Çörəyi qəzadan çıxanlar
"Sığorta müqaviləsi bağlayarkən sığorta agenti mənə bütün hallarda təzminat veriləcəyini söyləyib. Mən də razı olaraq müqaviləni imzalamışam. Ancaq sonradan avtomobil qəzası zamanı məlum oldu ki, bu təzminat müqavilədə nəzərdə tutulmayıb".
Avtosfer.az xəbər verir ki, bunu anspress-in əməkdaşı ilə söhbət zamanı paytaxt sakini Elnur Məmmədov söyləyib. Sürücü deyir ki, sığorta şirkəti müqavilə bağlanana kimi adamın başına dolanır, amma sonradan sığortaya işin düşəndə heç yaxın da durmur.
Təəssüf ki, bu gün bir çox sürücü Elnurun başına gələn oxşar hadisələrlə üzləşir. Xüsusilə avtomobil sığortaları ilə bağlı şikayətlər kifayət qədər artıb. Vətəndaşlar bir söz, sığorta şirkətləri isə başqa söz deyir. Dövlət Sığorta Nəzarət Xidmətinin Lizenziyalaşdırma, Ərizə və Şikayətlərə Baxılması Şöbəsinin müdiri Mahir Abdullayev isə sığorta sahəsində ciddi problemlərin olduğunu etiraf edir.
Şöbə müdiri Sığorta Agentlərinin III-cü Milli Forumunda çıxışında çoxsaylı şikayətlərin olduğunu dilə gətirib: "Bizə daxil olan bəzi şikayətlərdən məlum olur ki, sığorta agentləri müştəriyə düzgün məlumat verməyib. Bəzi şikayətçilər yanlış məlumatlandırıldığını və aldadıldığını iddia edərək sığorta şikayətindən narazılıq edirlər. Müqavilədə hər hansı təzminatın olmadığını müştəriyə bildirmək lazımdır. Əks təqdirdə ciddi problemlər ortaya çıxır", - deyə M.Abdullayev qeyd edib.
Mütəxəssislər isə avtomobillərin icbari sığortası zamanı şirkətin imtina imkanının məhdud olduğunu söyləyirlər: "Yəni, vətəndaşın bütün hüquqları qanunla tənzimlənir və buna görə də, sığorta şirkəti özünə sərf edən müddəanı müqaviləyə əlavə edə bilməz. Sığorta şirkəti üzərinə düşən bütün öhdəliyi yerinə yetirməyə borcludur. Əks təqdirdə vətəndaş Maliyyə Nazirliyinə müraciət edir və əksər halda da bu müraciətlər təmin olunur. Bəzən isə vətəndaş səhlənkarlıq edir və vaxtında sığorta şirkətinə müraciət etmir. Bu zaman isə mübahisəli vəziyyət yaranır", - deyə X.Məmmədxanlı söyləyir.
Dövlət Sığorta Nəzarət Xidmətinin (DSNX) rəis müavini Müşfiq İsrafilov isə sığorta şikayətlərinin çoxluğunu nəzərə alaraq yeni komissiya yaradıldığını deyib. Onun sözlərinə görə, təkcə bir il ərzində şikayət ərizəsinin sayı 450 ədəd artıb: "Şikayətlərin əksəriyyəti isə avtomobillərin icbari sığortası ilə bağlıdır. Bu isə bizi narahat edir. Prezident Administrasiyasından bizə məktub daxil olub. Prezident İlham Əliyevin adına müraciət edilən məktublarda qeyd edilib ki, sığorta ödənişlərinin alınmasında çətinliklər var”, - deyə DSNX rəis müavini bildirib.
Qeyd edək ki, bu məsələlər Maliyyə Nazirliyinin və PA-nın birbaşa nəzarətindədir. Vətəndaşların daxil olan şikayətləri yeni yaradılmış komissiya tərəfindən ciddi şəkildə araşdırılacağı gözlənilir. Güman edir ki, dövlət tərəfindən nəzarət artandan sonra sığorta sahəsində yaranmış mövcud problemlər öz həllini tapacaq.