Bir zabitin müharibə xatirələri: Şuşaya gedən yol belə nəzarətə götürüldü

Vətən Müharibəsi iştirakçısı, taqım komandiri, Baş Leytenant İqbal Səfərov döyüş təəssüratlarını bölüşüb. O, "Şuşanın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Verilən tapşırığa əsasən, Daşlatı-Şuşa, Daşaltı-Xankəndi yolunu Polkovnik Tehran Mənsimovun rəhbərlik etdiyi birləşmələr nəzarətə götürəcək, biz isə Laçın dəhlizində əməliyyatlara qoşulub Şuşaya gedən yolları nəzaratə götürüb, növbəti döyüşlərdə düşmənin Şuşaya əlavə dəstək, təminat yollarını kəsməli və Şuşa əməliyyatı üçün növbəti tapşırıqları gözləməli idik. Hər birləşmənin özünəməxsus çətin döyüş tapşırıqları var idi. Əməliyyat sirri olduğu üçün tam təfərrüatı ilə yazmayacam.
Sıx dumanla əhatə olunmuş gecədə ilk olaraq kalonlarla hərəkətə başladıq. Daha dərinlərə girdikcə etdiyimiz risk daha da böyüyürdü, çünki artıq düşmənlə üz-üzə yox, içərisində, mühasirədə idik.

Hər tərəfdən düşmənlə əhatə olunduğumuzu bilə-bilə hərəkət etmək, düşünürəm ki, bizim ordumuzun necə cəsarətli bir tapşığı yerinə yetirməyinin ən bariz nümunələrindən biridir…
Ölümə yeriyən insanların əsas tapşırıqları çox təhlükəli idi. Hər hansı bir nəfərin buraxacağı sadə bir səhv düşmənin ayıq düşməsinə, hərəkət birləşmələrimizin məhvinə və ən əsasıda tapşırığın uğursuz alınmasına gətirib çıxara bilərdi. Bitməz dağ yollarında ağır sursatlarla o gecələri bir ölünün sakitliyi ilə hərəkət edirdi müzəffər ordumuz. Yollar bitmək bilmir, uzandıqca çətinliyimiz daha da artırdı. Günlərlə sürən aclıq öz sözünü deməyə başlamışdı. Bəzilərimiz artıq hərəkət etməkdə çətinlik çəkir, geridə qalırdı. Dağlarda əməliyyat təcrübəmin olmasına baxmayaraq, mən özüm də bunu hiss edirdim. Elə bir an yaranmışdı ki, artıq birləşmələrimizə nəzarət etmək get-gedə çətinləşirdi. Ara məsafəsi maksimum saxlanmaqla tək-tək hərəkət edildiyi üçün hərəkəti müşahidə edib, kimin nə qədər geridə qaldığını görmək mümkün deyildi. Mən XTQ-nin komandiri ilə bütün birləşmənin qabağında hərəkət edirdim.
Nəticə olaraq razılığa gəldik ki, geri qayıdım, digər məsul komandir heyəti ilə vəziyyəti bir daha müzakirə edim. Risksiz bir yer tapaq, on dəqiqə bütün şəxsi heyət yerə uzanaraq istirahət etsinlər.
Yerin su olmasına baxmayaraq, otların üzərinə necə uzandığımız yadımdadır. Torpaq sanki bizi qucaqlamışdı. Necə də doğma idi. Balaca bir uşağın ana qollarına özünü atması kimi idi torpağın üzərinə tullanmağımız. Sulu torpağın üzərindən qalxmaq istəmirdik. Heç kim danışmırdı. Mən uzanıb bizi yol boyu müşahidə edən Aya baxırdım. Darıxmışdım. Düşünürdüm, görəsən, indi bu an doğmalarım neyləyirlər? İsti evimizi, bəyənmədiyim yeməkləri düşünürdüm. Üzümdə yaranan təbəssümü hiss etmişdim. Sanki təbəssümü unutmuşdum.

Ahmet Kayanın “Şafak Türküsü”nü sakitcə oxumuşdum… Orada bir hissə var: “öpdüyüm kizlar geliyor aklıma… gülmüşdüm…”
Dodaqlarım necə də qurumuşdu. “Mən kiminsə ağlına gəlirdimmi, görəsən” - öz-özümə suallar vermişdim...
Gecə saat üç idi, insanlar yatar indi niyə bu saatda kimsə oyaq qalıb bizi düşünsün ki?!
Siqaret çəkmək, su içmək, yemək yemək istəyirdik... Nə çox şey istəyirdik...
İrəlidə bizi gözləyən tapşırıq var idi, qalxmalıydıq! O on dəqiqə sanki on saniyə kimi tez keçmişdi və mən o on saniyədə nələr düşünmüşdüm...
Hərəkət başlandı, istirahətdən sonra sanki daha da çətinləşmişdi... Məsafə sanki ona doğru addımladıqca daha da uzaqlaşırdı bizdən...
Bu yürüyüş şanlı tariximizdə əbədi qalacaq. Bu yürüyüşlərdə şəhadətə yürüyən insanların yazdıqları şanlı tarix yaşayacaq.
Hərdən cümlələri bir-birinə qoşacaq güc tapanda, yaşananları hiss edərək yazmağı hiss etdikdə yazacam...
Bu günlük bu qədər. Davamı olacaq Allahın izni ilə.
İqbal Səfərov,
Vətən Müharibəsi iştirakçısı













