Banner

Bakının kanalizasiya problemi bir neçə ilə tamamilə həll oluna bilər? - FOTO

Gündəm 10 Yanvar 2026 15:46
Bakının kanalizasiya problemi bir neçə ilə tamamilə həll oluna bilər? - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Hazırda Bakı və ətraf ərazilərdə içməli su təchizatı, kanalizasiya sistemləri üzrə nəzərdə tutulan layihələr həyata keçirilir. Onların icrası yeni infrastrukturun formalaşdırılmasına və şəbəkələrin ötürücülük qabiliyyətinin artırılmasına xidmət edəcək. Görüləcək işlər Bakının kanalizasiya sistemini etibarlı hala gətirəcək.

Bu gün Bakı və Abşeron yarımadasının bəzi yerlərində kanalizasiya xətləri ya köhnəlib, ya da ümumiyyətlə, mövcud deyil. Nəticədə yağan yağış, kanalizasiya suları küçələrdə, bəzən isə evlərin zirzəmilərinə qədər toplanır, hərəkəti çətinləşdirir və sanitar-gigiyenik vəziyyəti pozur. Bu problemi həll etmək üçün "Tikilməkdə olan obyektlərin müdiriyyəti" publik hüquqi şəxsi bu il 572 milyon manatı aşan iri kanalizasiya və sutəmizləyici layihələr həyata keçirəcək.

Prezident İlham Əliyev də yerli telekanallara müsahibəsində bu məsələyə toxunub. "Biz tezliklə Bakı, Sumqayıt və Xırdalanın, bütün Abşeron yarımadasının su-kanalizasiya sistemləri üzrə irimiqyaslı proqram qəbul edəcəyik, çünki buna tələbat böyükdür. Bir çox iş görülüb, lakin hələ də çatışmazlıqlar var. Hələ də güclü yağışlar olanda problemlərlə üzləşirik", - deyə dövlət başçısı vurğulayıb.

Avtosfer.az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Bakının kanalizasiya problemi bir neçə ilə tamamilə həll oluna bilər?

Bəs, görəsən, bu iri layihələr tamamlandıqdan sonra Bakı və ətraf ərazilərdə həyat necə dəyişəcək?

Tullantı suları mərkəzləşdirilmiş şəkildə toplanacaq

Layihələrin ən iri hissələrindən biri Müşfiqabad hövzəsi üzrə həyata keçirilir. Bu ərazidə gətirici kanalizasiya kollektorunun tikintisi üçün "Nort Vest Konstrakşn" MMC ilə 135 milyon manat dəyərində müqavilə bağlanıb. Layihə tullantı suların mərkəzləşdirilmiş şəkildə toplanaraq sutəmizləyici qurğulara ötürülməsini təmin edəcək və 28 fevral 2029-cu ilədək başa çatdırılması nəzərdə tutulur. Eyni şirkət Dərnəgül-Bakıxanov-Qaraçuxur-Hövsan xətti üzrə magistral kanalizasiya kollektorunun tikintisini də həyata keçirəcək. Bu layihənin dəyəri 95 milyon manat təşkil edir və həmin kollektor sıx məskunlaşmış ərazilərdə kanalizasiya yüklənməsinin azaldılmasına xidmət edəcək.

Tullantı suların təmizlənməsi istiqamətində ən böyük layihələrdən biri Lökbatan hövzəsi üzrə sutəmizləyici qurğunun tikintisidir. "Euroline" QSC ilə bağlanmış müqavilənin dəyəri 164 milyon 998 min manatdır. Qurğu tullantı suların müasir ekoloji standartlara uyğun təmizlənməsini təmin etməklə Xəzər dənizinə və ətraf mühitə mənfi təsirlərin azalmasına imkan yaradacaq.

Bakının kanalizasiya problemi bir neçə ilə tamamilə həll oluna bilər?

Müşfiqabad hövzəsində ikinci mühüm layihə sutəmizləyici qurğunun tikintisidir. Avro-Asiya İnşaat Korporasiyası "Evrascon" ASC tərəfindən icra olunacaq bu layihənin dəyəri 102 milyon 486 min manatdır. Qurğu həmin ərazidə formalaşan tullantı suların tam emalını təmin edəcək və mövcud sistemin yükünü əhəmiyyətli dərəcədə azaldacaq.

Böyükşor hövzəsi üzrə sutəmizləyici qurğunun tikintisi üçün "AGE" MMC ilə 64 milyon 698 min manat dəyərində müqavilə bağlanıb. Bu layihə Böyükşor gölünün və ətraf ərazilərin ekoloji vəziyyətinin yaxşılaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.

Sistemin ötürücülük qabiliyyəti artırılır

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti bu layihələrlə əhalinin dayanıqlı içməli su ilə təmin olunmasına, tullantı və yağış sularının təhlükəsiz daşınmasına nail olmağı hədəfləyir. Qurumdan "Kaspi"nin sorğusuna cavab olaraq bildirilib ki, hazırda içməli su təchizatı və kanalizasiya sistemlərinin qurulması və yenilənməsi üzrə nəzərdə tutulan layihələrin tikinti-quruculuq işləri plan üzrə həyata keçirilir:

"Layihələrin icrası yeni infrastrukturun formalaşdırılmasına, mövcud sistemin təkmilləşdirilməsinə və şəbəkələrin ötürücülük qabiliyyətinin artırılmasına xidmət edəcək. Eyni zamanda tullantı sularının maneəsiz daşınması təmin olunacaq, subasma hallarının qarşısı alınacaq və sistemin istismar səviyyəsi yüksəldiləcək".

Bakının kanalizasiya problemi bir neçə ilə tamamilə həll oluna bilər?

Qurumdan həmçinin qeyd edilib ki, ərazilər üzrə mərkəzləşmiş tullantı su şəbəkəsinin qurulması məqsədilə yeni kollektor, xətlərin və qurğuların inşası müntəzəm icra edilir. Bu layihələr infrastruktur problemlərinin aradan qaldırılmasına, tullantı sularının idarə olunmasının mərkəzləşdirilmiş şəkildə təşkilinə xidmət edəcək. Eyni zamanda müasir texnologiyalar əsasında inşa olunan tullantı sutəmizləyici qurğuların istismara verilməsi tullantı sularının mövcud standartlara uyğun şəkildə təmizlənərək axıdılmasına şərait yaradacaq. Bu isə ətraf mühitin və ekoloji vəziyyətin yaxşılaşdırılmasına, su hövzələrinin qorunmasına imkan verəcək".

Problem 3-4 ilə həllini tapa bilər

Azərbaycanın tanınmış memarı, professor Cahid Həsənov hesab edir ki, sovet dövründə tikilmiş Bakı şəhərinin kanalizasiya və suötürücü sistemi 1.5-2 milyon əhali üçün nəzərdə tutulub:

"Bu gün paytaxt və ətraf ərazilərin əhalisi 3.5-4 milyona çatıb, yeni tikilən yaşayış binaları, ticarət mərkəzləri, hotellər və küçələrdəki iaşə obyektlərinin sayı isə artıb. Bu da mövcud sistemin yükünü əhəmiyyətli dərəcədə artırıb".

Bakının kanalizasiya problemi bir neçə ilə tamamilə həll oluna bilər?

Problemin həlli üçün kanalizasiya xətləri beynəlxalq standartlara uyğun və uzunmüddətli dayanıqlı şəkildə yenilənməlidir:

"Sadəcə xətləri çəkib torpaq tökmək və asfalt salmaq kifayət etmir. Xətlər betonlaşdırılmış qoruyucu tunellər içərisində qurulmalı, üstündən ağır tonnajlı nəqliyyat vasitələri keçsə belə sistemin möhkəmliyi qorunmalıdır".

Professor yeni layihələrə ümidlə yanaşır və hesab edir ki, görüləcək işlər Bakının kanalizasiya sistemini müasir tələblərə uyğun, dayanıqlı və etibarlı hala gətirəcək:

"Burada əsas məsələ ondan ibarətdir ki, işlər mərhələli şəkildə aparılmalı, peşəkar komanda tərəfindən həyata keçirilməlidir. Əgər işi peşəkarlar görsə, layihəyə uzunmüddətli zəmanət vermək mümkündür. Təxminən 3-4 il ərzində paytaxtın kanalizasiya problemi tamamilə həll oluna bilər".

Oxunub 364
ŞƏRH YAZ
Ad

E-mail

Şərh