“Burda konkret qiymət yoxdur” – Maşın bazarından reportaj + FOTO

Gündəm 26 Yanvar 2016 16:04 Oxunub 6819
“Burda konkret qiymət yoxdur” – Maşın bazarından reportaj + FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bazarın ağzında müştəri gözləyən satıcılar

Avtosfer.az xəbər verir ki, bu barədə teleqraf Sərvər Şirinin Bakı Sumqayıt yolundakı maşın bazarından hazırladığı reportajı təqidm edir:

Bazarın ağzında müştəri gözləyən satıcılar

Maşın bazarının qarşısındayıq. Üstünə “satılır” yazılan maşınların sahiblərini söhbətə çəkirik. Elsevər adlı satıcı:

– Maşını bazarda satışa çıxarmaq üçün qapıçıya altı manat ödəməlisən. Hər dəfə altı manat ödəməkdənsə, maşını elə burdaca satmaq istəyirik. Qismət Allahdandır. Qismətimizdə varsa, elə burda da satacağıq.

“Bazar üçün ümumi qiymət yoxdur” 

Elsevər maşın bazarındakı ümumi vəziyyəti belə izah edir: “Satan çoxdur, alan az. Maşınların qiyməti xeyli aşağı düşüb. Sovet və xarici maşınların qiyməti, az qala, yarıbayarı azalıb. Bazara gələnlər də əsas sovet maşınlarına (vaz 21 06, vaz 21 07 markaları) baxırlar.  Bilirsən, vəziyyət elədi ki, konkret qiymət yoxdur. Yəni tutaq ki, əvvəllər yaxşı “dörd göz” Mersedeslər on iki min manat idisə, indi bazar üçün ümumi qiymət yoxdur.  Kim necə istəyir, elə də satır. Birdə görürsən, yaxşı bir maşın 4500 manata satılır”. 

Bazarın içinə keçirik. Alıcıların az olması diqqətimizdən yayınmır. Akif dayı Xaçmazdan bura “Volqa”sını  (31 10) satmaq üçün gəldiyini deyir. Ona təcili pul lazımdır, maşını üç min manata satır.  

 Bazarda gördüyümüz ilk maşın satışı

 Maşınların qiymətləri ilə tanış ola-ola gəlib çıxıram qırmızı rəngli vaz 21 07 markalı maşının yanına. Elə satıcını söhbətə çəkmək istəyirəm ki, iki nəfər bir-birinə “allah xeyir versin” deyir. Aydın olur ki, satıcı vaz 21 07 markalı maşını 1900 manata satdı. Bu, bazarda gördüyümüz ilk satış idi. Maşının alıcısı bunları deyir: “Qiymətlər çox aşağıdır. Bir də sovet maşınları elədir ki, adamı yolda qoymaz. Amma bu maşının da yaxşı görünüşü var, problemi də qardaşın dediyinə görə yoxdur. Azdan-çoxdan mənim də başım çıxır. Həqiqətən yaxşı maşındır”.

Satıcı sözə qarışır: “İli 1993-dür. Heç bir yerində vuruğu yoxdur, motor yağ yemir, qalan hər şeyi də normaldır. Buna baxanda qiyməti çox aşağı verdim. Allah xeyir versin”.

 “İndi maşın almaq üçün Gürcüstana getməyə ehtiyac yoxdur”

 Başqa bir müştəri Fərid isə bunları deyir: “Əvvəllər maşın almaq üçün Gürcüstana gedirdik. Amma indi buna ehtiyac yoxdur. Əgər pulun varsa, elə burdan da ucuz qiymətə maşın ala bilərsən. Mən də bazarı gəzirəm “Nissan X-Trail” almaq istəyirəm. Ucuz tapa bilsəm alacam. Dörd min manat pulum var”. 

–   Fərid, nə yaxşı təzə maşın almırsınız? 

– Təzə maşınların qiymətində elə də fərq yoxdur. Yəni qiyməti çox düşməyib. Həm də ki təzə maşını indi aldınsa, bir az sonra onu yarı qiymətə satsan, sevinərsən. 

 Maşın bazarında qiymətlər

 Maşın bazarındakı maşınların ümumi qiyməti təxminən belədir:

2007-ci il “Hundai Tucson” markalı maşını – 7000 manat

2007-ci ilin “Hundai Accsent” markalı maşını – 6000 manat

2012-ci ilin “Kia Rio” markalı maşını – 6500 manat

2010-cu ilin “Kia Cerato” markalı maşını – 8000 manat

2008-ci ilin “Toyota Prado” markalı maşını – 15000 manat

 Hundai, Kia, Toyota markalı maşınların alıcısına nisbətən ikinci əl “Mercedes”, “Opel” maşınlarının alıcısı daha çoxdur. Onların qiymətləri isə aşağıdakı kimidir: 

1997-ci ilin “Mercedes C 220” markalı maşın – 4000 manat

1996-cı ilin “Mersedes E 230” markalı maşın – 5000 manat

2000-ci ilin “Opel Astra”sı – 3800 manat

1999-cu ilin “Opel Zafira”sı – 6000 manat

 “Vaz” maşınlarının qiyməti:

1986-cı ilin “Vaz 21011”i – 1200 manat

1993-cü ilin “Vaz 2109”u – 1800 manat

1993-cü ilin “Vaz 2107”si – 1900 manat

2001-ci ilin “Vaz Niva”sı – 3300 manat

2012-ci ilin “Vaz 2115”i – 5300 manat

 Beləcə, maşın bazarından reportajımızı yekunlaşdırırıq. Yuxarıdakı maşınların qiyməti bu bazara uyğun verilmişdi. Satıcı və alıcılardan aldığımız məlumatlara görə, yaxın vaxtlarda qiymətlər kəskin dəyişə bilər. Yəni bazarda daha ucuz maşın da tapmaq olar.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh