Banner

Broyler toyuqlarındakı bu maddələr hormonal dəyişikliyə səbəb ola bilər – MÜTƏXƏSSİSLƏRDƏN XƏBƏRDARLIQ - FOTO

Gündəm 24 İyun 2025 14:00 Oxunub 1642
Broyler toyuqlarındakı bu maddələr hormonal dəyişikliyə səbəb ola bilər – MÜTƏXƏSSİSLƏRDƏN XƏBƏRDARLIQ  - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Son illər süfrələrimizdə ən çox rast gəlinən ət növlərindən biri olan broyler toyuqları həm əlverişli qiyməti, həm də asan hazırlanması ilə bir çox ailənin əsas qida mənbələrindən birinə çevrilib. Lakin bu məhsulun arxasında duran sənaye prosesləri, yetişdirmə şəraiti və tərkibinə dair yayılan məlumatlar cəmiyyətdə ciddi narahatlıqlar yaradıb. Xüsusilə son günlər sosial mediada və bəzi xəbər platformalarında broyler toyuqlarının insan orqanizminə, xüsusilə kişilərdə hormonal dəyişikliklərə səbəb ola biləcəyi ilə bağlı iddialar geniş müzakirələrə yol açıb.
Türkiyə mediasında yayımlanan bəzi xəbərlərdə bu toyuqlara hormon və ya antibiotik tərkibli maddələrin verildiyi, bu maddələrin insan orqanizminə keçərək hormonal balansı poza biləcəyi irəli sürülür. Bu iddialar geniş rezonans doğurmaqla yanaşı, bir çox vətəndaşın gündəlik qida seçiminə də təsir etməyə başlayıb.


Məsələ ilə bağlı “Qida Təhlükəsizliyi Hərəkatı”nın rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova saytımıza açıqlamasında bildirib ki, Azərbaycanda və dünyada broyler təsərrüfatı geniş yayılıb. Xüsusilə də broyler toyuqları daha ucuz və əlçatan ət mənbəyi olduğuna görə, həmçinin fast-food məhsullarının əksəriyyətində istifadə edildiyinə görə, ən çox istehlak olunan qidalar sırasına daxildir.
"Broyler toyuqları daha çox ətlik məqsədi ilə yetişdirilən, qısa müddətdə yüksək çəki yığan cinslərdən seçilir. Bəzən cəmi 40 günə, hətta daha tez müddətdə 2-3 kiloqrama qədər çəki toplaya bilirlər. Bu müddətdə onların yeminə böyümə sürətini artırmaq üçün vitaminlər, minerallar, antibiotiklər və bəzi hallarda hormona bənzər maddələr əlavə olunur. Bu cür toyuqlar çox vaxt günəş görməyən, dar və qapalı şəraitdə tövlə və ya fermalarda saxlanılır. Bir çox ölkədə hormon istifadəsi qadağandır, lakin estrogenə bənzər böyüdücü maddələrə hələ də təsadüf olunur. Bu maddələr əsasən toyuğun dərisində və yağında toplanır. Onların təsirini azaltmaq üçün toyuğun dərisini və yağlı hissələrini ayırıb bişirmək, həmçinin ilk qaynadılan suyu ataraq ikinci dəfə bişirmək tövsiyə olunur".


Məhsəti Hüseynova qeyd edib ki, estrogenə bənzər maddələrin təsiri xüsusilə yeniyetmə oğlan uşaqları üçün narahatedici ola bilər. 
"Bu maddələr döş nahiyəsində böyümə və kişi hormonlarında azalma kimi hallara səbəb ola bilər. Uşaqlarda isə erkən yetkinlik riski yarana bilər. Qadınlarda isə bu maddələr hormonal pozğunluqlara gətirib çıxara bilər. Bu risklər Ümumdünya Səhiyyə Təşkilatı və digər beynəlxalq səhiyyə qurumlarının da araşdırmalarında qeyd olunub. Bu səbəbdən broyler toyuğunun həftədə iki dəfədən artıq istehlak edilməməsi tövsiyə olunur. Eyni zamanda qida rasionuna mövsümi və yerli meyvə-tərəvəzlərin əlavə edilməsi, balanslı qidalanma yolu ilə immun sisteminin gücləndirilməsi vacibdir".
Mütəxəssis vurğulayıb ki, əgər broyler toyuğu alınacaqsa, onun etiketlənməsinə, mənşəyinə, necə bəsləndiyinə, təzəliyinə və saxlanılma şəraitinə diqqət yetirilməlidir. 
"Əgər bu şərtlər ödənmirsə, məhsulun istehlakı tövsiyə olunmur. Bu məsələdə insanları qorxutmaq deyil, marifləndirmək əsas məqsəddir. Broyler toyuqları tamamilə rədd edilmək əvəzinə, onların hansı miqdarda və necə istifadə edilməsinin vacib olduğu bilinməlidir".

Dietoloq Ləman Süleymanovanın fikrincə, Avropa ölkələri ilə müqayisədə Azərbaycan 2020-ci ilə qədər genetik modifikasiya olunmuş qidalardan daha az istifadə edən ölkələrdən sayılırdı. 


"Çox təəssüf ki, pandemiyadan sonra bu vəziyyət dəyişdi. Son illərdə ölkədə genetik modifikasiya olunmuş qidalara, xüsusilə də rahat hazırlanması və ucuz başa gəlməsi səbəbilə, daha çox üstünlük verilməyə başlanılıb. Əvvəllər daha çox meyvə-tərəvəz sahəsində bu cür müdaxilələr müşahidə olunurdusa, artıq ət məhsullarında da genetik dəyişikliklərə tez-tez rast gəlinir. Xarici ölkələrdə ətlərə hormonlu dərmanlar, kimyəvi tərkibli əlavələr qatılır. Bu dərmanlar heyvanların yeminə qarışdırılır və nəticədə həm heyvanın böyüməsi süni şəkildə sürətlənir, həm də bu məhsulların insan sağlamlığına mənfi təsiri artır. Belə qidalarla bəslənən əhalidə ciddi xəstəliklər, o cümlədən xərçəng və hormonal pozğunluqlar daha geniş yayılıb. Qız uşaqlarında ginekoloji problemlər, oğlan uşaqlarında isə kişi hormonunun aktivliyində azalma halları müşahidə olunur. Bu, təkcə hormonlu ətlərə deyil, enerji içkiləri və digər müdaxilə olunmuş qidalara da aiddir".


Dietoloq qeyd edib ki, Azərbaycanda isə bu prosesin əsas nümunəsi kimi broyler toyuqları göstərilir.
"Son illərdə xüsusilə gənclər arasında bu cür ət məhsullarına maraq artıb. Xarici fast-food şəbəkələrində təqdim olunan nuggetlər, şişirdilmiş toyuq budları kimi məhsulların tərkibində də eyni kimyəvi maddələr var.
Əslində sağlam ət belə olmamalıdır. Toyuq günəş şüası almalı, təbii şəkildə bəslənməlidir. Amma broyler toyuqları günəş görməyən, soyuq və süni şəraitdə saxlanılır. Onların yemlərinə isə "reaksiyon" adlı, əti uzun müddət xarab olmadan saxlamaq üçün istifadə edilən maddə vurulur. Bu maddə kəsildikdən sonra da ətin içində qalır. Eyni tərkibli maddələr çörəklərə belə əlavə olunur ki, məhsul uzun müddət xarab olmasın. Həmçinin broyler heyvanlara antibiotiklər də yeridilir. Bu, onları xəstəliklərdən qorumaq məqsədi daşıyır, lakin eyni zamanda orqanizmdə faydalı bakteriyaların fəaliyyətini zəiflədir. Nəticədə bağırsaq mikroflorası pozulur və ümumi sağlamlıq zəifləyir".


Ləman Süleymanova vurğulayıb ki, toyuqlara həmçinin hormonal preparatlar da verilir ki, onlar normal 3-4 aya yox, cəmi 25-28 günə çəki artırsın. Bu da onların süni şəkildə böyüdülməsinə səbəb olur. 


"Məqsəd tez satışa çıxarmaqdır. Amma nəticədə insan sağlamlığı təhlükə altına düşür. Bu cür qidalar xüsusilə uşaqlarda erkən yaşda hormonal balansın pozulmasına, cinsiyyətə bağlı inkişaf problemlərinə səbəb olur. Qızlarda erkən yetkinlik, oğlanlarda kişi hormonunun qeyri-normal fəaliyyəti kimi problemlər ortaya çıxır. Bütün bunlar onu göstərir ki, qida təhlükəsizliyi ciddi nəzarət tələb edən bir sahədir və burada edilən laqeydlik gələcək nəsillərin sağlamlığına birbaşa təsir göstərir".


Məsələ ilə bağlı həkim Adil Qeybulla saytımıza bildirib ki, təkcə toyuq deyil, ümumiyyətlə, bütün ət məhsullarının hamısı bu gün əslində broylerdir:


"Elə heyvanlara da bu cür yemləri verirlər və normada 100-120 kq, maksimum olası heyvan olur 300-350 kq. Təəssüf olsun ki, bu praktika bu gün dünyada yayılmış bir praktikadır və yəqin ki, bir müddətdən sonra bununla bağlı nəticələr ortaya qoyulacaq. Ondan sonra Ümumdünya Səhiyyə Təşkilatının da yəqin ki, müəyyən bir rəyi olacaq. Hələlik bizim dediklərimizdə bir az müqavimət var, bunu hiss edirik".
Ekspert qeyd edib ki, bəzən görürük ki, buna irad bildirirlər. Amma məsələ ondadır ki, burada söhbət genofondun sağlamlığından gedir.:

"O məhsulları ki, biz normal istehsal edə bilərik, sovet dövründə olduğu kimi, niyə biz başqa üsullara əl atmalıyıq? O baxımdan, bu, çox düşündürücü məsələdir və heç də bu səsləri qulaqardına vurmaq olmaz. Bu şayiələrin özündə yetərincə səs var".

Fidan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh