Bakıda polisin tapdığı 10 min manat onun imiş... - FOTO
Bir neçə gün öncə Bakının Səbail rayonunda yerləşən Əl Oyunları Sarayında basketbol beynəlxalq yarışında polis əməkdaşları 10000 manat pul tapıb sahibinə qaytarmışdı.
Avtosfer.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, həmin pul millimizin sabiq basketbolçusu, “Quba” komandasının oynayan məşqçisi Zaur Paşayevə məxsus imiş.
O, bu barədə Prosport.az-a müsahibəsində deyib:
“Bildiyiniz kimi, Basketbol Federasiyasının ofisi Bakı İdman Sarayında yerləşir. Mühasib “Quba” komandasının əməkhaqqısını vermişdi. Mən də pilləkəndən enəndə, cibimdən 10 min manat düşmüşdü. Sağ olsun ki, polis işçiləri itirən şəxsi axtardı. Mən də oyunun başlanmasını gözləyirdim. Birdən mühasib dedi ki, verdiyim pulu itirməmisən? Əlimi cibimə atdım ki, yoxdur. Dedi ki, polis artıq pulu tapıb, sənədləri gəl götür məndən, təqdim et ki, sənin pulundur. Belə oldu, pulu özümüzə qaytardılar. Allah belə polislərimizdən razı olsun (yeri gəlmişkən, federasiya rəhbərliyi həmin polisə təşəkkürnamə təqdim edəcək – red.)”.
Qeyd edək ki, pulun tapılması ilə bağlı DİN-in Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev feysbuk hesabında paylaşım etmişdi. Bu paylaşımdan dəqiqələr sonra pul sahibini tapmışdı.