Banner

Bunu edən sürücülər cərimələnir... - AYNA-nın yeni tələbi nəyə səbəb olacaq?

Gündəm 18 Fevral 2026 00:00
Bunu edən sürücülər cərimələnir... - AYNA-nın yeni tələbi nəyə səbəb olacaq?
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən tətbiqinə başlanan yeni tələb Sumqayıt–Bakı və əks istiqamət üzrə taksi fəaliyyətinə mənfi təsir edib. Qərara əsasən, taksi sürücüləri sərnişini Sumqayıta apara bilsələr də, oradan Bakı istiqamətində sifariş götürə bilməzlər. Eyni qayda əks istiqamətdə də tətbiq olunur. Bakıda qeydiyyatdan keçmiş sürücü Sumqayıta müştəri apara bilər, lakin həmin ərazidə xidməti aktivləşdirə bilməz. AYNA-nın açıqlamasına görə, “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununun 20.2-ci maddəsinə əsasən, taksi minik avtomobilləri ilə sərnişin daşımaları yalnız buraxılış kartında göstərilən ərazi hüdudları daxilində həyata keçirilə bilər. İnzibati Xətalar Məcəlləsinin 322.0.13-cü maddəsinə görə isə buraxılış kartında müəyyən edilən ərazi sərhədlərindən kənarda sərnişin daşıyan sürücülər 50 manat məbləğində cərimə oluna bilərlər. Bu o deməkdir ki, sürücünün qeydiyyatı hansı şəhər üzrədirsə, taksi tətbiqində fəaliyyəti də yalnız həmin ərazi üçün aktivləşdirilir. Yeni mexanizm xüsusilə Sumqayıt–Bakı xəttində gündəlik hərəkət edən vətəndaşlar üçün problemlər yaradıb. Sərnişinlər bildirirlər ki, Sumqayıtdan Bakıya taksi sifariş etmək daha çətinləşib. Əvvəllər sürücülər bir istiqamətdə sərnişin apardıqdan sonra digər istiqamətdə də sifariş götürərək xərclərini balanslaşdıra bilirdilər. İndi isə geri dönüş sifarişi mümkün olmadığı üçün bəzi sürücülər Sumqayıt marşrutundan imtina edir.

Avtosfer.az-ın məlumatına görə, bu barədə iqtisadçı Xalid Kərimli “AzPolitika”ya şərhində bildirib ki, tətbiq edilən məhdudiyyətin praktik mexanizmi tam aydın deyil. 

Onun sözlərinə görə, nəzarətin necə həyata keçiriləcəyi sual doğurur: 

"Sürücülərin müəyyən ərazidə dayanaraq gözləməsi, taksi parklarında fəaliyyət göstərməsi nəzərdə tutulur, yoxsa küçədən sərnişin götürməyə hansısa formada müdaxilə ediləcək – bu məsələlər konkret izah olunmayıb".

İqtisadçı hesab edir ki, geri dönüşdə sərnişin götürülməsinə icazə verilməməsi xərclərin artmasına səbəb olacaq.

Taksi iki istiqamətdə işlədikdə kilometrə düşən xərc azalır. Lakin bir tərəfli fəaliyyət zamanı avtomobil boş qayıdır, bu isə yanacaq sərfiyyatını və ümumi istismar xərclərini artırır. Söhbət təkcə benzindən getmir – avtomobil resursu da faktiki olaraq səmərəsiz istifadə olunur”, – deyə o vurğulayıb.

X.Kərimlinin fikrincə, xərclər artdıqca sürücülər bunu qiymətə yansıtmağa çalışacaq:

“Əvvəl 10 manata aparılan məsafə üçün 20 manat tələb oluna bilər. Əgər qiymətə müdaxilə edilərsə, bu zaman sürücünün gəliri azalacaq. Qiymətlər yüksəldikdə isə sərnişinlər imtina edə və ümumiyyətlə həmin marşrut üzrə taksi xidmətindən istifadə etməyə bilər. Nəticədə xidmətin əlçatanlığı zəifləyə bilər”.

Ekspert qeyd edir ki, dünya təcrübəsində platformalar üzərindən fəaliyyət göstərən taksilər üçün bu tip geri dönüş məhdudiyyətləri geniş yayılmayıb. Avropa ölkələrində şəhər üzrə lisenziyalaşdırma mövcuddur, lakin sürücünün başqa şəhərə sərnişin apardıqdan sonra geri qayıdarkən sifariş götürməsi adətən məhdudlaşdırılmır. Platforma əsaslı xidmətlərdə də bu cür qadağalara nadir hallarda rast gəlinir.

Onun sözlərinə görə, qərarın arxasında Bakıda taksi bazarını qorumaq və nəzarəti gücləndirmək, eləcə də şəhərlərarası taksi fəaliyyətini məhdudlaşdıraraq insanları daha çox ictimai nəqliyyatdan istifadəyə yönləndirmək məqsədi dayana bilər. Lakin iqtisadçı hesab edir ki, bu cür inzibati məhdudiyyətlər bazarda əlavə xərc və səmərəsizlik yarada bilər.

Qeyd edək ki, dünya təcrübəsi isə belədir ki, böyük şəhərlərdə bu tip məhdudiyyətlər tətbiq olunmur.

Məsələn, Londonda taksilər üçün paytaxt ətrafında sərnişin götürmək və aparmaq məsələsində tam qapalı ərazi prinsipi yoxdur. Sürücü sifariş aldığı ərazi üzrə fəaliyyət göstərir, amma şəhər sərhədləri daxilində sərt inzibati baryer tətbiq edilmir.

Qardaş ölkə Türkiyəyə baxsaq məsələn, İstanbulda taksilər bələdiyyə kvotası ilə işləyir. Şəhərlərarası fəaliyyət üçün ayrıca icazə tələb oluna bilər, lakin İstanbul kimi böyük metropol və ona bitişik rayonlar arasında sərnişin götürmək praktiki baxımdan qadağan edilmir.

ABŞ-də şəhər daxilində lisenziya zonası mövcud olsa da, sürücü sərnişini başqa ştata və ya şəhərə apara bilər və geri dönüşdə tətbiq əsaslı sifariş qəbul edə bilir.

Bir çox Aİ ölkəsində də taksi lisenziyası şəhər və ya region üzrə verilir. Amma paytaxt və ona bitişik şəhərlərdə vahid iqtisadi zona yanaşması tətbiq edilir.

Qeyd edək ki, bizdə sözügedən məsələnin yaxın vaxtlarda necə tənzimlənəcəyi və əlavə mexanizmlərin tətbiq olunub-olunmayacağı isə açıq sual olaraq qalır.

Oxunub 120
ŞƏRH YAZ
Ad

E-mail

Şərh