Bakıda növbəti önəmli tədbir: Ahıska türklərinin qurultayı keçirildi – FOTO - VİDEO
Ötən gün paytaxtda Dünya Ahıska Türkləri Birliyinin (DATÜB) V qurultayı təşkil olundu.
Avtosfer.az xəbər verir ki, “Hilton” hotelində təşkil edilən qurultayda dünyanın 9 ölkəsindən 200-dən çox qonaq iştirak edib.
Qurultay iştirakçıları əvvəlcə Birinci Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin və görkəmli oftalmoloq alim Zərifə Əliyevanın məzarını ziyarət ediblər.
Qurultayın Ahıska Türklərinin Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünə verdiyi dəstəyi və bu xalqın milli mübarizədəki rolunu bir daha nümayiş etdirmək məqsədi ilə Baki şəhərində keçirilməsi zərüri hesab edilib. Tədbirdə ölkəmizin incəsənət nümayəndələri, Türkiyənin, eləcə də ahıska türklərinin dəyərli ictimai xadimləri, vəzifəli şəxsləri, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin keçmiş bölmə rəisi Vaqif Əsədov və başqaları iştirak edib.
1-ci və 2-ci Qarabağ müharibəsində ahıska türklərinin göstərdiyi qəhrəmanlıq və fədakarlıq danılmazdır. İlk müharibədə ahıska türkləri 100-ə yaxın şəhid verib və onlardan 1 nəfər Milli Qəhrəmandır, 2-ci Qarabağ müharibəsində isə 9 şəhid verib və onlardan da 1 nəfər Vətən Müharibəsi Qəhrəmanıdır. Bu igidlər, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda öz canlarını fəda edərək, tarixdə silinməz iz buraxıblar.
DATÜB-ün başqanı Ziyattin Kassanov müharibədən sonra şəhid ailələri ilə görüşərək, onlara həm maddi, həm də mənəvi dəstək verib. Bu cür addımlar, ahıska türklərinin hər zaman Azərbaycanın yanında olduğunu əks etdirib.
Bakı şəhərində keçirilən 5-ci qurultayda işğaldan azad olunmuş Qarabağ torpaqlarının əhəmiyyətini və Azərbaycan xalqının Qarabağ zəfərini qeyd etməyə xüsusi diqqət yönəldilib. Ahıska türkləri Qarabağ müharibəsində göstərdikləri dəstəklə, bu tarixi anın bir hissəsi olub və Azərbaycanın hər zaman yanında olmağa davam edəcəklərini bir daha sübut ediblər.
Qurultayda, Dünya Ahıska Türkləri Birliyinin İdarə Heyətinin seçilməsi, tarixi və gələcək inkişaf perspektivləri və digər məsələlər müzakirə edilib. Tədbirdə həmçinin, Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, ABŞ, Gürcüstan, Qırğızıstan, Şimali Kipr və Ukraynadan qonaqlar, ekspertlər və mütəxəssislər də iştirak ediblər.
Qurultayın sonunda tədbirdə iştirak edən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin keçmiş bölmə rəisi Vaqif Əsədov və digər qonaqlar ahıska türkləri ilə “Sıx əməkdaşlığa görə” medalı ilə təltif edildi.
Səfər