Bakıdakı avtobuslar üçün Türkiyədən sürücü gətirilsin?

Gündəm 20 May 2016 12:38 Oxunub 1300
Bakıdakı avtobuslar üçün Türkiyədən sürücü gətirilsin?
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Problemi səsləndirənlərə qarşı hazır qovluqda arqumentlər külliyyatı təqdim edilir"

Bakıda avtobus sürücüsü problemi həll olunmur. Avtosfer.az milli.az-a istinadən xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nuridə Allahyarova paytaxtın sərnişin nəqliyyatı sistemində avtobus sürücüləri ilə bağlı problemlərdən bəhs edərkən bildirib.

Onun fikrincə, problem mövcud sürücü bazasının təxminən 80 faizinin zəif təfəkkürlü insanlardan ibarət olmasından qaynaqlanır: "Bu problemin əsas tərəfidir. Biz avtobusu yüksək keyfiyyətə gətirə və ara-sıra sazlamaq üçün müəyyən texniki baxışdan keçirə bilərik, yol infrastrukturunda müəyyən dəyişikliklər edə və tıxacı idarə edə bilərik. Ancaq insan amili varkən onu idarə etmək müşkülə dönür. Axı o sürücünü daim izləmək üçün imkanlar məhduddur. Sürücü də öz məsuliyyətini dərk etməlidir. Tıxac deyirik, açıq danışaq, bizim başqa iri şəhərlərlə müqayisədə tıxac problemimiz, demək olar ki, yoxdur. Yollar, şükür Allaha ki, düzəlir. Get-gedə avtobusları Avropadan idxal edirik, məsələn, "BakuBus"ı nümunə göstərmək olar, ancaq sürücü problemi həll olunmur".

BNA-nın şöbə müdiri hesab edir ki, dünya təcrübəsinin modeli sistemin kopyalanmağı ilə tətbiq olunarsa, daha məqsədə müvafiq olar, nəinki xarici mütəxəssilərin cəlb edilməsi ilə: "Çünki ölkə kifayət qədər potensial nəqliyyatçılar hazırlayır. Ancaq arada düşünürəm ki, çox uzağa getmədən, 3 aylıq bütün sürücüləri azad edib qardaş Türkiyədən sürücü heyəti cəlb etməklə bir nümunə formalaşdıra bilərik. Axı ayıbdır. Bizə niyə davranışda nümunə gərək olsun ki?! Axı niyə biz metroda ayağını uzadıb yatan, avtobusda bardaş quran avropalıdan nümunə mədət umaq?!"

N.Allahyarovanın sözlərinə görə, BNA bu sahədə keyfiyyətli xidmətə nail olunması üçün ictimai rəyi nəzərə alaraq hərəkət edir: "Problemi səsləndirənlərə qarşı hazır qovluqda arqumentlər külliyyatı təqdim edilir. "İctimai iştirakçılıq haqqında" Qanun var. Bu qanunda açıq şəkildə yazılıb ki, dövlət və cəmiyyət həyatının müxtəlif sahələrində dövlət siyasətinin hazırlanmasında və həyata keçirilməsində, ümumdövlət və yerli səviyyədə qərarların qəbulunda, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş mərkəzi icra hakimiyyəti orqanlarının yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə ictimai nəzarətin təşkilində vətəndaşların və vətəndaş cəmiyyət institutlarının bu Qanunla müəyyən edilmiş formalarda iştirakı, dövlət və yerli özünüidarəetmə orqanlarının ictimaiyyətlə məsləhətləşməsi və ictimai rəyin nəzərə alınması şərtdir. Bu müddəa onu deyir ki, problemin həlli qurum qarşısında qaldırılsa belə, o qurum bu qərarı vətəndaş cəmiyyəti institutlarının rəyi və təklifləri ilə aradan qaldırsa, nəticə də mükəmməl olar. Sonucda məqsəd keyfiyyətli xidmət deyilmi? Xidməti də alacaq tərəf söz sahibi olmalı deyilmi? Bakı Nəqliyyat Agentliyi məhz bu cür müraciətlər əsasında ümumi mənzərəni təhlil edərək optimallaşdırma işlərini aparır".

ŞƏRH YAZ
Ad

E-mail

Şərh