Banner

“Bəzi “qazilər” hərbi formanı geyinib qanunu pozur” – EKSPERT SUİ-İSTİFADƏ HALLARINDAN DANIŞDI

Gündəm 24 Yanvar 2025 20:51 Oxunub 218
“Bəzi “qazilər” hərbi formanı geyinib qanunu pozur” – EKSPERT SUİ-İSTİFADƏ HALLARINDAN DANIŞDI
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Azərbaycanla Ermənistan arasındakı müharibənin ikinci mərhələsi artıq 4 ildən çox müddətdir ki, başa çatıb. Ordumuzun təşkil etdiyi əks-hücum əməliyyatının nəticəsi işğal altında olan torpaqlarımızın azadlığına qovuşması oldu. 2023-cü ilin sentyabr ayında isə Xankəndi və ətrafındakı ərazilərdə revanş arzusunda olan silahlı erməni birləşmələrinə qarşı anti-terror əməliyyatının təşkili həmin ərazilərin tamamilə ordumuzun, dövlətimizin nəzarətinə keçməsi ilə nəticələndi. Bununla da Azərbaycan ordusu bütövlükdə Qarabağ həsrətinə son qoydu və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında dogma yurda qayıdışın təməli atıldı. Torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəmanların sayəsində ölkəmizin adı uzun illər sonra öz torpaqlarını azad edə bilən dövlət kimi dünya tarixinə yazıldı. Şəhid və qazilərimizin unudulmaz şücaəti ordumuzun həyata keçirdiyi əməliyyatların uğurla nəticələnməsinə gətirib çıxardı.

Avtosfer.az xəbər verir ki, yanvarın 23-ü həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılanların hərbi geyim formasını daşıya biləcəyi günlər müəyyənləşib. Bununla bağlı “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə dəyişiklik edilməsi təklif edilib.

Təklif olunan dəyişikliyə əsasən, həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılarkən hərbi geyim formasını daşımaq hüququ verilmiş şəxslər həmin geyim formasını yalnız rəsmi dəvət olunduqları tədbirlərdə, peşə bayramı günlərində, habelə Azərbaycan Silahlı Qüvvələri Günü, Zəfər Günü və Anım Günündə daşıya biləcəklər.

Bundan başqa, əsasnamədəki mövcud dəyişikliklə əlaqəli İnzibati Xətalar Məcəlləsinə (İXM) yeni maddə əlavə edilir.

Belə ki, təklif edilən yeni maddəyə görə, həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılarkən hərbi geyim formasını daşımaq hüququ verilmiş şəxsin hərbi geyim formasını qanunla nəzərdə tutulmamış hallarda daşımasına görə 500 manatdan 700 manatadək məbləğdə cərimə nəzərdə tutulur.

İMX-yə təklif olunan daha bir dəyişiklə əməliyyat-axtarış fəaliyyəti subyektlərinin, hərbi qulluqçuların və prokurorluq işçilərinin fərqlənmə nişanları olan hərbi və xüsusi geyim formalarını qanunsuz olaraq daşımaya görə inzibati xətanın obyekti olmuş hərbi və xüsusi geyim forması müsadirə edilməklə 800 manatdan 1 000 manatadək (hazırda 300-500 manat) məbləğdə cərimənin olması təklif edilib.

Təklif edilən dəyişikliklərlə əlaqədar isə sosial şəbəkələrdə geniş müzakirələr aparılıb. Belə ki, istifadəçilər arasında qazilərin gün ərzində hərbi forma geyinməsi ilə bağlı narazılığını ifadə edənlər də olub.

Bu hal vətəndaşlar arasında maarifləndirmə işlərinin aparılmasına ciddi ehtiyac yarandığını göstərir. Məsələ ilə bağlı ehtiyatda olan polkovnik-leytenant İbrahim Rüstəmli bildirib ki, bu cür məsələlər, onsuz da əvvəlcədən qanunla tənzimlənirdi, sadəcə qanuna dəyişiklik edilib:

“Mən özüm uzun müddət orduda xidmət eləmişəm. Daha sorna ordudan tərxis olunanda əmr imzalanır. Həmin əmrdə xüsusi bənddə əmri alan şəxsin hərbi formanı daşıya bilməsi ilə bağlı qeyd var. Bu  qeyd bütün hərbçilərə tərxis olduğu zaman əmrinə əlavə edilir. Ümid edirəm dediklərim düz başa düşülər. Mən heç kimin xidmətinə kölgə salmağı əsla istəmərəm. Sadəcə bildirmək istəyirəm ki, dəfələrlə mediada hansısa qazinin, yaxud vətən müharibəsi iştirakçısının cinayət törətdiyini, oğurluq etdiyini, qanunazidd əməllər səbəbilə həbs edildiyinin xəbərləri yayılır. Bu isə ümumilikdə “qazi” adına gətirilən ləkədir. Mən dəfələrlə Vətən müharibəsində iştirak edən və şücaəti ilə ictimaiyyətin ağlında, ürəyində yer qazanan qazilərlə söhbət etmişəm. Hətta bəzilərindən müsahibə almaq da istəmişəm. Bu adamlar nəinki mediaya çıxmağı, hətta özlərinin bir növ həmkarları ilə belə hansısa mövzuda söhbətlər etməyi belə istəmir. Deyirlər ki, “müharibədə yaşadıqlarımız bizim borcumuz idi və biz bu borcu yerinə yetirdik, yoldaşlarımızı döyüşlərdə itirdik, bu gün bu mövzularda danışmaq bizim üçün ağırdır”. Digər tərəfdə isə qazi olmasından maksimum istifadə etməyə çalışanlar da var. O şəxslərin müharibədə və digər dövrlərdə xidmətləri ilə bağlı əsa mənfi fikir bildirmərəm. Təbii ki, hər biri bu Vətən üçün canını sipər edib. Amma bu bizə ölkənin qanunlarına zidd hərəkətlərə imtiyaz vermir. Avtomobildə konstruksiya dəyişikliyi edən, nömrəsiz avtomobil idarə edən, maşını normal sürməyib avtoşluq edən qazilərimiz də var. Biz daha əvvəl də bu barədə mediada şahidi olmuşuq ki, sürət həddini aşdığı üçün qəzada ölən şəxsin qazi olması ilə bağlı xəbər yayılır. Qazilər bu cəmiyyət üçün ən yaxşı nümunə olmalıdır. İstər dünyəvi mənada, sitər qanunlara riayət etmək mənasında”.

İbrahim Rüstəmli əlavə edib ki, təklif edilən dəyişikliklər əhali arasında Azərbaycan Ordusunun nüfuzunun qorunması məqsədi daşıyır:

“Mən forma ilə bağlı təklif olunan dəyişikliyi alqışlayıram. Forma məsələsi ilə bağlı hallar 1-ci Qarabağ müharibəsi zamanı da yaşanıb. Üstəlik həmin dövrdə yaşananlar daha şiddətli idi. O dövrdə yaşayanlar bunları çox yaxşı bilir: Müstəqilliyimizin ilk illərində hər partiyanın özünümüdafiə taborları var idi. bu taborlar vasitəsilə ölkədən çox partiyalar özlərini, binalarını qoruyurdular. Həmin özünümüdafiə taborları müharibə zamanı cəbhədə qəhrəmanca da döyüşürdü. Amma sonrakı dövrdə forma məsələsi ilə bağlı xeyli mənfi hallar yaşanmağa başladı. Formada gəzərək partiyasını müdafiə edən şəxslərin silahları oğurlandı. Həmin silahla cinayətlər, oğurluqlar, ədavət halları yarandı. Formadan istifadə edərək insanlara hədə-qorxu gələnlər, həbs etməklə təhdid edənlər belə olmuşdu. Həmin vaxt ulu öndər Heydər Əliyevin apardığı geniş islahatlar çərçivəsində bu cür məsələlrə tamamilə aradan qaldırıldı.

Bu gün də hərbi formadan sui-istifadə edən şəxslər var. Məsələ burasındadır ki, bəzi vətəndaşlar Azərbaycan Ordusuna aid hərbi formanın nə qədər dəyərli, deyərdim ki, müqəddəs olduğunu bilmir. Elə həmin formanı geyinən bəzi şəxslər də. Təsəvvür edə bilirsiz? Azərbaycanın torpaqları uğrunda gedən döyüşlərdə iştirak edən bir əsgərin, hərbçinin formasını sabah bir maşın ustası avtomobilin altına uzanıb iş görmək üçün öz altına sərir, bir avtoyuma işçisi, bir fəhlə, bir mal-qara otaran şəxs əyninə geyinir işini görür. O forma kir, yağ içində, cırılmış, əzilmiş halda istifadə edilir. Budur mu bizim müharibə görmüş formaya olan hörmətimiz?

Bəli, qazilərimizlə bağlı post-müharibə dövründə bəzi mənfi hallara rast gəlindi. Gedib döyüşlərdə canını ortaya qoyan adamlar geri qayıdanda iş tapmaqda çətinlik çəkdilər. Müharibə vaxtı müxtəlif travmalar alan minlərlə vətəndaşımız müharibədən sonrakı vaxtda bəzi məmurların məsuliyyətsiz davranışı nəticəsində daha çox əsəb və stress keçirdi. Həmin məmurların, onsuz da məqsədi qaziləri dövlətimizdən narazı salmaq idi. Lakin sonrakı illərdə bu məsələ də öz həllini tapdı və dövlətin bütün qurumlarında qazilərin işlə təmin olunması ilk sırada dayandı. Bu gün, demək olar, qazilərin əksər problemləri öz həllini tapıb. Buna baxmyaraq, məmurlar ucbatından narazı salınan qazilərlə yanaşı durmağa çalışan bəzi sui-istifadə ilə məşğul olanlar hələ də var. Üstəlik bəziləri ilə bağlı ötən aylarda mediada da məlumatlar yerləşdirilmişdi ki, qazi olduğunu iddia edən şəxs özünün şəxsi tələblərini irəli sürmək üçün narazılığını dilə gətirir, daha sonra kimliyi araşdırılarkən məlum olur ki, heç qazi belə deyilmiş, forma geyinib “qazi” adından istifadə edir. Bütün bunların qarşısı alınmalıdır. Hərbi formanı geyinmək üçün əvvəlcə ona layiq olmaq mütləqdir. O formanı geyinən şəxslər əhaliyə istər mədəniyyət, istər qanunlara riayət etmək və digər mövzularda müsbət nümunə olmalıdır. Hərbi forma xüsusi günlər və hərbi mərasimlər üçün geyilməlidir. Bunu gündəlik geyimə çevirmək doğru deyil. Mən ehtiyatda olan polkovnik-leytenantam, mən belə yalnız xüsusi mərasimlər üçün geyinirəm”.

Səfər

ŞƏRH YAZ
Ad

E-mail

Şərh