Reklam

Bakıdan bəzi rayonlara niyə birbaşa avtobus reysi YOXDUR? – RƏSMİ

Gündəm 4 Noyabr 2024 17:21 Oxunub 184
Bakıdan bəzi rayonlara niyə birbaşa avtobus reysi YOXDUR? – RƏSMİ
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakıdan bölgələrə, həmçinin rayonlardan paytaxta vətəndaşların gediş-gəlişini təmin etmək üçün marşrut avtobusları fəaliyyət göstərir. Lakin Azərbaycanın bütün rayon və şəhərlərinə birbaşa avtobus reysləri təşkil olunmayıb. Belə ki, İsmayıllı və digər rayon sakini yaşadığı şəhərdən avtobusun saat neçədə paytaxta yola düşəcəyini bilir və gedişini buna uyğun planlaşdırır. Amma Şamaxıda, Zərdabda və bir neçə birbaşa sərnişin avtobusu işləməyən rayonun sakinləri bundan məhrumdurlar.

Özəl şirkət daşıyıcıları da demək olar ki, yoxdur. İnsanlar məcbur qalıb, baha qiymətə taksilərdən istifadə edirlər. Günün müəyyən hissəsində isə sözügedən istiqamətlərə ümumiyyətlə taksi tapmaq mümkün olmur.


Qonşu ölkələrdə bu məsələ günün 24 saatı fasiləsiz tənzimlənib. Şəhərdən bölgələrə gedən avtobuslarla yanaşı, müxtəlif şirkətlərin avtobusları da 1 saatdan bir qrafiklə xidmət göstərirlər.

Bəs müvafiq qurumlar bu məsələni niyə tənzimləmirlər?

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, birbaşa reysləri olmayan məntəqələr aralıq məntəqələri kimi müəyyən edilib:

“Bakı Beynəlxalq Avtovağzal Kompleksindən 49 istiqamətə müntəzəm avtobus marşrutu fəaliyyət göstərir. Birbaşa reyslərin olmadığı rayon və məntəqələr isə aralıq məntəqələri kimi müəyyən edilib. Çoxsaylı vətəndaş müraciəti, eləcə də sərnişindaşımada vətəndaş məmnunluğunu təmin etmək məqsədilə bu məntəqələrə getmək istəyən vətəndaşlara daşıyıcıların da rentabelliyi nəzərə alınmaqla imkan yaradılıb. Sərnişinlər Bakıdan bu istiqamətlərə biletləri həm onlayn qaydada “biletim.az” portalı üzərindən, həm də kassalardan əldə edə bilərlər.

Belə ki, Tovuz və Ağstafaya getmək üçün Bakı–Qazax və Bakı–Qazax (Qırmızı Körpü), Ucar və Yevlaxa səfər etmək üçün Bakı–Bərdə, Bakı–Tərtər, Bakı-Mahruzlu (Ağdam) və Bakı-Qaradağlı (Ağdam), Xaldana getmək üçün Bakı–Qax, Bakı–Şəki və Bakı–Zaqatala, Gorana yollanmaq üçün Bakı–Gəncə, Saatlıya getmək üçün Bakı–Horadiz, Şamaxıya səfər etmək üçün Bakı-İsmayıllı, Zərdaba getmək üçün isə Bakı-Ağcabədi reyslərinin imkanlarından yararlanmaq mümkündür”.


Qeyd edək ki, Bakı-İsmayıllı avtobusunda bir gediş üçün biletin qiyməti 6,19 AZN, Şamaxıya gedənlər üçünsə 4,16 AZN müəyyən edilib.

(bizim.media)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh