Cərimələnən “avara”lar kimlərdir? – İşsizlər ciddi problemlə üz-üzə

Aparıcı Aytən Səfərovanın paylaşdığı məsələ cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Belə ki, ona göndərilən mesajda bir vətəndaşın “avaralıq” maddəsi ilə 20 manat cərimə edildiyi bildirilib. İlk baxışdan bu məlumat bir çoxlarına dələduzluq kimi görünsə də, aparıcının araşdırmasından sonra məlum olub ki, İnzibati Xətalar Məcəlləsində həqiqətən də “avaralıq” anlayışı ilə bağlı maddə mövcuddur. Məsələ isə əsasən ondan ibarətdir ki, rəsmi işi olmayan, ailəsi və uşağı olan bir şəxs hansısa sexdə çalışsa da, işinin qeyri-rəsmi olması səbəbilə “avaralıq” ittihamı ilə üzləşib və cərimələnib.
Mövzu ilə bağlı danışan hüquqşünas Natiq Ələsgərov bildirib ki, “avaralıq” anlayışı Azərbaycan qanunvericiliyində konkret olaraq işləməmək mənasında deyil, əsasən davamlı şəkildə dilənçiliklə və ya buna bənzər sosial baxımdan zərərli həyat tərzi ilə dolanmaq kimi başa düşülür.
Onun sözlərinə görə, bu norma sovet dövründən formalaşmış hüquqi yanaşmanın davamıdır və əsas məqsədi cəmiyyətdə sosial asılılığın, dilənçiliyin və qeyri-sağlam həyat tərzinin qarşısını almaq olub:
“İnzibati Xətalar Məcəlləsinin 523-cü maddəsi birbaşa işsiz olmağı deyil, davamlı olaraq əmək fəaliyyəti ilə məşğul olmadan, başqalarının hesabına yaşamağı və dilənçilik etməyi hədəf alır. Lakin praktikada bəzən bu norma düzgün tətbiq edilmir və nəticədə rəsmi iş yeri olmayan, amma faktiki olaraq çalışan şəxslər də “avaralıq” anlayışı altında məsuliyyətə cəlb edilə bilər. Bu isə hüquqi baxımdan ciddi problemlər yaradır. Konstitusiyaya əsasən, hər bir vətəndaşın əmək hüququ var, lakin dövlət heç kəsi məcburi şəkildə işlə təmin etməyə borclu deyil. Eyni zamanda, dövlət məşğulluq siyasəti aparmalı, vətəndaşların iş tapmasına şərait yaratmalıdır. Əgər bazarda iş imkanları məhduddursa, gənclər və ya ailəli şəxslər rəsmi iş tapa bilmirsə, bu halda onları cərimə etməklə daha da çətin vəziyyətə salmaq nə sosial ədalət prinsipinə, nə də hüquqi məntiqə uyğun gəlir”.
Hüquqşünas bildirib ki, belə hallarda hüquq-mühafizə orqanları hər bir işi fərdi qaydada araşdırmalıdır:
“Şəxsin həqiqətən dilənçilik edib-etmədiyi, daimi gəlir mənbəyinin olub-olmadığı, faktiki olaraq işləyib-işləmədiyi müəyyənləşdirilməlidir. Əgər şəxs qeyri-rəsmi də olsa, əmək fəaliyyəti ilə məşğuldursa və ailəsini dolandırmağa çalışırsa, onun “avaralıq” maddəsi ilə cərimələnməsi qanunun ruhuna ziddir.
Bu maddənin əsas ideyası cəmiyyətdə sosial məsuliyyətsizliyi azaltmaq, xüsusən də dilənçiliyin qarşısını almaqdır. Lakin müasir dövrdə əmək bazarının vəziyyəti, qeyri-formal məşğulluğun geniş yayılması və işsizlik problemləri nəzərə alınmadan bu normanın sərt tətbiqi sosial narazılıq yarada bilər. Bu cür hallarda cəza mexanizmlərindən daha çox sosial dəstək və məşğulluq proqramlarına üstünlük verməlidir. Əgər vətəndaş belə bir cərimə ilə üzləşibsə və bunun əsassız olduğunu düşünürsə, məhkəməyə müraciət etmək hüququ var. Məhkəmə prosesində onun faktiki olaraq işlədiyini, ailəsini dolandırdığını və dilənçiliklə məşğul olmadığını sübut etməsi mümkündür. Bu halda inzibati cəzanın ləğv edilməsi ehtimalı kifayət qədər yüksəkdir”.
Ekspertin fikrincə, hazırkı sosial-iqtisadi şəraitdə “avaralıq” maddəsinə yanaşma yenidən nəzərdən keçirilməli, bu norma müasir reallıqlara uyğunlaşdırılmalıdır:
“Çünki iş tapa bilməyən, amma işləmək istəyən insanı cərimələməklə problemin həlli mümkün deyil. Əksinə, bu, həmin şəxsin maddi vəziyyətini daha da ağırlaşdırır və sosial riskləri artırır. “Avaralıq”la bağlı qanunvericilikdə əsas məqsəd cəmiyyətdə dilənçilik və sosial asılılığın qarşısını almaqdır. Lakin bu maddənin tətbiqi zamanı vətəndaşların real vəziyyəti nəzərə alınmalı, işsizliyi məcburi “avaralıq” kimi qiymətləndirməkdən çəkinilməlidir. Əks halda, belə cərimələr nə hüquqi ədalətə, nə də sosial məntiqə uyğun hesab oluna bilər”./no.comment
Cərimə meydançası ilə bağlı xərclər sürücüyə QAYTARILACAQ
Ödənişli yollarda sürət həddi müəyyənləşir - 130 da olacaq, 90 da...
Ermənistan üçün çıxış yolu, Azərbaycan üçün yeni tərəfdaşlıq mərhələsi - ABŞ-dən tarixi səfər
Qurumlar yolu qazıb, sonra bərpa etməyib; sakinlər narazıdır - VİDEO
Benzinin qiyməti ilə bağlı MÜHÜM AÇIQLAMA
Tramvaylar nəqliyyat yükünü azalda biləcək? - AÇIQLAMA
Orta Dəhlizin daha bir davamına çevriləcək yeni dəmir yolu tikilir - Azərbaycan Prezidenti
Azərbaycan heç vaxt toqquşma yeri olmayacaq, əməkdaşlıq məkanı olacaq - İlham Əliyev
Təhlükə anında bir düymə ilə polis çağırışı - Bu cür tətbiq yaradılacaq? – AÇIQLAMA
Şagird müəllimini qısqandığı üçün güllələyib? - ŞOK İDDİA
Paytaxtın 17 küçəsində tıxac var – SİYAHI











