Başıbəlalı Badamdar yolu - EKSPERTDƏN SƏRT SÖZLƏR - VİDEO

Son günlərdə, özəlliklə hava şəraitinin yağıntılı olduğu müddətdə saytımıza daxil olan şikayətlərin böyük qismi Badamdar qəsəbəsindəki yolla bağlıdır. Belə ki, təmiri labüd olan yolun yağış suları ilə dolması vətəndaşların hərəkətinə əngəl törədir. Hər gün ərazidən avtomobiliylə keçən Əli Ağayev adlı oxucumuz iki gün əvvəl yağış sularının təsirindən nəqliyyat vasitəsinə ciddi ziyan dəydiyini bildirib. “Sentyabrın 13-də Badamdar ərazisindən keçərkən yeni aldığım avtomobil çuxura düşdü. Qəsəbə sakini kimi, yolun bütün nöqsanlarına bələd olsam da hər dəfə yeni çuxur yaranır. Gündən-günə artan çökəklikləri yadda saxlamaq mümkün deyil. Əminəm ki, bu yoldan keçən hər sürücü mənimlə eyni hisləri keçirir. İcra Hakimiyyətinı şikayət isə mənasızdır, bu qədər insanın sualına cavab verən yoxdur.”
Saytımıza narazılığını bildirən Lamiyə Əliyeva adlı izləyicimiz isə piyada qismində şikayətini dilə gətirib. “Uzun zamandır bu qəsəbədə yaşayırıq. Biz Badamdara köçəndən yoldakı problem azalmır, əksinə artmaqdadır. Hava soyuyan kimi yoldakı təhlükə riski daha da artır. Yağış, qar yağanda yoldan keçmək mümkün deyil. Keçən il qayınanam kiçik qəza yaşadı, bir neçə ay yataq xəstəsi oldu. O hadisədən sonra hər dəfə quruma şikayət edirik, amma vəziyyətin həllinə yaxın duran yoxdur.”
Qəsəbədə yaşamayan, lakin işiylə əlaqədar hər gün bu yoldan keçməyə məcbur olan Vidadi Aslanov adlı oxucumuz isə keçən il böyük stress yaşadığını qeyd edib. “2022-ci il noyabrın 6-da bu yol məni dərindən sarsıtdı. O gün qəza yaşadım və bir müddət sükan arxasında əyləşə bilmədim. Alternativ yolun olmaması isə işimi çətinləşdirir. Torpaq sürüşməsinin aktiv olduğu sahədə hər an ölümlə nəticələnən hadisə baş verə bilər. Elə yaşadığım qəzada ölümün eşiyindən döndüm".
Avtosfer.az saytının rəhbəri, nəqliyyat eksperti Elməddin Muradlı məsələylə bağlı geniş şərh verərək problemin aradan qaldırılması istiqamətində həm aidiyyəti qurumların, həm də vətəndaşların etməli olduğu vəzifələr barədə danışıb.
Son günlərdə hava şəraitinin yağıntılı keçməsiylə əlaqədar yollardakı qüsurların daha çox gözə çarpdığını vurğulan ekspert yaranmış mənzərəni Venesiya gölünə bənzədub
“Paytaxtın "20-ci sahə" adlanan ərazisindən Badamdar qəsəbəsi istiqamətində qalxarkən mövzunun nə qədər vacib əhəmiyyət kəsb etdiyini gördüm. Şahidi olduğum görüntü mənə gölü xatırlatdı. Bu yolda dəfələrlə torpaq sürüşməsi baş verdiyi üçün xüsusilə riskli, təhlükəli hesab olunur. Üstəlik, yağışın yağması yoldakı təhlükənin ikiqat artmasına səbəb olur.
“Sürüşməyə meyilli ərazidir” adı altında problemin həlli kimi isə İcra Hakimiyyəti yol polisinə, aidiyyəti qurumlara (AAYDA) yolu bağlamaqla bağlı göstəriş verir. O zaman belə sual yaranır: Bəs sürüşməyə meyilli ərazidə necə beton sədlər qurub, hündür mərtəbəli evlər tikirlər? Artıq təhsil müəsisələrinin də fəaliyyətə başladığını da nəzərə alsaq, təbii ki, yollarda sıxlıq daha da artacaq. Yağış yağdığı zaman da bir neçə metr torpaq sürüşməsinin qeydə alınmasıyla çıxış yolu kimi sürücülər üçün alternativ yolun bağlanması olacaq. Vəziyyəti kökündən həll etmək əvəzinə, məsuliyyətsizliyi seçən məmurların səriştəsizliyi, vəzifələrini doğru şəkildə yerinə yetirməmələri, ən əsası vaxtında görməmələri nəticəsində vətəndaşların işi çətinləşir. Halbuki problemin həlli üçün geridə qoyduğumuz 3 aylıq yay dönəmi ideal zaman idi.
