COP29-a görə çəkilən zolaqlardan istifadə edən sürücülər cərimələnəcək? - AÇIQLAMA

Gündəm 16 Sentyabr 2024 21:00 Oxunub 392
COP29-a görə çəkilən zolaqlardan istifadə edən sürücülər cərimələnəcək? - AÇIQLAMA
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakının bir çox küçə və prospektlərində COP29-la bağlı ayrıca zolaqlar çəkilir.

Avtosfer.az xəbər verir ki, bu zolaqlardan istifadə edən şəxsi avtomobil sahiblərinin cərimə olunub-olunmayacağı sosial şəbəkələrdə müzakirə mövzusudur.

"Bakıda indi də üstünə COP29 yazılan zolaqlar çəkilir. Bu zolaqlara da girəndə cərimə olunacağıq?" - deyə sosial şəbəkə istifadəçisi yazıb.

Məsələyə aydınlıq gətirilməsi üçün Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanladıq.

Agentliyin mətbuat katibi Tural Orucov Oxu.az-a bildirib ki, bu zolaqlardan istifadə ilə bağlı cərimə nəzərdə tutulub:

"Bütün çəkilən zolaqlar ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulan xüsusi hərəkət zolaqlarıdır və müvafiq qanunvericilik bütün zolaqlara aiddir", - deyə T.Orucov bildirib.

Qeyd edək ki, "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununa əsasən, 5.9, 5.10.1- 5.10.3 nişanları ilə işarələnmiş (avtobus zolağı), ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə yüz manat məbləğində cərimə və 2 cərimə balı nəzərdə tutulub.

Eyni zamanda, sürücülər tərəfindən bir il ərzində 20 və daha çox bal toplanmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı ay müddətinə məhdudlaşdırılır.

Xatırladaq ki, Bakı şəhərində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) noyabr ayında keçiriləcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh