Bakı metrosunun havasızlıq PROBLEMİ – İctimai nəqliyyat, yoxsa hamam otağı?
Vətəndaşların bir çoxunun tıxaca düşməmək üçün daha çox istifadə etdiyi ictimai nəqliyyat növü məhz metrodur. Onlar metro vasitəsilə gedəcəkləri yerə daha tez çatmaq istəyirlər. Ancaq günümüzdə metrodakı sıxlıq, xüsusilə, köhnə tipli, kondisionersiz qatarların çoxluğu sərnişinlərin işini çətinləşdirir, hətta hamam otağını xatırladan qatarlarda halı pisləşənlərin sayını artırır.
Havalar nisbətən sərinləşsə də, qatarlardakı isti hava daha düzünü desək, havasızlıq saunadan fərqlənmir. Pik saatlardakı sıxlığı da üstünə gəlsək, metrodan, konkret desək, qatardan çıxan sərnişinlərin sanki duş qəbul edib, hamam otağından çıxdığının şahidi olursan.
Maraqlıdır XXI əsrdə və inkişaf etmiş müasir dövrdə metro platformalarında və ya qatarlarda niyə lazımi sərinləmə tədbirləri görülmür? Köhnə tipli qatararlara kondisioner quraşdırmaq mümkün deyilsə, xətdən çıxarılıb, yeniləri ilə niyə əvəzlənmir? Gediş haqqı artırıldığı halda sərnişinlərə niyə yetərli xidmət göstərilmir?
Məsələ barədə açıqlama verən “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov suallarımıza belə cavab verib:
“Köhnə tipli qatarlara kondisioner quraşdırılması texniki cəhətdən mümkün deyil. Bununla bağlı istehsalçı müəssisənin də rəyi var. Belə prosesin mümkün olması üçün qatar sökülməli, yenidən lahiyələndirilərək yığılmalıdır. Bu, faktiki olaraq yeni qatar yığmaq deməkdir. Çünki bu zaman soyuducu quraşdırılmalı, hava və soyuducu xətlərinin müvafiq kanalı olmalı, elektrik sistemi yenidən qurulmalıdır”.
Müsahibimiz “Bakı Metropoliteni”ində 3 xətt istiqamətində hərəkət edən 61 qatardan yalnız 23-nün yeni tipli qatarlar olduğunu açıqlayıb:
“Bunların 3-ü “İçərişəhər-Həzi Aslanov”, 20-si isə Dərnəgül-Həzi Aslanov istiqamətində yaşıl-qırmızı xətlər üzrə olmaqla hərəkət edir.
Köhnə qatarlar istismar müddətini bitirdikdən sonra xəttdən çıxarılır, yeni tipli qatarlarla əvəz edilir. 3 illik müqaviləyə əsasən ümumi 13 yeni qatar alınacaq, bunlardan 7-si bu il Bakıya gətirilərək xəttə buraxılacaq. Nəticədə, xətdə yeni tipli qatarların sayı daha çox olacaq”.
Bəxtiyar Məmədov onu da vurğulayıb ki, sərnişinlər daha çox yeni qatarlara minməyə üstünlük verir və yeni qatarların sayı da buna imkan verir. O əlavə edib ki sentyabrın 16-sı tədris ilinin başlanmasıyla metropolitenin hərəkət qrafikində dəyişiklik olacaq.
Maraqlıdır, 23 təzə qatarın hər biri gün ərzində xəttdə buraxılır?
Qurum rəsmisi bu məsələyə də aydınlıq gətirib:
“23 təzə qatarın hər biri gün ərzində xəttə buraxılır. Düzdür, 12-20 saat ərzində xətt üzərində olan qatara qət etdiyi məsafədən asılı olaraq baxış, qulluq, texniki xidmət növləri var və qatar müəyyən məsafədən sonra bu proseslərdən keçir. Bu hallar istisna olmaqla, təzə qatarlar gün ərzində dövri olaraq xətt üzərində olur. Çünki bunlar elektronika ilə təchiz olunub.
Qatar nə qədər çox işləsə, onun daxilindəki sistemin tarazlı, normal işləməsi mümkündür. Hətta, pandemiya dövründə problemlərimizdən biri də bu idi ki, sərnişinlərin metroya girişinə məhdudiyyət qoyulduğu üçün qatarların boş qalıb işləməməsi idi. Çünki elektron sistemi rütubətli yerdə çox qalarsa, bu onun sisteminin sıradan çıxmasına səbəb ola bilər. Gətirilən yeni 7 qatar da sınaq işləri başa çatdıqdan sonra da dövri olaraq xəttə buraxılacaq”,- deyə müsahibimiz cavablayıb.
Bəxtiyar Məmmədovun fikrincə, yeni tipli qatarların sayı nə qədər çox olsa, narazılıqlar o qədər az olacaq:
“2018-ci ildə sərnişinlər arasında aparılan sorğuda onların 100%-i də qatarların kondisioner sisteminin olmamasından narazı idi. Amma ötən ilin və bu ilin əvvəlində aparılan sorğuda narazı olanların sayı 50%-dən aşağıdır. Səbəbi isə yeni qatarların sayının artırılmasıdır və bu da davamlı prosesdir, sadəcə hamısını eyni anda yeniləmək qeyri-mümkündür.
(bizim.media)