Bu müddətdə həmin ərazidə, həmçinin digər qəsəbələrin yollarında olan qüsurlar aradan qaldırıla bilərdi. Yolların təmiri, salınmasıyla bağlı işlərin nizamlı şəkildə aparılmaması da gördükləri “iş”in necə intizamlı olduğunu göstərir. Müvəqqəti açılan yola yarımçıq asfalt döşəyirlər, bu da yolun nahamar olmasına gətirib çıxarır. Digər tərəfdən Fövqəladə Hallar Nazirliyi (FHN), Bakı şəhər İcra Hakimiyyəti yolun riskli olduğunu əsas gətirərək marşrut xətlərinin bərpasına əngəl olur. Bəs bu riskli hal nə zaman aradan qaldırılacaq? Yoxsa, dövlətin ayırdığı vəsaitlə hər zaman nəticəsiz qalan “iş”lərini yenə də tətbiq edəcəklər? Ya da məsuliyyət daşıyan qurumlar ərazidə daha ciddi problemlərin yaranmasını gözləyir. Gərək kiminsə evi torpaq altında qalsın, yaxud vətəndaşın yaralanmasıyla, ölümüylə nəticələnən hadisə baş versin, bəlkə ondan sonra ciddi işin aparılması qənaətinə gələrlər. Ərazi üçün labüd olan ciddi işi də layihələndirmək, aidiyyəti qurumlara təqdim edib müzakirə edərək qarşısını almaq lazımdır. Yeri gəlmişkən, artıq televiziyada da sürüşmə zonasında aktivliklə bağlı problem işıqlandırılıb. Bu o deməkdir ki, bir müddət sonra Badamdar qəsəbəsindəki təhlükəli yolu bağlasalar, təəccüblənməməliyik, çünki məqsəd birbaşa bura yönəlib.”
Elməddin Muradlı yağış sularının yollarda yaratdığı fəsadlardan da danışıb. Onun sözlərinə görə, sürücülərin qəza törətmələri sırasında bu məsələ öncəlik təşkil edir. “Yolların kələ-kötür strukturu, keyfiyyətsiz işin bəhrəsi nəticəsində yaranmış çökəkliklər yağış sularının təsiriylə itir. Gündəlik bu ərazilərdən keçən sürücülər yolun hansı hissəsinin problemli olduğunu bilsələr də, xəbərsiz olanlar da kifayət qədərdir. Təbii ki, yolu tanıyan sürücü gölməçələrdən keçərkən sürət həddini aşağı salır. Lakin nabələd şəxslər yüksək sürətlə gölməçəyə girərək sükanı sağa-sola qaçırdır və bu zaman qəza qaçılmaz olur. Məsələn, bir neçə gün əvvəl Səbail rayonunda Bayraq meydanı tərəfdə baş vermiş qəza qeyd etdiyim məsələdən qaynaqlanırdı. Yağışlı havada nabələd sürücünün sürət həddini aşması “Mercedes”in işıq dirəyinə çırpılaraq ikiqat olmasıyla nəticələndi. Ona görə də əlverişsiz hava şəraitində asfalt səthi aydın hiss etmədiyiniz zaman uyğun sürət həddini seçmək lazımdır.
Digər tərəfdən yüksək sürətlə gölməçələrdən keçərkən avtomatik olaraq kənara su sıçrayır və İnzibati Xətalar Məcəlləsinə görə, qayda pozuntusu kimi, 40 manatlıq cərimə tətbiq edilir. Hal-hazırda bu proses yol polisi tərəfindən kütləvi şəkildə aparılmasa da, vətəndaş tərəfindən (dövlət nömrə nişanını qeyd etməklə) şikayət olunarsa, məsələyə baxılır və cərimə yazılır. Çünki çox vaxt sürücülər güzgüyə baxmadan sürüb gedirlər və bu halda piyadaların üzərinə su sıçratdıqlarını görmürlər. Nadir hallarda onlar törətdikləri əməlin fərqində olaraq üzr istəyirlər, yaxud hər hansı bir köməklik təklif edirlər. Lakin unutmayaq ki, sürücü qayda pozuntusundan bixəbər olsa da, sonradan yol polisi onu tapıb cərimələyə bilər.
Ümumiyyətlə, Bakı şəhərində yağış sularının düzgün şəkildə istifafəsindən danışmaq mümkün deyil. Bakı şəhər İcra Hakimiyyətinin sabiq başçısı Hacıbala Abutalıbov yağış barmaqlıqlarını sökdü, metalloma satdı və özü üçün şərait qurdu. Bunun nəticəsidir ki, bu gün qanunla qadağan olunmasına baxmayaraq, yağış suları kanalizasiya xətlərinə axıdılır. Suyla dolub-daşan kanalizasiya boruları tab gətirmir və yağışın normadan artıq yağması gölməçələrin sayını daha da artırır.”
Ekspert sonda bu məsələlərin aidiyyəti qurumlar tərəfindən diqqət mərkəzində saxlanılacağına ümid etdiyini ifadə edib.
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti üzrə hazırlanıb.

Nərmin Əkbər













