Bir neçə dili eyni anda öyrənmək uşaqlarda nitq gecikməsinə səbəb olur? – Ekspert RƏYİ

Müasir dünyada qloballaşma, miqrasiya və beynəlxalq təhsil imkanlarının artması çoxdilli mühitdə böyüyən uşaqların sayını getdikcə artırır. Valideynlər və mütəxəssislər bu mühitin uşağın inkişafına təsiri ilə bağlı müxtəlif suallarla qarşılaşırlar. Xüsusilə çoxdilli mühitin nitq inkişafına mümkün təsirləri, diqqət və konsentrasiya bacarıqlarına necə təsir göstərdiyi, eləcə də uşaqların eyni anda bir neçə dili öyrənərkən stres və ya təzyiq yaşayıb-yaşamadığı mövzuları geniş müzakirə olunur.
Cəmiyyətdə yayılmış bəzi fikirlər çoxdilliliyin uşaqlarda nitq gecikməsinə səbəb ola biləcəyini iddia etsə də, elmi yanaşmalar bu məsələyə daha obyektiv baxmağı zəruri edir. Eyni zamanda, çox dil öyrənmənin uşağın elmi inkişafına verdiyi töhfələr və bu prosesin hansı şərtlərdə faydalı, hansı hallarda isə çətinlik yarada biləcəyi diqqət mərkəzində saxlanılmalıdır. Bu mövzunun düzgün anlaşılması həm valideynlər, həm də təhsil və psixologiya sahəsində çalışan mütəxəssislər üçün mühüm əhəmiyyət kəsb edir.

Psixoloq Aygül Məlikova Avtosfer.az-a açıqlamasında bildirib ki, çoxdilli mühitdə böyüyən uşaqlarda nitq gecikməsi ilə bağlı cəmiyyətdə geniş yayılmış yanlış təsəvvürlər mövcuddur:
“Ən çox rast gəlinən miflərdən biri çoxdilli mühitin öz-özlüyündə nitq gecikməsinə səbəb olmasıdır. Halbuki elmi araşdırmalar göstərir ki, çoxdillilik təkbaşına nitq gecikməsi yaratmır. Doğrudur, çoxdilli mühitdə böyüyən uşaqlar bəzən ilk sözlərini bir qədər gec deyə bilərlər, lakin bu hal patoloji gecikmə deyil, dilə uyğunlaşma mərhələsi kimi qiymətləndirilməlidir. Əgər uşaq heç bir dildə söz ehtiyatını artırmırsa, jest və mimika vasitəsilə ünsiyyət qurmursa və sosial reaksiyaları zəifdirsə, bu zaman problemin səbəbi dillərin çoxluğu deyil, ümumi inkişafla bağlı digər faktorlar ola bilər. Belə hallarda mütəxəssis tərəfindən dəyərləndirmə aparılması vacibdir”.
Psixoloq deyib ki, çoxdilliliyin uşağın diqqət qabiliyyətinə təsirinə gəldikdə, düzgün təqdim olunan çoxdilli mühitin əksinə olaraq, mənfi deyil, müsbət təsir göstərdiyi qeyd olunur:
“Belə bir mühit uşaqlarda icraedici funksiyaların güclənməsinə, diqqətin keçid və elastikliyinin artmasına, eləcə də problem həll etmə bacarıqlarının inkişafına töhfə verir. Çoxdilli uşaqlar beyinlərini daim “seçmə və ayırdetmə” rejimində işlətməyə öyrəşdikləri üçün uzunmüddətli perspektivdə daha güclü diqqət nəzarəti formalaşır. Lakin dillər nizamsız, qarışıq şəkildə və emosional təzyiq altında təqdim edilərsə, bu hal uşaqlarda yorğunluq və diqqət dağınıqlığı yarada bilər. Uşaqlar bir neçə dili eyni anda öyrənərkən stres və təzyiq də yaşaya bilərlər, lakin bu stresin səbəbi dillərin sayı deyil, onların təqdim olunma formasıdır. Uşaq daim düzəldildikdə, səhv danışdığına görə utandırıldıqda, yaşına uyğun olmayan gözləntilərlə qarşılaşdıqda və ya “niyə filan dildə danışmırsan?” kimi məcburedici yanaşmalara məruz qaldıqda dil inkişaf vasitəsi olmaqdan çıxaraq performans yükünə çevrilir.
Aygül Məlikovanın sözlərinə görə, uşaq üçün dil bir yarış deyil, ünsiyyət ehtiyacıdır. Hər bir uşaq öz inkişaf tempi ilə irəliləyir. Bir dili sakit və təhlükəsiz şəkildə öyrənmək, bir neçə dili qorxu və təzyiq altında öyrənməkdən daha sağlamdır. Unutmaq olmaz ki, emosional baxımdan təhlükəsiz mühit mövcud olduqda, uşaq beyni öyrənməyə daha açıq olur.

Təhsil eksperti Ramin Nurəliyev isə deyib ki, dil öyrənmə prosesi uşağa görə dəyişir. Elə uşaqlar var ki, dil öyrənmə potensialı çox yüksəkdir.
“Birinci dili mənimsədikdən sonra ikinci dili rahatlıqla öyrənə bilir, daha sonra isə üçüncü dili də mənimsəməkdə çətinlik çəkmirlər. Lakin dillər eyni vaxtda və sistemsiz şəkildə təqdim edilərsə, uşaqlar onları qarışdıra bilərlər. Digər tərəfdən, elə uşaqlar da var ki, söz ehtiyatı zəifdir və dil öyrənmə potensialı nisbətən aşağıdır. Bu cür hallarda dil öyrənmə prosesində müəyyən çətinliklər yarana bilər. Buna görə də uşaqların əvvəlcə ana dili olan Azərbaycan dilinin qrammatikasını və əsas strukturunu düzgün və möhkəm şəkildə mənimsəməsi çox vacibdir. Ana dili kifayət qədər formalaşdıqdan sonra xarici dillərin öyrədilməsinə başlanması daha məqsədəuyğundur.
Məsələn, əvvəlcə ingilis dili, daha sonra alman dili öyrədilə bilər. Çin dili isə struktur baxımından daha mürəkkəb olduğuna görə 5–7-ci siniflərdə tədris olunması daha uyğun hesab edilir. Hazırda bu dillər beynəlxalq əhəmiyyət daşıyan və vacib dillər qrupuna daxildir”.
Ekspert deyib ki, Erkən yaşlarda uşaqların qavrama və yaddaş qabiliyyəti daha aktiv olur, bu da dili daha asan və sürətli mənimsəmələrinə şərait yaradır:
“Dil öyrənmənin ən effektiv yollarından biri dinləmə bacarığının inkişaf etdirilməsidir. Yuxarı siniflərdə isə dərs yükünün artması səbəbindən uşaqlar üçün dil öyrənmə prosesi daha çətinləşə bilər. Bu səbəbdən uşağın əvvəlcə ana dilindəki sözləri digər dillərlə qarışdırmaması üçün düzgün mərhələlilik qorunmalıdır. Uşaq birinci sinifdə Azərbaycan dilini əsaslı şəkildə öyrəndikdən sonra ikinci və ya üçüncü sinifdən etibarən xarici dil tədrisinə rahatlıqla başlamaq mümkündür. Ümumiyyətlə, bir neçə dili mənimsəmiş uşaqlar üçün yeni dillərin öyrənilməsi daha asan və sürətli olur”.
Nurcan Babək













