Banner

Bu gün Heydər Əliyevin anım günüdür - FOTOSESSİYA

Gündəm 12 Dekabr 2025 08:30 Oxunub 306
Bu gün Heydər Əliyevin anım günüdür - FOTOSESSİYA
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bu gün Heydər Əliyevin anım günüdür. Düşünürəm ki, mən onu şəxsən tanımasam da, onun haqqında eşitdiklərim, gördüklərim və böyüdüyüm mühitdə formalaşan təsəvvürlər sanki mənə onu uzaqdan da olsa tanımağa imkan verib. Mənim aid olduğum gənc nəsil onun həyatının canlı şahidi olmayıb, amma hər yerdə, məktəbdə, televiziyada, ailə söhbətlərində onun adı çəkiləndə bir ağırlıq, bir hörmət hiss olunurdu.

Uşaqlıq illərimdən bəri yaddaşıma çökən kiçik detallar var. Məsələn, məktəbdə sinifdəki portretlərdən biri həmişə onunku olurdu, amma o portret təkcə bir şəkil kimi asılmırdı. Müəllimlər danışdıqca o, çərçivədən çıxıb bir obraz kimi canlanırdı. Bəzən düşünürəm ki, gənclər Heydər Əliyevi kitablardan çox, insanların danışdıqları hisslərlə tanıyıb. Kimisi onu uzaqgörən dövlət adamı kimi təsvir edir, kimisi çətin zamanlarda ölkəni toparlayan bir lider kimi. Mənim isə yaddaşımda daha çox “zamanı dəyişdirən adam” kimi qalıb.

Uşaqlıqdan onun şəkillərini, çıxışlarını görürdüm. Ölkədə sabitlik, dirçəliş və xalqı bir araya gətirən bir güc barədə danışanda insanların ağlına ilk növbədə onun adı gəlirdi. Mənim üçün Heydər Əliyev daha çox, Azərbaycanın dəyişə bildiyini, yenilənə bildiyini göstərən bir simvol kimi formalaşıb. Yaşım artdıqca başa düşürəm ki, bu cür şəxslər haqqında deyilənlər sadəcə tarix dərsliyindən ibarət deyil. Mənim üçün o, tarix kitablarında oxuduğum bir şəxs olmaqdan çox, ölkənin taleyinin çətin səhifələrində adı keçən, insanlara güvən verən eə tarixin özünü yazan şəxs kimi təsəvvür olunur. Nə xoş mənə ki, onun izi düşən bir ölkənin övladıyam və bu böyük yolun davamçılarından sayılıram.

Mənə elə gəlir ki, nəinki lider kimi, hətta simvol kimi də onun haqqında danışılır. Hər kəsin onunla bağlı öz şəxsi bir fikri, öz hissi var.

Millət vəkili Müşfiq Məmmədli öz hisslərini Avtosfer.az-a açıqlayıb. O bildirib ki, Heydər Əliyev Azərbaycanın gələcək müstəqilliyinin təməlini qoymaqla yanaşı, özündən sonrakı lideri də yetişdirib:

“Heydər Əliyev Azərbaycan xalqının 200 illik milli ideyasının müstəqilliklə bağlı olan duyğularını, hisslərini, arzularını həyata keçirən liderdir. Dayanıqlı siyasi sistemin formalaşmasında və siyasi varislik prinsipi ilə müstəqil Azərbaycanın dövlətçilik mərhələsində mühüm bir hissəni tarixə qızıl hərflərlə yazmış xalqımızın Ulu öndəridir. Onun yetişdirdiyi lider yarımçıq qalmış arzu və ideyaları tamamladı, xalqı bir vahidlik ətrafında birləşdirdi və Azərbaycan tarixinə öz adını qızıl hərflərlə yazdı. İlham Əliyev Ulu öndərimiz Heydar Əliyevin siyasətini uğurla davam etdirir. Çünki ona görə uğurla davam etdirə bildi ki, o ulu öndər tərəfindən yetişdirilmiş bir siyasi varis, bir lider idi”.

Müşfiq Məmmədli sözlərinə görə, Azərbaycan xalqı 200 illik milli ideyanı müstəqil dövlət və bütün əraziləri üzərində suveren müstəqil dövlətin qurulmasını tamamladı. Bundan sonraki zaman kəsimində də Ulu öndərin quruculuq, Azərbaycanın inkişafı ilə bağlı bütün ideyaları həyata keçirilir, təkmilləşdirilir və onun siyasi varisi tərəfindən yeni dünya düzəninə uyğun şəkildə Azərbaycan müasir, demokratik, sosial dövlət kimi inkişaf edir.

Milli Məclis deputatı Aydın Hüseynov da Heydər Əliyevin fikrincə, Ulu öndər Heydər Əliyev bütün həyatını Azərbaycan xalqının inkişafına sərf edib və bugünkü müasir müstəqil Azərbaycan dövlətinin memarıdır:

“Heydər Əliyev birinci dəfə hakimiyyətdə olduğu dövrdə, ondan əvvəl Dövlət Təhlükəsizlik Komitəsində çalışdığı dövrdə həmişə Azərbaycanın maraqlarını ifadə edib. Dövlət Təhlükəsizliyi Komitəsində çalışdığı zaman milli dövlətçilik məfkürəsinin formalaşmasında çox əhəmiyyətli rolu olubdur. Eləcə də birinci dəfə Azərbaycana rəhbərliyə etdiyi dövrdə Azərbaycanı aqrar bir ölkədən inkişaf etmiş sənayə respublikasına çevirdi. Həmin dövrdə Heydər Əliyevin fəaliyyəti çox böyük dəyərləndirilir. Çünki bütün sahələrdə inkişafı təmin etmiş oldu, xüsusilə Azərbaycan dilinin dövlət dili olaraq Konstitusiyada təsdiq olunması, eləcə də böyük sənaye müəssisələrinin inkişaf etdirilməsi, digər tərəfdən, mədəniyyət-incəsənət sahəsində böyük naliyyətlərin əldə olunması, şəxsiyyətlərin yetişməsi və Cəmşid Naxçıvanski Hərbi Məktəbin Azərbaycanda qurulması yüksək qiymətləndilir. Nəhayət, Ulu öndər Heydər Əliyevin şah əsəri müstəqil, müasir Azərbaycan dövlətidir”.

Deputat Vüqar Rəhimzadə isə bildirib ki, bu gün Ümummilli Liderin ruhu şaddır. Çünki vaxtilə onun ən böyük arzusu olan işğal altındakı torpaqlarımızın azad edilməsi, soydaşlarımızın doğma yurd-yuvalarına qayıdışı və bu ərazilərdə yeni həyatın başlanması artıq reallığa çevrilib:

“Ümummilli Liderin özünün də qeyd etdiyi kimi, “Nə qədər ki, Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam!” Təbii ki, bu əbədiliyi şərtləndirən dahi şəxsiyyətin hakimiyyətinin hər iki dövründə Azərbaycanın bugünü, gələcəyi üçün gördüyü misilsiz işlər, eyni zamanda, bu siyasətin davamını təmin edən 1 oktyabr 2003-cü ildə xalqa müraciəti oldu. Ulu Öndər xilaskarlıq missiyasını 1993-cü ildə baş verən iyun hadisələri zamanı Azərbaycanı daxili və xarici düşmənlərdən qorumaqla da təsdiqlədi. Ulu öndər Heydər Əliyev ondan nicat gözləyənlərin ümidi oldu. 1991-1993-cü illərdə Azərbaycanda yaşanan faciəli hadisələr ölkəmizin müstəqilliyini sual altına qoymuşdu. Xüsusilə 1992-ci ildə AXC-Müsavat cütlüyünün dövlət çevrilişindən, hakimiyyətin güc yolu ilə zəbt edilməsindən sonra vəziyyət daha da ağırlaşmışdı. Ölkəmizdə xaos, anarxiya, özbaşınalıq hökm sürürdü”.

Deputatın sözlərinə görə, 1993-cü ildə Ümummilli Lider Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasaydı, Azərbaycan adlı dövlətdən danışmaq mümkün deyildi:

“Bu qayıdış Azərbaycanı böyük bəlalardan xilas etdi. Dahi şəxsiyyət Heydər Əliyevin cəsarəti, zəkası, təcrübəsi, xalqın öz dahi rəhbərinə inamı sayəsində Azərbaycan xaosdan, anarxiyadan, özbaşınalıqlardan, iqtisadi böhrandan xilas oldu, inkişaf, tərəqqi dövrünə qədəm qoydu, torpaqlarımızın işğalının qarşısı alındı. Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul olunması və bütün sferaları əhatə edən köklü islahatların həyata keçirilməsi, demokratik, hüquqi dövlət quruculuğu, nizami ordunun yaradılması Heydər Əliyevin Azərbaycan xalqı qarşısında müstəsna xidmətləridir”.

Vüqar Rəhimzadə deyib ki, Ulu öndər Heydər Əliyevin zamana və məkana sığmayan xidmətlərini bir yazıda əhatə etmək çətindir. Çünki Ümummilli Lider Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxaran və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşduran qüdrətli və dahi şəxsiyyətdir.

Nurcan Babək

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh