Banner

Cey Di Vensin səfəri regionda nələri dəyişəcək? - POLİTOLOQ

Gündəm 12 Fevral 2026 13:48
Cey Di Vensin səfəri regionda nələri dəyişəcək? - POLİTOLOQ
WhatsApp kanalımıza abunə ola bilərsiniz

ABŞ-nin vitse-prezidenti Cey Di Vensin Cənubi Qafqaza son səfəri regionda və beynəlxalq siyasi dairələrdə geniş müzakirələrə səbəb olub.

Avtosfer.az xəbər verir ki, politoloq Zeynal Əmrəliyev hesab edir ki, bu səfər təkcə protokol xarakteri daşımır və bir neçə mühüm aspektdən ciddi siyasi məna kəsb edir.

Onun sözlərinə görə, hazırda ABŞ-də Respublikaçılar Partiyası daxilində Donald Trampdan sonrakı prezidentlik perspektivi ilə bağlı ciddi rəqabət mövcuddur və əsas mübarizə vitse-prezident Cey Di Vens ilə Dövlət katibi Mark Rubio arasında gedir. ABŞ qanunvericiliyinə əsasən, xarici siyasətin əsas icraçısı Dövlət katibi olsa da, vitse-prezidentin Cənubi Qafqaza səfər qərarı alması daxili siyasi balans baxımından diqqət çəkir və bu addım Vensin partiyadaxili mübarizədə mövqelərini gücləndirə bilər.

Politoloq bildirib ki, səfərin Cənubi Qafqazın bütün ölkələrini əhatə etməməsi də xüsusi əhəmiyyət daşıyır. O xatırladıb ki, Corc Buş administrasiyası dövründə əsas diqqət Gürcüstana yönəlmiş, Corc Buş regiona səfər edən ilk ABŞ prezidenti kimi tarixə düşmüş, lakin yalnız Gürcüstanla kifayətlənmişdi. Bu addım həmin dövrdə hakimiyyətdə olan Mixail Saakaşviliyə açıq siyasi dəstək kimi qiymətləndirilmişdi. Eyni xətt Barak Obama dövründə də davam etmişdi.

Zeynal Əmrəliyevin fikrincə, Co Baydenin prezidentliyi dövründə isə Vaşinqton Gürcüstanla münasibətlərdə soyuqluq yaradaraq diqqəti Ermənistana yönəltdi. Nümayəndələr Palatasının sədri Nensi Pelosinin İrəvana səfəri də demokrat administrasiyasının Ermənistana verdiyi önəmin göstəricisi idi. Donald Tramp isə Baydenin Ermənistan siyasətini müəyyən mənada qoruyub saxlamaqla yanaşı, Azərbaycana da eyni ölçüdə dəstək verməyə çalışaraq balans yaratmağa cəhd göstərdi.

Politoloq qeyd edib ki, Cey Di Vensin Tiflisə səfər etməməsi Vaşinqtonun regiondakı prioritetlərinin yenidən nəzərdən keçirildiyini göstərir. Onun qənaətincə, hazırkı mərhələdə ABŞ regionda həm Azərbaycan, həm də Ermənistanla paralel əməkdaşlıq modelinə üstünlük verir.

Səfər çərçivəsində ən çox diqqət çəkən məsələlərdən biri TRIPP layihəsinin gələcəyi ilə bağlı müzakirələrdir. Əmrəliyev bildirib ki, ABŞ bu təşəbbüsü Ermənistanın suverenliyini qorumaqla Azərbaycanın iqtisadi maraqlarını təmin edən, eyni zamanda ölkənin əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında quru əlaqəni mümkün edən sülh dəhlizi kimi qiymətləndirir.

Ermənistanla mülki nüvə enerjisi və çip texnologiyaları sahəsində əldə olunan razılaşmalara toxunan politoloq vurğulayıb ki, Vaşinqtonun bu istiqamətdə strateji yaxınlaşmasının əsas məqsədi İranın təsir imkanlarını zəiflətmək, Çinin regiona daxil olmasının qarşısını almaq və Rusiyanın rolunu minimuma endirməkdir. Onun sözlərinə görə, ABŞ Ermənistanı Rusiyanın orbitindən çıxararaq Qərb blokuna inteqrasiya etdirmək niyyətindədir.

Azərbaycanla isə terrorizmlə mübarizə və süni intellekt sahəsində əməkdaşlıq haqqında razılaşma əldə olunub. Politoloq hesab edir ki, bu, ölkənin təhlükəsizlik arxitekturasının möhkəmlənməsinə və rəqəmsal transformasiya prosesinin sürətlənməsinə töhfə verə bilər. O qeyd edib ki, Azərbaycan hökuməti süni intellektin tətbiqi istiqamətində ardıcıl addımlar atır və Prezident İlham Əliyevin 11 fevral 2026-cı il tarixində “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə səsləndirdiyi fikirlər də bu istiqamətin prioritet olduğunu göstərir.

Zeynal Əmrəliyev vurğulayıb ki, ABŞ-nin hazırkı vitse-prezidentinin və potensial prezidentliyə namizəd kimi qiymətləndirilən siyasi fiqurun Cənubi Qafqaza səfəri regionun Ağ Ev üçün strateji əhəmiyyət daşıdığını təsdiqləyir. Onun fikrincə, Vaşinqton Bakı və İrəvanla yüksək səviyyəli əməkdaşlıqda maraqlıdır və Avropanı Çin və Mərkəzi Asiya ilə birləşdirən, Rusiya və İranın qonşuluğunda yerləşən Cənubi Qafqazın siyasi-iqtisadi potensialı ABŞ üçün xüsusi önəm kəsb edir.

Eltac Zülfüqaroğlu

Oxunub 158
ŞƏRH YAZ
Ad

E-mail

Şərh