Banner

Bərbad vəziyyətdə olan kənd yolları çoxdur

Gündəm 17 İyul 2014 10:39 Oxunub 2272
Bərbad vəziyyətdə olan kənd yolları çoxdur
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Növbəti 3-4 il ərzində Azərbaycanda bir dənə də təmirsiz kənd yolu olmayacaq

“Kənd yolları isə hər bir insanı əlbəttə ki, narahat edən məsələdir”. Bu fikirləri Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2014-cü ilin 6 ayın sosial-iqtisadi yekunlarına həsr olunan müşavirəsində səsləndirib. Dövlət başçısı vurğulayıb ki, bütövlükdə son illərdə kənd yollarının tikintisinə ayrılan vəsait artır və əhalimizin böyük əksəriyyəti, xüsusilə kəndlərdə yaşayan əhali yaxşı yollarla artıq təmin edilibdir: “Ancaq hələ ki, bərbad vəziyyətdə olan yollar çoxdur. Mənim bölgələrə səfərlərim zamanı bu məsələ daim müzakirə edilir. Yerlərdən gələn təkliflər sonra dövlət investisiya proqramına salınır. Üçüncü regional inkişaf proqramında kənd yollarının tikintisi xüsusi yer tutur. Eyni zamanda, vətəndaşlar tərəfindən il ərzində də müraciətlər olur. İl ərzində çalışıram ki, Prezidentin ehtiyat fondundan da kənd yollarının tikintisinə vəsait ayırım. Bəlkə də Prezidentin ehtiyat fondundan ayrılan vəsaitin böyük hissəsi kənd yollarının tikintisinə gedir. Çünki bu məsələ öz həllini tapmalıdır”.

Ölkə rəhbəri hesab edir ki, biz indiki templəri saxlasaq, növbəti 3-4 il ərzində Azərbaycanda bir dənə də təmirsiz kənd yolu olmayacaq: “Məsələ də belə qoyulub. Bütün kənd yollarında asfalt olmalıdır, keyfiyyətli tikilməlidir ki, vətəndaşlar əziyyət çəkməsinlər”.

Qeyd edək ki, paytaxda və ayrı-ayrı regionlar üzrə magistral yollarda ciddi problem olmasa da, ancaq bir çox ətraf qəsəbə və kəndlərinin, eləcə də, kənd rayonlarının yolları illərdir təmirsiz vəziyyətdədilər. «2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı» və digər regional inkişaf proqramları üzrə Bakı qəsəbələri və rayon kəndlərinin yollarının təmir ilə bağlı müəyyən işlər görülüb. İqtisadiyyat və Sənaye Nazirliyinin məlumatına görə, elə təkcə ötən il kənd yollarını əhatə edən 18 layihə üzrə işlər həyata keçirilib və bu il həmin işlərin tam başa çatdırılması nəzərdə tutulub. Bunun nəticəsində 634 km kənd yollarının və 42 körpünün təmir-tikintisi başa çatdırılacaq ki, bu da respublikanın 18 rayonunun 450 min nəfər əhalisi olan 400 yaşayış məntəqəsini birləşdirir. Bütün bunlara baxmayaraq dövlət başçısının qeyd etdiyi kimi bərbad vəziyyət olan kənd yolları çoxluq təşkil edir.

İqtisadçı ekspert Zöhrab İsmayıl bildirir ki, Azərbaycanda yollar üç qrupa bölünür. Avtomagistral yollar, yerli əhəmiyyəti yollar və bələdiyyə yolları. Bələdiyyələrin maliyyə imkanları olmadığından üçüncü qrup yol, əslində icra hakimiyyətinə məxsus hesab edilir. Yəni yuxarıdan tapşırıq olduqda kənd yollarını icra hakimiyyəti çəkir və ya təmir etdirir. 

Ekspertin sözlərinə görə, kənd yollarının təmir olunmasının mexanizmi demək olar ki, yoxdur: «İcra hakimiyyətlərinə pul ayrılanda konkret hansısa yolun çəkilişi nəzərdə tutulur. Kənd və ya rayon yollarının təmiri üçün vəsait müxtəlif mənbələrdən ayrılır. Prezidentin şəxsi ehtiyat fondundan hansısa rayonun inkişafına milyonlarla pul ayrılır. Bu zaman həm də yolların tikintisi nəzərdə tutulur. D&uumuuml;nyanın heç bir ölkəsində yollar prezidentin ehtiyat fondundakı pulla təmir olunmur. Bərbad vəziyyətdə olan yolların təmirinin konkret mexanizmi işlənilib-hazırlanmalıdır. Yaxşı olardı ki, bu işə bələdiyyələr nəzarət etsin». 

İqtisadçı ekspert Vüqar Bayramov isə hesab edir ki, əslində müəyyən qədər kənd yollarının çəkilməsi istiqamətində müəyyən işlər görülür: “Məsələ ondadır ki, bir çox hallarda yollar keyfiyyətsiz çəkildiyindən tez sıradan çıxır. Avropa ölkələrində inşa olunan yolun hər kilometri üçün 1,5 milyon dollar vəsait nəzərdə tutulur və bu pulla olduqca keyfiyyətli iş görülür. MDB ölkələrindən Qazaxıstan üçün bu rəqəm 1,7 milyon dollardır. Dünyada isə inşasının baha başa gəldiyi yollar Rusiya və Azərbaycanda tikilir. Hətta Rusiyada birinci dərəcəli adlandırılan elə yollar var ki, onun inşasının hər kilometri üçün 40 milyon dollar vəsait ayrılır. Üçüncü dərəcəli yolların hər kilometrinə 8 milyon dollar pul xərclənir. Azərbaycanda da yolların tikintisinə xərclənən vəsaitlər dərəcəsindən asılı olaraq dəyişir və hər kilometrə ayrılan vəsait 2 milyondan artıqdır. Amma Dünya Bankı yolların tikintisi ilə bağlı hər yola 2 milyon dollardan artıq vəsaitin xərclənməsini məqsədəuyğun hesab etmir. Bankın hesablamalarına görə, yollara 2 milyon dollardan artıq vəsait ayrılarsa, bu, həmin pulun səmərəsiz xərclənməsi deməkdir. Bir sözlə, vəsait düzgün xərclənmir”.

Ekspertlər də hesab edirlər ki, Azərbaycanın əksər ətraf qəsəbə və kənd yollarında təmir-bərpa işlərinin aparılmasına ciddi ehtiyac var. Çünki, yol infrastrukturunun inkişafı iqtisadi inkişafın təmin edilməsinin başlıca şərtlərindən biridir. Əgər hökumət ölkədə iqtisadi inkişafı təmin etmək, iqtisadiyyatın ayrı-ayrı sektorlarını dirçəltmək istəyirsə yol infrastrukturunun inkişafına ciddi diqqət yetirməlidir. Yollar çəkilmədən, təmir olunmadan nə turizmi, nə sənayeni, nə də kənd təsərrüfatını inkişaf etdirmək mümkün deyil. İqtisadiyyatın inkişafı yolların təmir olunmasından keçir.

 

Ucnoqta.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh