Bakı sakinlərinin əsəb mənbəyi: Tıxaclardan həmişəlik yaxa qurtarmaq mümkündür?

Gündəm 29 Noyabr 2024 14:00 Oxunub 282
Bakı sakinlərinin əsəb mənbəyi: Tıxaclardan həmişəlik yaxa qurtarmaq mümkündür?
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Azərbaycan COP29 kimi beynəlxalq əhəmiyyətə malik tədbirə ev sahibliyini üzüağ yekunlaşdırdı. Həmin dövrdə şəhərdə uzunmüddətli tıxaclara rast gəlinmədi. Hətta bunu ölkəmizə gələn xarici qonaqlar da dilə gətirdilər.

Avtosfer.az xəbər verir ki, beynəlxalq konfrans dövründə paytaxtda müşahidə olunan tıxacsız mənzərə əhali tərəfindən tədbirdən sonrakı dövr üçün də arzuolunandır. Vətəndaşlar tədbir başa çatdıqdan sonra tədbirdən əvvəlki dövrdə olduğu kimi, paytaxtın şimal girişi, eləcə də Mikayıl Useynov, Heydər Əliyev,  8 Noyabr prospektlərində, həmçinin son günlər Ukrayna dairəsində turbo tipli dairəvi hərəkət sxeminin təşkili ilə əlaqədar təmir işlərinin yaratdığı tıxacların artıq aradan qaldırılmasının labüdlüyünü vurğulayır.

Bəs Bakıdakı nəqliyyat sıxlığının qarşısını almaq üçün nə etmək lazımdır? Ümumiyyətlə, şəhərdəki tıxaclardan həmişəlik yaxa qurtara bilərikmi?

Mövzu ilə əlaqədar nəqliyyat eksperti Elməddin Muradlı müsahibəsində bildirib ki, tıxacla mübarizənin bir çox üsulları var:

“İlk növbədə ictimai nəqliyyatı inkişaf etdirmək, insanlar üçün əlçatan hala gətirmək lazımdır. Yəni, avtobusların sayı, marşrutun intervalı qaydasında olmalıdır. Eynisi qatarlara da aiddir, qatarların vəziyyəti, onların intervalı əlverişli olmalıdır. Yayda insanlar istidən əziyyət çəkməməlidir, qatarlarda normal havalandırma sistemi olmalıdır. Qışda qatarlar normasında isdilməlidir. Bütün bunlar təmin olunduğu halda, vətəndaşlar fərdi avtomobillərindən imtina edib ictimai nəqliyyatdan istifadə edəcəklər. Amma bu gün müşahidə edilən odur ki, ictimai nəqliyyat şaxələnməyib. Metro stansiyaların sayı arzuolunan qədər deyil. Məsələn, Bakının indiki vəziyyəti 60 metro stansiyası tələb edir, lakin hələ 27 stansiyamız var və bu heç də yaxşı göstərici deyil. Ümumilikdə bu məsələlərin həlli mümkün olarsa, biz tıxacdan xilas ola biləcəyik. Üstəlik, nəzərə almaq lazımdır ki, COP29 beynəlxalq konfransı, eləcə də başqa dövrlərdə də biz ortaya yaxşı nəticə qoymağı bacardığımızın şahidi olmuşuq. Doğrudur, konfrans baş tutan vaxt təhsil müəssisələri bağlı idi, iş yerlərində müəyyən məhdudiyyətlər tətbiq edilmişdi, yəni işçilərin bir hissəsi evdən işləyirdilər. Buna görə də tədbir çox rahat və təhlükəsiz şəkildə keçdi”.

Ekspert həmçinin  vurğulayıb ki, iş yerlərinin, orta və ali təhsil müəssisələrinin şəhər mərkəzində yerləşməsi nəqliyyatda da fəasdlar yaradır:

“Bunun da həlli ondadır ki, ya iş saatları dəyişdirilməlidir, ya da daha böyük addımlar atılmalıdır. Məsələn, böyük müəssisələr şəhər kənarına çıxarılmalıdır. Əgər bu qərar verilərsə, şəhər kənarını ictimai nəqliyyatla da təmin etmək gərəkəcək. Yeni alternativ yolların çəkilməyinə də ehtiyac var. Onu da qeyd edim ki, Bakının Baş planında 2040-cı ilədək qarşıya hədəflər qoyulub. Bu hədəflərə planda yazıldığı kimi, yaxud da orada yazılanlardan əlavə proseslər də nəzərə alınacaq şəkildə nail olunacaqsa, o zaman vəziyyətimiz yaxşı olacaq. Yeni körpülər, tunellər və yollar çəkiləcək. Metro stansiyalarının sayı 47-yə çatdırılacaq, eləcə də avtobus xətti və tramvayların bərpası nəzərdə tutulub ki, bu da özlüyündə tıxacın aradan qalxmasına gətirib çıxaracaq”.

Elməddin Muradlı sonda onu deyib ki, bütün qeyd edilənlərin doğru icra edilməsi cəmiyyətin ən böyük gözləntilərindən birinə çevrilib.

Səfər

ŞƏRH YAZ
Ad

E-mail

Şərh