"Bank of Baku" şəhidin kreditini bağladı – Əməkdaş cəzalanacaq

Gündəm 13 İyul 2016 12:50 Oxunub 4919
"Bank of Baku" şəhidin kreditini bağladı – Əməkdaş cəzalanacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Kreditlərin bağışlanması barədə qərar qəbul olunub və tez bir zamanda icra olunacaq"

Bu il aprel döyüşlərində şəhid olan Seymur Baxışovun ailəsinin "Bank of Baku" tərəfindən təzyiqlərə məruz qalması bapədə mətbuatda yayılan məlumatlar öz nəticəsini verib. Belə ki, artıq sözügedən bank şəhidin ailəsinin kredit borcunu bağlayıb. Şəhidin anası Zemfira Baxışova bildirmişdi ki, götürdüyü krediti qaytara bilmədiyi üçün ailə bank nümayəndələri tərfindən hədə-qorxulara məruz qalır: “Kreditimizi hər ay ödəyirdik. Aprel ayında oğlum şəhid oldu. O vaxtdan sonra işləmirəm deyə krediti ödəyə bilmirəm. Devalvasiyadan sonra götürdüyüm məbləğ haradasa 3 min manata yaxın olub. Onlar da mənə zəng edib hədə-qorxu gəlirlər. Deyirlər ki, pulu ödəməsəniz sizi hüquq-mühafizə orqanlarına verəcəyik. Deyirəm ki, oğlum şəhid olub, vəziyyət ağırlaşıb, götürdüyüm krediti qaytara bilmirəm. Bank nümayəndəsinin cavabına baxın: “Nə olsun, bizə görə şəhid olmayıb ki... Olub, olub da, Allah rəhmət eləsin, gətirin bankın pulunu ödəyin”. Hələ üstümə qışqırır da. Bəs, mənim uşağım kimə görə şəhid olub? Mənim də bu pulu ödəməyə imkanım yoxdur”.

Bankdan Avtosfer.az-a verilən məlumata görə, "Bank of Baku" şəhidlərimizin və qəhrəmanlarımızın ailə üzvlərinə dəstəyini heç bir zaman əsirgəməyib: "Belə ki, 04 dekabr 2015-ci il tarixində “Günəşli” neft yatağının 10 saylı dərin dəniz özülündə baş vermiş yanğın nəticəsində həyatını itirən və itkin düşən 11 nəfər neftçinin və aprel döyüşlərində şəhid olan əsgərlərin Bank of Baku-da mövcud olan bütün kredit borcları bankın rəhbərliyinin qərarı ilə bağışlanıb.

Xəbərlərdə adı çəkilən Baxışov Seymur Qulamhüseyn oğlunun şəhid olması haqqında xəbəri əldə etdikdən sonra onun "Bank of Baku"-da olan bütün kredit öhdəlikləri tamamilə silinib və borcunun bağışlanmasına dair məlumat ailəsinə təqdim olunub. Adı çəkilən şəhidimizlə yanaşı digər şəhidimizin, Orucov Müşviq Arif oğlunun anasının da bankın daimi müştəriləri sırasında olması xəbərini əldə etdikdən sonra, onun da kredit borcu Bank of Baku tərəfindən bağışlanıb. 

Şəhidimiz Baxışov Seymur Qulamhüseyn oğlunun anası Baxışova Zenfira Həsən qızının bankımızda olan kreditlərinin bağışlanması barədə qərar qəbul olunub və tez bir zamanda icra olunacaq. Məlumat üçün bildirək ki, şəhidimizin atası Baxışov Qulamhüseyn İzzət oğlunun da Bankda olan kredit öhdəlikləri üzrə güzəştli şərtlər tətbiq edilib və tamamilə bağlanmasına bank tərəfindən dəstək göstərilib. 

Bankın əməkdaşının davranışına gəldikdə isə bu məsələ ciddi araşdırılır və lazımi tədbirlər görüləcək. 

"Bank of Baku" ailəsi olaraq vətən uğrunda şəhid olan hər bir qəhrəmanımız qarşısında baş əyir və ailə üzvlərinə səbr diləyirik".

 

Elmin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh