Banner

Bakıda “şousuz” qar və ya qarda qalanlar

Gündəm 9 Fevral 2017 13:31 Oxunub 3402
Bakıda “şousuz” qar və ya qarda qalanlar
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu dəfə "Azəravtoyol" sınaqdan üzüağ çıxdı

Hər fəslin öz özəlliyi və gözəlliyi var. Qış  fəslinin isə özəlliyi və onu maraqlı edən təbii ki, qarın yağması, hər tərəfin ağ örpəyə bürünməsidir…

Xarici ölkələrə baxsaq insanlar qışın gəlişini, qarın yağmasını sanki bir bayram kimi qeyd edirlər. Düzdür, bu əyləncənin özü ilə bərabər yaratdığı problemlər də danılmazdır. Və hər yerdə də bu cür problemlər var. Məsələn, nəqliyyatın hərəkəti iflic olur, insanlar mənzil başına çata bilimir, yollar buz bağlayır. Bu müvvəqqəti problem dünyanın istənilən ölkəsində  yaşanır. Amma heç kim bu problemlə öz ölkəsinin və ya hansısa qurumun əleyhinə ifadələr işlətmir.

Və ya biz inkişaf etmiş Avropa ölkəsiyik, niyə bu problemlər yaşanır? - deyənlərin sayı da demək olar ki, azdır. Təbiətin bu şıltaqlığına müvvəqqəti olaraq göz yumub, qarın yaratdığı problemləri bir kənara qoyub, qarın əyləncəsini çıxardanlarla bağlı bu məlumatları internet vasitəsi ilə araşdırma apardığımız zaman əldə etdik. Yəni əsassız danışmırıq.

Bəs Azərbaycanda? 

- Qar yağan kimi:  “Əşi, Bakıya qar yaraşmır” deyənlərin sayı-hesabı olmur. Niyə əziz həmvətənlərimiz? Sualın cavab isə budur : “Qaz kəsilir, işıq sönür, yollar buz bağlayır. Bir sözlə həyat dayanır”. 

- Bu problemi axı tək siz yaşamırsız?!

Məgər digər ölkələrdə bu cür problem yaşanmır? Onlarda qaz-ışıq kəsilmir? Yollar buz bağlamır? Nəqliyyatın hərəkəti iflic olmur? Texnikanın hərəkətinə təbiətin şıltaqlığı meneə törətmir? Əlbəttə, yaşanır, kəsilir və törədir! Çünki istənilən gücdə olan dövlət belə təbiət hadisəsinin qarşısında acizdir və heç bir texnika təbiət hadisəsinin qarşısını tam olaraq ala bilməz də. Necə ki, bir müddət bundan öncə ABŞ-ın paytaxtı Vaşinqtona qarın yağması ilə həyat demək olar ki, dayandı. Bu o demək idi ki, onların aidiyyəti qurumları qışa hazır deyildilərmi?! Əlbəttə yox… 

Yəqin ki, dünya mətbuatında qarın yaratdığı fəsadları, neçə- neçə insanın həyatına son qoymasını, dəhşətli qəzaları və saysız-hesabsız hadisələrin baş verdiyinin oxucusu olmusuz. Çox uzağa getməyək, qonşu ölkələrdə - Gürcüstan, Türkiyə, Rusiyada qar yağan zaman nəqliyyatın iflic olması,  qəza zamanı dünyasının dəyişənlərin çoxalması, hətta texnikanın bu cür qeyri-sabit hava şəraitinin qarşısında aciz qalması, uçqun altında qalanların olması kimi xəbələrlərə də az rast gəlməmişik. Təbii ki, bunların hamısı çox üzücü faklardır. Amma baxaq görək onlarda da əksər insanlar aidiyyəti qurumların hazırlıqsız olduğunu, heç bir iş görmədiyini deyir? Çünki onlar çox gözəl başa düşür ki, qış fəslidir, qarın yağması normaldır və problemlərin də olması qaçılmazdır..

Haqq üçün demək lazımdır ki, bu dəfə Bakıya qar yağanda aidiyyəti qurumların, xüsusən də “Azəravtoyol” ASC-nin canlı qüvvəsi və texnikası iş başında idi. Amma nədənsə bəziləri onların qeyri- sabit hava şəraitində gecə-gündüz çalışmalarını yenə də görməzdən gəlib, “Azəravtoyol” un gözə görünməyən teknikası və ya canlı qüvvəsi deyib - alay etdilər. Arqument isə budur: “Necə işləyiblər ki, yolda qar var?..”.

Aramsız qar yağanda yolda təbii ki, qar olmalıdır. Texnika yolun bu başında o başına gedib çıxana kimi, təmizlənmiş hissə yeni qarla örtülür. Nəticədə isə çoxlarımız gileylənməyə başlayırıq ki, bəs texnikalar çalışmır, yollar təmizlənmir. Düzdür problemlər var və hər bir ölkədə bu cür problemlər ola bilər, ancaq bu səviyyədə qabardılacaq deyil axı..

Texnikanın çalışmasında əsas məqsəd yolun hərəkət hisssənin iflic olmaması və insanların mənzil  başına qəzasız-bəlasız  çatmasını təmin etməkdir. Yolun hərəkət hissəsində nisbətən də olsa gediş-gəlişə şərait yaratmaqdır və buna da nail olmaq üçün var güclə aidiyyəti qurumlar çalışır. Ümumiyyətlə qarın yağması davam edərkən yerdə qarın olmaması özü ağılasığmaz və yalnış yanaşmadır.

 

Bir az da qarda yolda qalan sürücülərdən...

 

Bəlkə də bu yazı qar yağanda yolda qalan sürücülərin sanki yarasına düz səpmiş kimi olacaq.

- “Nə danışırsız? Siz caamatın vəziyyətindən xəbəriniz yoxdur. Yalan danışırsız! İşləmirlər!” 

Bizə və yol əməkdaşlarının ünavalarına bu cür ifadələr səslənəcək. Belə odlu-alovlu danışan sürücülərin bir neçəsindən soruşsaq ki, avtomobilin qış rejiminə hazırdırmı, qış şinləri ilə təchiz edilibmi? Daşdan-divardan səs çıxacaq ki, sürücüdən çıxmayacaq. Hələ üstəlik, bəhanəsi də olacaq ki, maddi imkanın yoxdur. Halbuki havaların temperaturu aşağı düşən kimi, qar yağdı-yağmadı avtomobilin şinləri dəyişilməlidir. Bu mütləqdir. Niyəsini avtomobil mütəxəsisləri daha yaxşı bilərlər. Hələ üstəlik mövsümə uyğun şinlərdən istifadə hər bir sürücünün də cibinə xeyirdi və bununla hətta qənaət də etmək olar. Yəni mövsümə uyğun şinlərdən istifadə etməklə onların tez sıradan çıxmasının və bununla da uzunömürlüyünün artmasına və cibinizə az ziyan vurmanıza nail ola bilərsiniz. Yəni maddi imkanım yoxdur demək bəhanədən başqa bir şey deyil.

Ancaq qətiyyətlə mövsümə uyğun olmayan şinlərdən istifadə etmək istəmirsinizsə onda hörmətli sürücülər, ictimai nəqliyyatdan istifadə edin. Nə özünüzün, nə də başqasının həyatını təhlükəyə atıb sonra da deməyin ki, günah buzlu yollarda və ya şaxtalı hava şəraitində çalışmayan texnikalardadır.

Necə olur ki, regionlarda olan sürücülər yollarda qalmırlar, avtomobillərinə ziyan dəymir, amma paytaxtda isə həmişə əksinı olur? Belə çıxır ki, onlar qışa daha hazırlıqlıdırlar. Necə olur ki, regionlarda işləyən ictimai nəqliyyat yollarda qalmır paytaxtda isə “Baku Bus”ın avtobuslarından başqa bütün marşrut iflic olur?! Nədənsə nəqliyyatın hərəkətində problem demək olar ki, yalnız paytaxt Bakıda yaşanır.

Çünki bəzi sürücülərimiz qışa hazır deyil. Həmin bəzi sürücülər ucbatından da yollarda hərəkət iflic olur, hazırlıqlı sürücülər yollarda qalır. Hələ hazırlıqsız olan sürücülərin yaratdığı şouya isə mətbuatın xüsusi "duz-istiot" qatması bir başqa mövzudur. Nəticədə isə yol işçilərinin hava şəraitinə, bayram və ya tətil günləri olmasına baxmayaraq gecə-gündüz çalşması kölgədə qalır.

Əziz oxucularımız! Bu materialı hazırlamaqda məqsədimiz yol işçilərini, yollara cavabdeh olan qurumları tərifləmək deyil. Onsuz da tənqid etsək də, tərifləsək də bizlər şirin yuxuda olanda onlar gecə saatlarından başlayaraq səhərə qədər çalışırlar və çalışacaqlar da. Sadəcə olaraq, gəlin az da olsa onların əməyinə hörmət və sayğı ilə yanaşaq. Yoxsa ofisdə isti yerdə kompyuter arxasında əyləşib, çay içə-içə lağlağı xəbər yazmağa nə var ki!...

 

Avtosfer.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh