Cərimələr minimum əməkhaqqına və yaşayış minimumuna uyğun olmalıdır? – MÜTƏXƏSSİS RƏYİ

Gündəm 18 Oktyabr 2024 17:10 Oxunub 202
Cərimələr  minimum əməkhaqqına və yaşayış minimumuna uyğun olmalıdır? – MÜTƏXƏSSİS RƏYİ
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bu ayın əvvəli, daha dəqiq desək, oktyabr ayının 4-ü parlamentin iclasında cərimələrin artırılması ilə bağlı müzakirə edilən layihə ətrafında narazılıqlar artmaqda davam edir.

Avtosfer.az xəbər verir ki, Milli Məclisin 2 həftə əvvəl keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə ediləcək dəyişikliklər müzakirə edilib. Dəyişikliyə əsasən, avtomobil yolları və magistral yollara, yol kənarlarına avtomobildən kənar əşya, zibil atılmasına görə cərimələr fiziki şəxslər üçün 200 manata, yayayış yerlərində küçələrə siqaret kötüyü və başqa tullantıların atılmasına görə cərimə 300 manata yüksəldiləcək.

Cərimələrin qəfil bu qədər artırılması məsələsi ətrafında xeyli müzakirələr yaranıb. Sosial şəbəkələrdə vətəndaşlar cərimələrin bir anda 5-6 dəfə artırılmasını məntiqsizlik adlandırıb. Ekspertlərin bir qismi hesab edir ki, Azərbaycanda əhali üçün yaşayış minimumunun 270 manat, minimum əməkhaqqının 345 manat olması ilə cərimələrin 200-300, hətta ikinci dəfə təkrarlandıqda daha yuxarı məbləğ olaraq müəyyən edilməsi mütənasiblik təşkil etmir. Digər qisimdən olan ekspertlər isə düşünür ki, cərimələrin bu həddə artırılması əhalidə ölkə ərazisini zibilləməkdən, qaydaları pozmaqdan çəkinmə psixologiyası yaradacaq və beləcə cərimələnməkdən ehtiyat edən şəxs yerə atacağı tullantını saxlayıb zibil konteynerinə, qutulara qədər gözləməyi seçəcək. Bəziləri isə ölkənin nadir yerlərində də olsa, hələ də zibilxanaların dolub-daşması məsələsini irəli sürərək, bütün problemlərin həll edilməsindən sonra cərimələrin artırılmasını doğru hesab edir.

Məsələ ilə əlaqədar saytımıza müsahibə verən hüquq üzrə mütəxəssis Sahib Məmmədov deyib ki, problem cərimələrin artırılmasında yox, onun tətbiqindədir:

“Bu istiqamətlərdə cərimələr indiyə qədər də var idi. Sadəcə sual olunur ki, indiyə qədər bu mövzularda cərimələnənlərin statistikası təqdim edilibmi? Məsələn, açıqlanmalıdır ki, indiyə qədər neçə nəfər avtomobilin pəncərəsindən yola və yol kənarına tullantı atmağa, yaxud siqaret kötüyünü, zibili küçədə yerə atmağa görə nə qədər, neçə nəfərə cərimə tətbiq olunub? Daha əvvəl “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun da qəbul edilib və burada tütündən sitifadəyə icazə verilməyən yerlər göstərilib. Lakin bunun üzərində nəzarət mexanizmləri yoxdur”.

Mütəxəssis bildirib ki, cərimələrin məbləğlərini əhalinin gəlirləri üçün adekvat hesab etmir:

“Daha çox cərimələrin əvvəlki məbləğlərini saxlayıb tətbiqinə nəzarəti gücləndirsələr, bütün qayda pozanları cərimələsələr, daha yaxşı olardı. Məbləğ artırıldıqda nəzarət etmək çətinləşə bilər. Axı ölkə ərazisində polislər hər 50-100 metrdən bir dayanıb nəzarət edə bilməzlər. Hər ərazidə də kamera yoxdur. Hətta mövcud kameralar da siqaret kötüyünü yerə atanda görüntünü kifayət qədər yaxşı fiks edə bilməyəcək. Məbləğləri artırmazdan əvvəl statistikanı təhlil etmək lazım idi. Əvvəlki məbləğlər çox az idimi? Həmin məbləğ yerə zibil atanlar üçün heç nə ifadə etmirdi deyə mi qanunu pozurdular? Bütün bunlar ölçülüb biçilmədən, əgər məbləğin artırıılması yerə zibil atan üçün heç nə ifadə etməyəcəksə, birdən birə cərimələri 5-6 dəfə artırmaq mənasızdır, ondansa, nəzarəti gücləndirməlidirlər. Ona görə də düşünürəm ki, əvvəlki cərimə məbləğinin tətbiqini həyata keçirmək çətin idisə, yeni cərimələr necə tətbiq ediləcək?”

Mövzu ilə bağlı iqtisadçı ekspert Xalid Kərimli rerdaksiyamıza açmıqlamasında vurğulayıb ki, cərimələrin məbləği əhalinin gəlirlərinə görə hesablanmamalıdır:

“Əgər ortada neqativ bir hal varsa, ölkə üzrə problemə çevrilibsə, bunun qarşısını almaq üçün cərimə tətbiqi olduqca normaldır. 345 manat maaş alan da, 3000 manat gəliri olan da çölə zibil atmamalıdır. Onsuz da, cərimələrin artırılmasındakı məqsəd əhalinin cərimələnməkdən qorxaraq küçələri, yolları zibilləməməsinə nail olmaqdır. Cərimələr minimum əməkhaqqına və yaşayış minimumuna bağlı olmalı deyil. Dünyanın inkişaf etmiş ölkələrində də əhalinin müəyyən məsələdə diqqətli olmasını təmin etmək üçün yüksək cərimə məbləğləri müəyyənləşdirilir”.

Sonda onu qeyd edək ki, ölkə əhalisinin qanunlara riayət etməsi yolunda, ölkədə qanunların tətbiqi və ona nəzarətin ciddiyyəti təbii ki alqışlanmalıdır. Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində küçəyə zibil atmaq, icazə verilməyən yerlərdə tütün və spirtli içki qəbul etmək qadağandır. Burada əhali minimum əməkhaqqı yox, saatbaşına müəyyən məbləğ olaraq gəlir əldə edir.

Lakin Dubayda avtomobili çirkli halda şəhərdə sürmək 500 dirhəm (231manat 40 qəpik), metroda saqqız çeynəmək 100 dirhəm (46 manat 30 qəpik), küçədə heyvana yemək vermək, küçələri zibilləmək və s. kimi bir sıra davranışların ağır cərimələri mövcuddur. Bu isə Dubayın ən təmiz və ən təhlükəsiz şəhər ünvanına sahib olması ilə nəticələnib.

Qeyd: Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu” istiqaməti üzrə hazırlanıb.

Müəllif: Səfər Əlizadə

ŞƏRH YAZ
Ad

E-mail

Şərh