“Bolt” taksi xidməti niyə bu günə düşdü?..
Bakıda taksi xidməti, demək olar ki, yavaş-yavaş əlçatanlığını itirir. Çox təəssüflər olsun ki, son dövrlər hansısa səbəbdən taksi xidməti iflic vəziyyətdə düşüb. Bu istiqmaətdə vətəndaş şikayətləri dayanmadan artır. Söhbət ondan gedir ki, taksi şirkətləri, xüsusən də “Bolt” müştərilərə ciddi problemlər yaşadır.
Əvvəlcə müştəridən sifarişi qəbul edir, bir neçə dəqiqədən sonra "otkaz" verirlər, gəlməkdən imtina edirlər. Vətəndaş başqa yerə getmək üçün bəzən az qala 10 dəfə “Bolt”a zəng vurur ki, bəlkə sifarişi qəbul edildi, çox zaman isə qəbul edilmir.
Bir sözlə, taksilər çox pis işləyir, bir tərəfdən qiymət artımı, o biri tərəfdən də çox aşağı səviyyəli xidmət insanları narahat edir. Sifariş verilən taksi bir çox hallarda vaxtında gəlmir.
Nə baş verir? Bu hallar niyə yaşanır? Taksi şirkətləri niyə belə edir?
“Öz ciblərini, öz büdcələrini düşünürlər”
Avtosfer.az xəbər verir ki, bununla bağlı nəqliyyat üzrə ekspert Elməddin Muradlı “Bakı-Xəbər”ə açıqlqmqsında “Taksi xidmətinin belə vəziyyətdə olması hələ bir müddət davam edəcək. Çünki aparılan islahatlar nəticəsində taksilərin sayı xeyli azaldı. Bu azalma baş verdiyinə və tələbat da çox olduğuna görə bəzən taksi sürücüləri bundan sui-istifadə edirlər. Yəni məsafəyə, qiymətə baxırlar, az məbləğ olanda imtina verirlər ki, “uzaqdayam, gələ bilmirəm”, bəzən müştəriyə zəng vurub “imtina ver” deyirlər. Yəni öz aləmlərində öz ciblərini, öz büdcələrini düşünürlər. Amma nəzərə almırlar ki, hansısa bir xidmət sahəsindədirlər, bu xidməti onlar yerinə yetirməlidirlər. Yəni onların təfəkkürü, onların düşüncəsi ilə belə olmalıdır, şəxsi maraqlar əsas götürülməlidir. Dərk etsələr ki, bəli, onlar hansısa bir xidmət sahəsinin üzvüdür və bu sahədə olan problemlər ictimai müzakirələrə qədər gedib çıxa bilir, qanunla tənzimlənir, onda bəlkə müəyyən dəyişiklik ola bilər. Amma məsuliyyətini dərk etməyən insanlar çoxdur. Təəssüf ki, bu belədir. Hesab edirəm ki, bu zamanla özü həllini tapacaq bir məsələdir. Çünki hazırda ölkəyə kifayət qədər avtomobil gətirilib, taksi kimi istifadəsi nəzərdə tutulan avtomobillər zamanla imtahanlardan keçmiş, sertifikat almış, digər sənədləri qaydasında olan, sağlamlığı imkan verən insanlar tərəfindən istismar olunacaq, xəttə çıxacaq. Hazırda, deyək ki, 35 min civarında taksi var, onun cəmi 12 mini qanuni fəaliyyət göstərir, bütün sənədləri qaydasındadır”-deyə bildirdi.
E.Muradlının sözlərinə görə, digərilərinin isə sadəcə avtomobilləri təzədir, müəyyən kriteriyalar var, ona görə də aidiyyəti qurumlar hələ onlara göz yumur, cərimə yazmır, amma vaxt gələcək onların üzərinə gedəcəklər:
“Çünki onlardan digər sənədlər tələb olunacaq. Tutaq ki, avtomobilimin ili təzədir, amma mən sağlamlıq haqqında arayış almıram. Bu artıq düzgün yanaşma deyil. Avtomobilimin ili təzədir gedib imtahan vermək istəmirəm, bu da düzgün yanaşma sayılmır. Yəni belə yanaşmalarla işləyən insanlar var, hələ ki, bir az səbr göstərilir. Amma yaxşı olar ki, onlar da vaxtında gedib oxusunlar, sertifikatlarını alsınlar, digər sənədlərini qayadaya salıb qanuni şəkildə fəaliyyət göstərsinlər. Nəzərə almaq lazımdır ki, qarşıdan COP29 kimi mötəbər bir tədbir gəlir, həmin tədbirdə yalnız qanuni fəaliyyət göstərən taksilərin müəyyən ərazilərdə xidmətinə imkan yaradılacaq. Gələcəkdə taksilər avtobus zolaqlarına daxil ola bilər fikri var. Yəqin ki, bu da baş tutacaq. O zaman da qanuni fəaliyyət göstərən taksilərə üstünlük veriləcək, digərləri həmin zolağa daxil olanda cərimələnəcək. Bax, bunları vaxtında düşünsələr, hesab edirəm ki, bu problemlər də aradan qalxmış olar”.