Çingiz Qənizadə: “Azərbaycanda repressiyaların olduğunu iddia edənlərin əksəri hüquq müdafiəçisi deyil”

Gündəm 3 Avqust 2020 16:34 Oxunub 1032
Çingiz Qənizadə: “Azərbaycanda repressiyaların olduğunu iddia edənlərin əksəri hüquq müdafiəçisi deyil”
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bir qrup ictimai fəal, hüquq müdafiəçisi beynəlxalq ictimaiyyətə müraciət ünvanlayaraq, Azərbaycanda repressiya olduğunu iddia ediblər. Sənədi Leyla Yunus, İntiqam Əliyev, Yalçın İmanov, Akif Qurbanov, Gunay İsmayılova, Samir Kazımlı, Rövşən Hacıbəyli, Sevinc Vaqifqızı, Fuad Həsənov, Əlövsət Sadıqlı, Emin Hüseynov, Namizəd Səfərov, Eldəniz Quliyev, Hilal Məmmədov, Avtandil Məmmədov, Rəşid Hacılı, Əlayif Həsənov, Zəfər Əhmədov, Sayğın Rüstəmli, Zaur Əkbər, Təzəxan Mirələmli, Rüfət Səfərov kimi isimlər imzalayıblar.

Avtosfer.az xəbər verir ki, Demokratiya və İnsan Hüquqları komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə məsələyə münasibət bildirərkən dedi ki, sənədi imzalayan şəxslərin böyük əksəriyyəti hüquq müdafiəçiliyi ilə məşğul olmayan şəxslərdir: “Orada cəmi bir neçə adamın adı Azərbaycan cəmiyyətində tanınır. Bunlar zaman-zaman müəyyən məsələlərə münasibət bildiriblər. Belə desək, bu şəxslərin böyük əksəriyyəti sırf radikal müxalifətlə əlaqəli olan insanlardır. Ölkədə hüquq müdafiəçiliyi ilə məşğul olan çoxsaylı insanlar var. Onların içərisində 10-20 il bu sahədə olanları Azərbaycan cəmiyyəti və dövləti, həmçinin, beynəlxalq ictimaiyyət yaxşı tanıyır. Bu sənəddə onların heç birinin imzası yoxdur. Onda belə nəticəyə gəlmək olar ki, məhz bu sənədi imzalayan şəxslər radikal müxalifətin hüquq müdafiəçisi adı altında fəaliyyəti başlatdıqları öz müdafiəçiləridir. Hər şeyi araşdırmadan tələsik, siyasi məqsədlərlə Azərbaycan siyasi hakimiyyətinə qarşı böhtan və gözdənsalma kampaniyası aparmağın, bu cür bəyanatların hazırlanmasının qəti əleyhinəyəm. Hesab edirəm ki, bu hüquq müdafiəçiliyi deyil, mübarizənin digər çirkin, xoşagəlməz formalarından biridir. Bu sənəddə olan imzalardan bir neçə şəxsin Azərbaycana qarşı kin və nifrət hissində fəaliyyət göstərən, xaricdə oturan “beşinci kolon”un nümayəndələri ilə də sıx dostluq əlaqələri və digər maraqlı əlaqələri olduğunu yaxşı bilirik. O zaman belə nəticəyə gəlirik ki, radikal müxalifət və “beşinci kolon” təmsilçiləri hüquq müdafiəçisi adı altında eyni məqsədə xidmət edən fikirlər ifadə edirlər, müxtəlif sənədlər imzalayırlar, sosial şəbəkələrdə paylaşımlar edirlər. Bunların hamısının bir mərkəzdən idarə olunduğu şübhəsizdir”.

Azərbaycanda repressiyaların olması iddiasına gəlincə, Ç.Qənizadə dedi ki, iyulun 14-də Milli Məclis binasının içərisində baş verən hadisələr fonunda radikal müxalifət və “beşinci kolon”a dəstək üçün belə vasitələrdən istifadə olunur: “Hadisələrlə bağlı kimlərinsə saxlanılması repressiya deyil. Repressiya tamamilə başqa bir anlayışdır. Əslində bu cür ifadələr istintaqın gedişinə mane olan hallardan biridir. Yeri gəlmişkən onu da qeyd edim ki, iyulub 14-də təşkil edilən yürüş orduya, Ali baş komandana dəstək, eyni zamanda vətənə məhəbbət hissi ilə başlanmışdı. Sona yaxın müəyyən çirkin radikal qüvvələrin gənclərin bir qismini başqa istiqamətə yönləndirmələri nəticəsində qanunverici hakimiyyətin binasına girmək, dağıntılar törətmək halları müşahidə olundu. Məhz bu bəyanatı imzalayan və onlarla əməkdaşlıq edən şəxslərin əli ilə də xeyli gənci istiqaməti dəyişərək zərbə altında qoydular. Azərbaycanda hazırkı durumda repressiya mümkün deyil. Son olaraq, ombudsmanın son məlum görüşü buna əyani sübutdur. Azərbaycanda həbs yerlərində saxlanılanların “Hüquq və azadlıqlarının təminatı” adlı qanun var. Hesab edirəm ki, faktlara söykənməyən, hüquqi bazası olmayan belə bəyanatların göndərilməsi mənasız bir şeydir. Bunun əvvəllər çox şahidi olmuşuq. Narkotik, adam oğurluğu və digər cinayət əməllərinə yol verən şəxslərin adlarının həmin siyahılara salındığının zaman-zaman şahidi olmuşuq. Avropa Şurasına səfərlərimizdə belə hallarla çox rastlamışıq. Məsələ müzakirə olunub, sonunda ədalət həllini tapırdı.

İndi də belə siyahıların artması mümkündür. Belə siyahıları artıran, saxta siyahılar düzəldən şəxslər əslində saxlanılan şəxslərə problem yaratmış olurlar. Eyni zamanda, həmin şəxslərə qarşı atılacaq humanist addımların qarşısını belə iyrənc hərəkətlərlə alırlar. Hüquq müdafiəçisi olaraq, ayın 14-də baş vermiş hadisə nəticəsində özləri də səbəbini bilmədən, müəyyən qüvvələrin təsirləri altında Milli Məclisin binasına daxil olan gənclərin azad olunmasını istərdim. Bu işi təşkil edənlər, təhrikçilər tam araşdırılmalı, qanun qarşısında cavab verməlidirlər. Sonda onu da qeyd edim ki, ondan çox hüquq müdafiəçisini özündə birləşdirən Ədliyyə Nazirliyində İctimai Komitə fəaliyyət göstərir. Mən də bu komitənin üzvüyəm. Burada Azərbaycanın tanınmış hüquq müdafiəçiləri var. Novella xanımın, Səadət xanımın və digərlərinin adını çəkə bilərəm. İstənilən qanunazidd hərəkətlərlə bağlı bizə müraciət daxil olduqda dərhal həmin şəxslərlə görüşür, baş verən hadisələri aidiyyatı qurumlara çatdırırıq. Bu cür bəyanatlar dövlət orqanlarına atılan böhtan xarakteri daşıyır”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh