Bu küçədə ağaclar zolaqla hərəkəti çətinləşdirir - Sürücülər qayda pozmalı olur - AÇIQLAMA - VİDEO

Gündəm 18 Oktyabr 2024 16:20 Oxunub 478
Bu küçədə ağaclar zolaqla hərəkəti çətinləşdirir - Sürücülər qayda pozmalı olur   - AÇIQLAMA - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Məlumdur ki, Bakının əksər küçə və prospektlərində avtobusların hərəkəti üçün xüsusi zolaqlar təşkil edilib. Lakin bəzi ərazilərdə yol kənarındakı ağaclar sürücülərin zolaqla hərəkətini çətinləşdirir.

Paytaxtın Zərifə Əliyeva küçəsində də (Hökumət evindən Sahil metrosuna düşən yolda) eyni vəziyyət yaşanır.  

Mövcud problemlə bağlı sürücülərdən biri Avtosfer.az-ın qaynar xəttinə videomaterial göndərib. Onun sözlərinə görə, sözügedən küçədə salınmış avtobus zolağıyla hərəkət etmək mümkün deyil. Görüntüdən də aydın olduğu kimi, irigövdəli ağaclar zolaq istiqamətində əyilərək avtobusun hərəkətinə əngəl törədir. Sürücü vəziyyətdən çıxış yolu kimi, sol zolağa keçid edərək avtobusu sürdüklərini, lakin bu halda da avtomobilləri sıxışdırdıqlarını bildirib. Onun iddiasına əsasən, bir müddət əvvəl hətta sürücülərdən biri avtobusu tam zolaqla sürdüyü üçün qəza törədib. Belə ki, nəqliyyat vasitəsinin damı ağaca dəyərək yararsız vəziyyətə düşüb.

Dövlət Ekoloji Ekspertiza Agentliyinin mətbuat katibi Elnur Ağayev Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirib ki, yaşıllıqların budanması üçün Dövlət Ekoloji Ekspertiza Agentliyinin rəyinin alınmasına ehtiyac yoxdur: "Torpaq mülkiyyətçiləri - yerli və mərkəzi icra hakimiyyəti orqanları, həmçinin bələdiyyələr mütəmadi olaraq öz ərazilərindəki ağac və kolların qurumuş, qəzalı, yol hərəkətinə, mühəndis-kommunikasiya xətlərinə maneə yaradan budaqlarını müvafiq qaydada budaya bilərlər".

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən sorğumuza cavab olaraq bildirildi ki, paytaxt ərazisində bu proses aidiyyəti qurumların müraciəti əsasında gündəlik olaraq aparılır. Sözügedən küçədə isə yaxın günlərdə tədbir görüləcək.

Nərmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh