“Bu məmurlar audit yoxlamasına cəlb olunmalıdır” – EKOLOQDAN HÖKÜMƏTƏ ÇAĞIRIŞ

Gündəm 28 Oktyabr 2024 20:15 Oxunub 386
“Bu məmurlar audit yoxlamasına cəlb olunmalıdır” – EKOLOQDAN HÖKÜMƏTƏ ÇAĞIRIŞ
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Son günlər Bakıda normadan artıq yağan yağışlar şəhərin sakinləri üçün çətin bir vəziyyət yaradıb.

Avtosfer.az xəbər verir ki, iqlim dəyişiklikləri nəticəsində paytaxtda intensiv yağışların yağması nəqliyyatın və gündəlik həyatın axışını ciddi şəkildə pozub. Yağışlar bir çox bölgələrdə su basmalarına, yolların sıradan çıxmasına səbəb olub.

Yaranan vəziyyətlə bağlı ekoloq Qorxmaz İbrahimli saytımıza müsahibəsində deyib ki, təxminən 8-10 gün əvvəlki yağış, hətta bugünkü yağıntıdan sonra Sabunçu tunelinin gəldiyi yeni vəziyyət, bunlar hamısı o deməkdir ki, məmurlar düzgün çalışmırlar:

“Dövlətin, millətin, xalqın vəsaiti, dövlət büdcəsi oğurlanıb və düzgün yerə yönəldilməyib. Birinci növbədə hökümət bununla bağlı mütləq şəkildə araşdırma aparıb qərar qəbul etməlidir. Bu vəsaiti yeyən insanların hər biri məsuliyyətə cəlb olunmalı, həbsxanaya atılmalı deyil, bunlardan bu vəsait geri alınmalıdır, dövlətin xəzinəsinə geri qaytarılmalıdır və drenaj sistemi düzəldilməlidir. Birinci problemimiz budur. Eyni zamanda şəhərin yol infrastrukturunu da buna aid etmək olar. Hər gün səhər-axşam Babək prospektində şəhər yollarının bu cür tikilməsinə görə sürücülər bütün əsəbini polislərin üzərinə tökür. Bu yolu tikən zehniyyət bu yolu inşa edən mühəndislər məsuliyyətə cəlb olunmalıdır. Bu vəsaiti xərcləyən insanlar vəzifədədir və ya vəzifədə deyil, fərq etməz, bu şəxslərin hər biri audit yoxlamalarından keçirilməlidir. Mümkün qədər tez hökümət bununla bağlı qərar qəbul etməlidir”.

Ekspert həmçinin vurğulayb ki, ölkəmizdə COP29 tədbiri ərəfəsində yol infrastrukturunun zəif vəziyyəti hökuməti müəyyən məhdudiyyətlər tətbiq etməyə vadar edə bilər.

“Zığ şosesinin bərbad vəziyyəti, Aeroport yolunun isə nisbətən yaxşı olması, lakin drenaj sisteminin olmaması, yağışlı günlərdə ciddi problemlərə səbəb olur. Bu vəziyyət də onunla bağlıdır ki, o vaxtkı məmurlar bilgi almadan, heçnə soruşmadan, öyrənmədən, “onsuz da, Bakıda az yağış yağır, yağandan sonra da günəş çıxır, su buxarlanır, qar yağmır” kimi sözlərlə “allaha ümid” inşa ediblər. Təəssüf ki, məmurların əyri işlərinin cəzasını xalq ,tuneldə boğulan iki gənc və ya yolda əsəb keçirən vətəndaşlarımız çəkir. Bu drenaj sistemlərini korlayanlar da, Bakıdakı səkiləri vaxtilə mərmər daşdan inşa etmək istəyənlər də, piyada keçidlərini bərbad edənlərə də məsuliyyət qarşısında cavab verməlidirlər. Bu vəziyyətdə piyadalarla yanaşı nəqliyyat vasitəsi sahibləri də əziyyət çəkirlər. Kiminin maşınına su dolur, kiminin də başqa problemləri yaranır. Yağıntılara gəldikdə isə, bəli, iqlim dəyişikliklərinin təsiri var. İqlim dəyişiklikliyi sayəsində hava dəyişiklikliyi ola bilər, bu qlobal iqlim dəyişikliyidir. Payız fəslində belə yağıntılar gözlənəndir. İsti havadan soyuq havaya keçəndə yağıntılar normal ola biləcək, yəni aylıq normanın üzərinə çıxa biləcək yağıntılardır. Amma bu məsələdə mütləq keçmişə - 10 il əvvələ baxmaq lazımdır ki, Bakıda hava şəraiti necə olub. Məsələn, 2012-ci ildə şəhərə normadan artıq qar yağmışdı. Bunların hamısına şəhər təsərüfatı hazır olmalıdır”.

Sonda ekoloq onu da vurğulayıb ki, idarəçilik sistemində köklü dəyişikliklər edilmədiyi halda, gələcəkdə də bu cür problemlərlə qarşılaşma ehtimalı yüksəkdir. İcra hakimiyyətlərinin ləğvi və bələdiyyələrə səlahiyyətlərin verilməsi, məmurların düzgün seçilməsi ilə bu problemlərin həlli üçün vacibdir.

Məsələ ilə əlaqadar sorğumuza cavab olaraq İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, “Bakı şəhərinin baş planı – 2040” sənədində şəhər ərazisində yağış drenaj boru xətləri ilə məişət kanalizasiya xətlərinin bir-birindən ayrılması, yağış sularının toplanması və təkrar istifadəsinin təşkili nəzərdə tutulub:

“Layihəyə uyğun olaraq müxtəlif səthlərdən yağış suları mərkəzi sistemin borularına yönləndirilərək borular vasitəsilə yeraltı anbarlara toplanacaq. Daha sonra yağış suları filtrasiya və sterilizasiya proseslərindən keçirilərək istehsal sahələrində və suvarmada istifadəyə yönləndiriləcək.

Hazırda yağış və kanalizasiya kollektorlarının bəziləri eyni sistemlə idarə olunduğundan mövcud kanalizasiya sistemlərinin də dəfələrlə artıq yüklənməsinə səbəb olur. Lakin yeni layihənin tətbiqi imkan yaradacaq ki, mövcud problemlər minimuma endirilsin və su ehtiyatlarının artırılması istiqamətində yağış sularından da istifadə edilsin”.

Memar Dilqəm İsmayılov müsahibəsində deyib ki, ümumiyyətlə paytaxtın son 20 ildə Baş planı olmayıb:

“Yağış sularının axıdılması ilə bağlı 1986-cı ildə təsdiqlənən Baş planda nəzərdə tutulmuşdur. Sonradan SSSRİ dağıldı, idarəetmə sistemi dəyişdi. Yağış sularının ayrıca yığılmasını drenaj sistemi ilə əlaqələndirirlər, amma drenaj sistemləri də nəticədə kanalizasiya sistemlərinə birləşir və nəticədə yüklənmə olur. Drenaj sistemilərinin olmasının əslində heç bir əhəmiyyəti yoxdur. Drenaj sistemi ayrıca qurulmalıdır. Yağış suları ayrıca toplanmalıdır, hətta yağış sularından ayrıca istifadə olunmalıdır. Ümumiyyətlə, Azərbaycan Qafqazda su problemi olan ölkələr arasındadır. Suyu səmərəsiz şəkildə isitfadə etməklə özümüzə problem yaradırıq. Bundan başqa şəhərsalma prinsipləri də düzgün təşkil olunmayıb. Bakı böyüyüb, amma çox xaotik şəkildədir. Bütün şəhərsalma normativləri pozulub. Bu xaotik inkişafın nəticəsində də prablemlər olur. Bu vəziyyətin qarşısını almaq mümkündür, amma uzun vaxt tələb edən prosesdir. Biz, ümumiyyətlə, alternativlər yaratmalıyıq. Yalnız bu halda, heç olmazsa, yerlərdə qisamüddətli bu problemləri həll etmək mümkün olacaq.

Sonda Dilqəm İsmayılov vurğulayb ki, həmin o yağış sularını xüsusi çənlərdə yığmaq və yaşıllaşdırılmada istifadə etmək olar. Bütün bu infrasturuktur yavaş-yavaş bütünlükdə şəhərdə həyata keçirilməlidir. Bunun yeganə yolu budur, başqa yolu yoxdur. Şəhərdə yağış sistemləri üçün infrasturuktur qurmaq çox böyük pullar tələb edir. Bugün isə bunu etmək mümkün deyil.

 

 

Hülya

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh