ildə uzunluğu 20 kilometrə yaxın, 3-cü texniki dərəcəli,eni 12 metr, 2 hərəkət zolaqlı Göyçay-Ucar  avtomobil yolunun, Ağsu-Kürdəmir-İmişli avtomobil yolu layihəsinin uzunluğu 37 km təşkil edən Ağsu-Kürdəmir hissəsinin yenidən qurulması, Şəki-Qax-Zaqatala avtomobil yolunun uzunluğu 35 km olan Şəki-Qax hissəsinin yenidənqurulması layihələri də uğurla başa çatıb.

Layihələrin başa çatması ilə bağlı açılış mərasimləri prezident İlham Əliyevin iştirakı ilə həyata keçirilib.

Qeyd edək ki, hazırda regionlar üzrə daxili investisiya hesabına ümumi uzunluğu  381 km təşkil edən avtomobil yolunun və 14 ədəd körpünün tikintisi işləri davam etdirilir.

Tikintisi davam etdirilən respublika əhəmiyyətli yollar

Regionlar üzrə tikintisi davam etdirilən respublika əhəmiyyətli Şəki-Qax-Zaqatala avtomobil yolunun Şəki-Qax sahəsinin (35 km) əsaslı təmiri (2015-ci il noyabrın 4-də Prezident İlham Əliyevin iştirakı ilə Şəki-Qax yolunun açılış mərasimi keçirildi), Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 47-ci kilometrində dəmiryol xətti üzərində yol ötürücüsü, Ələt-Astara yolunun  139-ci km-də Mişar çay üzərindəki körpünün əsaslı təmiri, Quba-Qonaqkənd avtomobil yolunun 5, 30, 35, 36 və 41-ci km-də körpülərin, Qəbələ-Bum –Qəmərvan avtomobil yolunun 13 və 14-cü km-də körpülərin,  Qəbələ rayonu ərazisində Xizək idman kompleksinə gedən avtomobil yolunda Dərə üzərində körpü keçidi (1 aşırımlı) və 2 aşırımlı körpülərin, həmçinin Qolf  meydançasına gedən avtomobil yolunda Dəmiraparançay üzərində körpü keçidi ( 10 aşırımlı körpü), Qusar - Əniğ - Ləzə 4 zolaqlı avtomobil yolunun və körpünün tikintisi layihələri üzrə tikinti işləri davam etdirilib.

Tikintisi davam etdirilən yerli əhəmiyyəti yollar

Həmçinin, tikintisi davam etdirilən yerli əhəmiyyəti yollardan Xocasən-Lökbatan, Qusar-Əniğ-Ləzə 4 zolaqlı avtomobil yolunun 10 km-lik hissəsi və körpü, Şamaxı-Göylər-Çöl Padar yolu, Kür çayı üzərində “Babazanan” yaşayış sahəsini rayon mərkəzi ilə birləşdirən körpü, Salyan-Şirvan yolu, Qəbələ rayonunda idman kompleksləri üçün tikiləcək avtomobil yollarında 3 ədəd körpünün tikintisi, Gədəbəy rayonunun Şınıx bölgəsində Dəyirmançay üzərində və Miskinli bölgəsində Qaraçay üzərində körpü keçidlərinin tikintisi, Qəbələ-Bum-Qəmərvan  avtomobil yolunun 13-cü və 14-cü km-də qəzalı vəziyyətə düşmüş körpülərin yerində yeni körpülərin tikintisi, Kür çayı üzərində körpünün əsaslı təmiri layihələrini və s. misal gətirə bilərik.

Bakıda tikintisi davam edən layihələr

Bakı şəhəri ərazisində daxili investisiya hesabına tikintisi davam edən layihələrə Həsən Əliyev küçəsindən Ziya Bünyadov küçəsinə paralel olaraq “Koroğlu” metro stansiyasına qədər yol ( II mərhələ), Ağ şəhərə gedən avtomobil yolları, Bilgəh-Novxanı-Sumqayıt-M4 (18km)  avtomobil yolu (14-42 km hissəsi ), Qala-Pirallahı avtomobil yolu,  Pirallahı qəsəbəsini sahillə birləşdirən avtomobil körpüsü, Zığ - Hövsan avtomobil yolu və s. aiddir.

Xarici investisiya ilə maliyyələşdirilən layihələr

Bu gün respublikanın nəqliyyat-yol infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi istiqamətində dövlət büdcəsindən əsaslı vəsait qoyuluşları ilə yanaşı beynəlxalq maliyyə institutlarından və digər kreditor qurumlardan cəlb olunan kreditlər hesabına iri miqyaslı layihələr həyata keçirilir.

M2 Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolu

I dərəcəli yolun ümumi uzunluğu dövrələmə yollarla birgə 513 km-dir.  Bundan 503 km-i II dərəcəli 2 zolaqlı olmaqla, 212 km-i  isə I dərəcəli 4 və 8 zolaqlı olmaqla  tikilib istifadəyə verilib. 2015-ci il dekabr ayının 30-da  magistralın 80 km uzunluğunda Hacıqabul-Kürdəmir hissəsində əlavə 2 zolaq tikilməsi başa çatdırılmış və “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin sədrinin və yerli icra hakimiyyətinin nümayəndələrinin iştirakı ilə açılış mərasimi keçirilib. Hazırda  87  km uzunluğunda olan hissədə (Kürdəmir-Ucar-Yevlax hissəsi) əlavə 2 zolaq tikilməklə yolun I  texniki dərəcəyə çatdırılması sürətlə davam etdirilir və 2016-cı ilin I rübündə istismara verilməsi nəzərdə tutulub.

Beləliklə qədim “İpək” yolundan istifadə edən nəqliyyat sahibləri və sərnişinlər Bakı şəhərindən Gəncəyədək I texniki dərəcəli,  ayri-ayrı istiqamətlər üzrə hərəkət hissələrinə malik, təhlükəsiz, hər cür yolkənarı xidmət obyektlərinə malik yoldan istifadə edərək mənzil başına qısa vaxt ərzində çata biləcəklər.  

Yolun qalan Gəncə-Gürcüstan sərhədi 130 km hissəsinin I dərəcəli yol standartlarına uyğunlaşdırılmaqla tikintisi yaxın gələcək üçün planlaşdırılır və lazımi tədbirlər görülür.

M3 Ələt-Astara-Iran Respublikası ilə dövlət sərhədi avtomobil yolu

Mövcud yolun uzunluğu 243 km-dir, yeni trassa üzrə I dərəcəli 4 zolaqlı yolun uzunluğu 39 km azalmaqla 203.9 km olması nəzərdə tutulur. 31 km yolun və Lənkərənçay üzərindəki körpünün tikintisi başa çatdırılmışdır. 172.9 km yolun tikintisi isə davam etdirilməkdədir.  30 km-lik Şorsulu-Cəlilabad hissəsinin tikintisi üçün Asiya İnkişaf Bankı ilə Kredit Sazişi imzalanmış və tikinti işlərinə yaxın zamanda başlanılması üçün bütün lazımi tədbirlər görülür.

M-4 Bakı-Şamaxı 15-45 km avtomobil yolunun 4 zolağa genişləndirilməsi layihəsi

Layihə üzrə Azərbaycan Respublikası Hökuməti ilə Dünya Bankı arasında Kredit Sazişi 2010-cu il 11 avqust tarixdə imzalanmışdır. 30 km uzunluğunda yolun tikinti işlərinə 2011-ci ilin avqust ayının 22-də başlanılıb. Layihə üzrə faktiki fiziki tərəqqi  70.09% təşkil edir. 

Bakı-Şamaxı yolunun 4 zolağa genişləndirilməsi

22.9 km uzunluğunda yolun tikintisinə 2013-cü ilin avqust ayının 15-də başlanılıb. Hazırda kommunikasiya xətlərinin köçürülməsi başa çatdırılmış, torpaq yatağının, yol geyiminin dənəvər laylarının, bitumlu əsas layının, suötürücü boruların, yeraltı keçidlərin, Ceyrankeçməz çayı üzərində birinci körpünün tikintisi işləri görülür. Layihə üzrə faktiki fiziki tərəqqi 58.26 % təşkil edir.

23.5 km uzunluğunda yolun tikintisinə  2013-cü il dekabrın 5-də başlanılıb. Layihə üzrə faktiki fiziki tərəqqi 34.56% təşkil edir. Layihənin 2016-ci ilin iyul ayında başa çatdırılması gözlənilir.

Bakı-Şamaxı-Yevlax (M4) avtomobil yolunun “Muğanlı-Yevlax hissəsinin yenidənqurulmasi” layihəsi

115 km uzunluğunda yolun tikintisinə 2010-cü ilin may ayında başlanılıb. Layihə üzrə faktiki fiziki tərəqqi  95, 44% təşkil edir.

Nəqliyyatın hərəkətinin təhlükəsizliyi ilə bağlı həyata keçirilən tədbirlər

Bakı şəhərində nəqliyyat axınlarının daha səmərəli idarə olunması məqsədilə gərgin iş rejimində işləyən yol qovşaqlarında aparılan yenidən qurma işləri öz müsbət nəticələrini verib. Uzun illərdir ki, günün istənilən vaxtı “tıxacla” rastlaşdığımız Heydər Əliyev prospekti ilə Babək prospektinin kəsişməsində (“Ramstore” yol qovşağında), əsas yol kəsişmələrindən İnşaatçılar prospekti ilə Nəriman Nərimanov və Naxçivani küçələrinin kəsişməsində (“Statistika” dairəsində), Həsən bəy Zərdabi küçəsi ilə Əbdülvahab Salamzadə küçələrinin kəsişməsində (“Qələbə k/t qarşısındakı dairədə) və  20 Yanvar dairəsində aparılan məqsədyönlü yenidən qurma işləri,  bu ərazilərdə nəqliyyat axınına müsbət təsir etmiş və nəticədə  sözügedən qovşaqlarda tıxac problemi xeyli azalıb. Heydər Əliyev Mərkəzi qarşısında yan yoldan əsas yola keçidin xeyli genişləndirilməsi (bir hərəkət zolağı enində), eləcə də Heydər Əliyev prospektində Koroğlu metro stansiyası istiqamətində əsas yoldan yan yola 2 yerdə yeni çıxışların açılması da şəhər əhalisi tərəfindən müsbət qarşılanıb.

Babək prospektinin Nəcəfqulu Rəfiyev küçəsi ilə kəsişməsində əsas dairəyə çatmamış geriyə dönmə üçün yeni yolun tikintisi bu ərazidə nəqliyyat sıxlığının azalmasına imkan yaradıb.

Yol nişanları, siqnal dirəkləri, məlumatverici lövhələr

2015-ci il ərzində 1739 ədəd yol nişanları, 11 903 ədəd siqnal dirəkləri, 58 ədəd məlumatverici lövhə,  33 844 p.m  isə əyrixətli tirlər quraşdırılmış və bərpa edilib, 1050,6 min  m2  həcmində yolların xətlənməsi işləri yerinə yetirilib.

“Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” fərmanın icrası olaraq “Azəryolservis” ASC tərəfindən  elektron xidmət bölməsi yaradılıb və istifadəyə verilib.

Ekologiya və yaşıllaşdırma

“Azəryolservis” ASC-nin Yol Yaşıllaşdırma Məhdud Məsuliyyətli Cəmiyyətləri 1551 km magistral avtomobil yolunun, 1829 km isə respublika əhəmiyyətli avtomobil yolunun, ümumilikdə 3380 km avtomobil yolunun təhkim zolağındakı yaşıllıqlara xidmət göstərilir.

2015-ci il ərzində I Avropa Oyunlarının yol şəbəkəsinə daxil olan Bakı Dairəvi-I avtomobil yolunda 6000 ədəd, Zığ dairəsi – Hava Limanı avtomobil yolunda 9000 ədəd, Heydər Əliyev və Babək prospektləri, Yusif Səfərov küçəsindəki yol qovşaqlarının ərazilərində, Qələbə k/t qarşısındakı meydanda və İnşaatçılar prospektində (“Statistika dairəsində”) 2000 ədəd kol bitkisi, 6000 ədəd gül kolu və 12000 m2 qazon otu əkilib. Bu yaşıllıq sahələrinə su xətləri çəkilib, damla üsulu ilə suvarma sistemləri quraşdırılıb.

2015-ci il ərzində respublika üzrə 74 630 ədəd ağac, ümumilikdə 424,8 hektar ərazidə 254 894 ədəd müxtəlif növ ağac və kol bitkisi əkilib. Hazırda magistral və respublika əhəmiyyətli avtomobil yollarının mühafizə zolağında 1 092 300 ədəd ağac və kol bitkisi, o cümlədən 895 625 ədəd çoxillik ağac mövcuddur. Yolların mühafizəsi xidmətini həyata keçirən tabelikdə olan cəmiyyətlər tərəfindən 2015-ci ildə 4005 inzibati xəta hadisəsi aşkar edilərək protokol tərtib edilmiş və inzibati xətalara dair işlərə baxmaq səlahiyyəti olan şəxslərə göndərilməsi təmin edilib.

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh