Banner

Bank kartlarından oğurluqların qarşısını necə alaq? – İKT eksperti AÇIQLADI

Gündəm 26 Yanvar 2026 18:45
Bank kartlarından oğurluqların qarşısını necə alaq? – İKT eksperti AÇIQLADI
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Son illər bank kartlarından istifadənin artması vətəndaşların gündəlik həyatını asanlaşdırmaqla yanaşı, müxtəlif təhlükəsizlik risklərini də ortaya çıxarır. Xüsusilə kart məlumatlarının diqqətsiz saxlanılması, mobil telefonların qorunmaması və etibarsız şəxslərlə paylaşılması dələduzluq və oğurluq hallarına şərait yaradır. Bu cür hallarda kartlardan qanunsuz yollarla pul vəsaitlərinin ələ keçirilməsi həm maddi zərərə, həm də hüquqi məsuliyyətə səbəb olur.

Bakıda baş verən son hadisə də bu risklərin real təhlükə olduğunu göstərən nümunələrdən biridir. Daxili İşlər Nazirliyini verdiyi məlumata görə, Qaradağ rayonundda iş yoldaşının bank kartından onlayn yolla oğurluq edən şəxs saxlanılıb. Araşdırma zamanı müəyyən edilib ki, həmin şəxs zərərçəkənin telefonundan mobil tətbiq vasitəsilə ödənişi öz hesabına köçürərək qanunsuz əməl törədib. Bu fakt bir daha sübut edir ki, kartlardan istifadə zamanı təhlükəsizlik qaydalarına əməl olunmaması ciddi fəsadlara yol aça bilər.

Məsələ ilə bağlı İnformasiya Təhlükəsizliyi üzrə mütəxəssis Elvin Həsənov Avtosfer.az-a açıqlamasında bildirib ki, kart məlumatlarının onlayn oğurluğunun böyük hissəsi mürəkkəb hakerlik yox, sadə fürsət və etibarsızlıq üzərindən baş verir:
"Konkret bu tip hallarda proses adətən belə olur. Kart sahibi telefonunu açıq qoyur, ekran kilidi zəif olur, bank tətbiqinə giriş üçün əlavə qoruma aktiv edilmir. Digər şəxs isə bu halda telefona fiziki çıxış əldə edir və mobil bank tətbiqi vasitəsilə ödənişi və ya köçürməni öz hesabına həyata keçirir. Texniki baxımdan sistem sındırılmır, sadəcə istifadəçinin yerinə başqa biri əməliyyatı edir. Ümumiyyətlə onlayn kartdan oğurluq iki əsas ssenari ilə baş verir: Birinci ssenaridə vətəndaş aldadılır, kart məlumatlarını, SMS-lə gələn OTP kodunu, ya da tətbiq giriş məlumatlarını özü verir. İkinci ssenari isə, fiziki çıxışdır, yəni telefon qorunmur, bank tətbiqi açıq qalır, yaxud telefon sahibinin xəbəri olmadan başqasının əlinə keçir. Hər iki halda bank sistemi əməliyyatı qanuni istifadəçi kimi görür, çünki giriş düzgün edilib. Bu kimi hallarda vətəndaşların diqqət etməli olduğu əsas məqamlar çox sadədir. Birincisi, telefon cihazımız artıq günün tələblərinə görə bank kartı qədər dəyərlidir, hətta bəzən ondan da dəyərlidir. Telefon ekran kilidi mütləq güclü olmalı, bank tətbiqləri üçün əlavə PIN, “Face ID”, barmaq izi qorunması aktiv edilməlidir. İkincisi, heç kimə telefon və bank tətbiqi etibar edilməməlidir. Bir dəqiqəlik bax anlayışı bank təhlükəsizliyində yoxdur. Üçüncüsü isə OTP kodlar, tətbiq bildirişləri və təsdiqlər heç vaxt başqasına göstərilməməlidir. Əgər əməliyyatı siz etməmisinizsə, dərhal reaksiya vermək vacibdir".
Nurcan Babək

Oxunub 178
ŞƏRH YAZ
Ad

E-mail

Şərh