Banner

Bakı-Tiflis-Qars xətti bu il açılacaqmı...

Gündəm 10 Yanvar 2017 14:00 Oxunub 1634
Bakı-Tiflis-Qars xətti bu il açılacaqmı...
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ekspertlərin fikrincə, əsas problem Azərbaycanın bu yolun tikintisində çox gecikməsidir

Ötən ilin sonunda Bakı-Tiflis-Qars dəmir yolu bağlantısının Gürcüstan hissəsində sınaqlar keçirilib. “Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, Bakı-Tiflis-Qars dəmir yolu bağlantısının Gürcüstan hissəsində işlər tamamlanmaq üzrədir. Bu məqsədlə artıq bəzi sınaqların keçirilməsinə başlanıb. Bağlantının Gürcüstan hissəsindən Türkiyə sərhədinə kimi dizel ilə işləyən lokomotivlərin bir neçə dəfə sınağı keçirilib. Bütün yol boyunca lokomotivlər maneəsiz hərəkət edə bilirlər.

Bildirilir ki, bugünlərdə Axalkalaki stansiyasındakı təkər cütlərinin dəyişmə məntəqəsində yüklü vaqonun təkər arabacıqları dəyişdirilərək (1520 millimetr standartlı izdən 1435 millimetr standartlı izə keçirilərək) Türkiyə sərhədi istiqamətinə göndərilməsi sınağı uğurla həyata keçirilib. Eyni zamanda stansiyadakı konteyner meydançasında 40 tonluq kranla iritonnajlı konteynerin vaqondan-vaqona götürülüb qoyulması sınağı da uğurlu alınıb.

Həmçinin qeyd edilir ki, Azərbaycan Bakı-Tiflis-Qars yeni dəmir yolu bağlantısı layihəsinə qoşulmaqla gələcəyə hesablanmış daha bir addım atıb. Gətirə biləcəyi bütün iqtisadi dayaqlarla yanaşı, Bakı-Tiflis-Qars tranzit daşımaların mərkəzinə çevrilən Azərbaycanın regionda söz sahibi olmasını təsdiqləyən bir faktor kimi çox önəmlidir. Bu dəmir yolu bağlantısı layihəsinin reallaşması məsələsi Azərbaycan, Gürcüstan, Türkiyə hökumətləri və dəmir yolları rəhbərlərinin diqqət mərkəzindədir. Bu, hər üç ölkənin, eyni zamanda həmin nəqliyyat dəhlizinin xidmətlərindən istifadə etmək marağında olan başqa ölkələrin də sıx nəqliyyat əlaqələri qurmasına böyük imkanlar açacaq.

Avtosfer.az xəbər verir ki, bu barədə ekspertlər musavat.com-a layihənin bu il üçün gözlənilən durumundan danışıblar.

Ekspert Natiq Cəfərli bildirib ki, layihə ən geci  2014-cü ildə işə düşməli idi: “İlkin razılığa görə 2014-cü ilə qədər işlər tamamlanmalı, yol fəaliyyətə başlamalı idi. Sonradan müəyyən fəaliyyət çətinlikləri, işlərin gecikdirilməsi oldu. Baxmayaraq ki, Gürcüstan ərazisində tikintinin tamamını Azərbaycan maliyyələşdirirdi, çətinliklər yarandı.

Gürcüstana uzunmüddətli, sıfır faizli, 20 illik kredit vermişdi, kredit 200 milyon dollar həcmində idi. Bu gün də həmin kredit qüvvəsindədir. Bu yolun Gürcüstan ərazisindən çəkilməsinə görə Azərbaycan sıfır faizlə kredit verir. Türkiyə ərazisində də müəyyən problemlər var idi. Ən qısa hissə məhz Türkiyə ərazisində idi. Bir neçə on kilometrlik yolun çəkilməsindən söhbət gedirdi. Əsas problemlərdən biri vaqonların çarxlarının dəyişdirlməsi üçün xüsusi təchiz olunmuş avadanlıqlarla dolu vaqon stansiyaları tikilməli idi. Çünki postsovet məkanının dəmiryol xətləri ilə Avropanın reyslərinin arasında fərq var, pərlərin uyğunsuzluğu problemi var. Əsas problemlər Türkiyə ilə bağlı idi, bu stansiyanın tikilməsi gecikdirilirdi. Son bəyanatlardan belə məlum oldu ki, bu işlər tamamlanır.

Ola bilər ki, 2017-ci ilin ilk yarısında yol fəaliyyətə başlasın. Sadəcə, burada çox ciddi bir məsələ var. Azərbaycan bu yolun işə düşməsinə çox böyük ümidlər bağlamışdı. Tranzitdən vəsaitlərin qazanılması nöqteyi-nəzərdən ümidləri vardı. Amma bu yola bir neçə alternativ yollar da tikilirdi. Onlar artıq fəaliyyətə başladı. Londona qədər uzanacaq dəmir yolunun açılışı artıq baş tutdu və Azərbaycandan keçən yoldan daha qısa və daha ucuz tariflər təklif etdi. Yəni indi bu yol açılsa belə, Azərbaycanın tranzitdən gözləntiləri, gözlədiyi qazanclar reallaşmaya bilər. Əsas problem odur ki, Azərbaycan bu yolun tikintisində çox gecikdi. Tək Azərbaycanla bağlı olmasa da, yolun təhvil verilməsi çox gecikdi və rəqiblər daha üstün mövqeyə malik olmağa başladılar. Bu yol hətta işə düşsə belə, Azərbaycan üçün yüklərin Azərbaycan üzərindən çatdırılmasını təşviq etmək çox çətin olacaq. Bu da gəlirlilik səviyyəsi çox aşağı layihəyə çevrilə bilər”.

Xatırladaq ki, 2007-ci il noyabrın 21-də Gürcüstanın Tetri-Skaro rayonunda- Marabda stansiyasında Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısının Gürcüstan hissəsinin, 2008-ci il iyulun 24-də isə Türkiyənin Qars şəhərində Bakı-Tbilisi-Qars bağlantısının Türkiyə hissəsinin tikintisinə start verilib. Layihənin maliyyələşmə yükü əsasən Azərbaycanın üzərindədir. Uzunluğu 153 km olan mövcud Axalkalaki-Marabda dəmir yolu xəttinin reabilitasiya-rekonstruksiyasının maliyyələşdirilməsinə Azərbaycan 775 milyon dolları ayırmağı öhdəsinə götürüb. Qeyd edilir ki, Azərbaycan hökuməti Ermənistandan yan keçməsinə görə bu layihənin reallaşmasında çox maraqlıdır.

 

Bu il oktyabrın 1-nə olan məlumata görə, bu layihənin tikintisinə təkcə Azərbaycan Dövlət Neft Fondundan 619,8 milyon dollar pul ayrılıb. Hələ tam başa çatmayan layihəyə ümumilikdə nə qədər pul xərcləndiyi açıqlanmayıb. Sonuncu dəfə bir neçə həftə əvvəl Türkiyənin baş naziri Binəli Yıldırım Bakı-Tbilisi-Qars dəmiryol layihəsinin 2017-ci ilin birinci rübündə işə salınacağını demişdi. Yayda isə Türkiyə prezidenti dəmir yolu xəttinin 2016-cı ilin sonunda işə düşəcəyini bildirmişdi.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh