Reklam

Dam örtüklərində bu materialdan istifadə xərçəng yaradır – EKSPERTDƏN AÇIQLAMA - FOTO

Gündəm 30 Avqust 2024 20:45 Oxunub 4002
Dam örtüklərində bu materialdan istifadə xərçəng yaradır  – EKSPERTDƏN AÇIQLAMA - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Son günlər ölkə gündəminin əsas müzakirə mövzularından biri ölkəyə gətirilən tikinti materiallarının keyfiyyətidir. Belə ki, vətəndaşlar öz sosial şəbəkə hesablarında bəzi MTK-lardan aldıqları evlərdə istifadə edilən tikinti materiallarının keyfiyyətindən narazılıqlarını dilə gətirib evi tezliklə satışa çıxardıqlarını deyirlər.

Bu problemlərin artdığı dövrdə kütləvi informasiya vasitələrində yayılan məlumat sosial şəbəkələrdə istifadəçiləri arasında müzakirələrə səbəb oldu. Yayılan məlumatda qeyd olunub ki, bu ilin ilk beş ayı ərzində Azərbaycana Rusiya və Qazaxıstan kimi istehsalçı ölkələrdən 330 ton asbest gətirilib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə artım deməkdir.

Avtosfer.az xəbər verir ki, gətirilən tikinti materialının tərkibi ilə bağlı aparılan beynəlxalq araşdırmalardan sonra Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) asbestdən istifadənin ölkələrin xalqları üçün zərərli olduğu qənaətinə gəlib və qadağanedici tövsiyyələr bildirib. 69 ölkədə tikinti materialı kimi istifadənin tamamən, 30-a yaxın ölkədə isə qismən qadağan edildiyi maddənin lif və toz tərkibində kanserogen mineral olması faktı təsdiqini tapdıqdan bu yana, yəni 1970-ci ikldən indiyə qədər dünyanın bir çox ölkəsi bu mineraldan istifadə edilərək hazırlanan məhsullardan imtina edib.

Hətta qardaş ölkə Türkiyədə belə 2004-cü ildə asbest istehsalı və istifadəsi qismən dayandırıldıqdan sonra 2010-cu ildə verilən qərara əsasən, bu maddədən tamamilə imtina edilib.

Ölkəmizdə də 2012-ci ildə Nazirlər Kabineti tərəfindən asbest ilə bağlı yerli icra hakimiyyəti orqanlarına göndərilən xidməti məktuba əsasən, asbest örtüklü evlər siyahıya alını və onların dam örtüklərində ölçü işləri aparılıb. Lakin sonrakı dövrdə məhdudlaşdırıcı tədbirlərlə bağlı hansısa çətinliklər yaranıb və bu işlər dayandırılıb.

Mövzu ilə bağlı Dövlət Gömrük Xidmətinin mətbuat xidmətindən bildirilib ki, asbestin xammal və hazır məhsul şəklində idxalına heç bir qadağa yoxdur.

"Təhlükəsiz emalı mümkün olmayan, tranzit daşınması, basdırılması və zərərsizləşdirilməsi məqsədilə Azərbaycan Respublikasına gətirilməsi qadağan olunan təhlükəli tullantıların" siyahısına görə, yalnız toz və lif şəklində olan asbest tullantılarının gətirilməsi qadağandır və bu qəbildən olan mallar ölkəmizə idxal edilməyib. Asbestin xammal və hazır məhsul şəklində idxalına isə mövcud qanunvericiliyə əsasən, qadağa və məhdudiyyət müəyyən olunmayıb. Asbest xammalının dövriyyəsinə məhdudiyyət "Müəyyən zəhərli kimyəvi maddələrin və pestisidlərin beynəlxalq ticarətində əvvəlcədən razılığın verilməsi proseduruna dair Rotterdam Konvensiyası" ilə tənzimlənir və hazırda bu məsələlər üzrə müvafiq işlər aparılır"

Məsələ ilə əlaqədar tikinti məsələləri üzrə ekspert Vüsal Məstəliyev redaksiyamıza açıqlamasında deyib ki, asbest sənayenin bir çox sahələrində geniş istifadə olunur.

“Tekstil və kimya sənayesi, sement, dam örtükləri və digər tikinti materiallarının istehsalı, izolyasiya sənayesi, kağız sənayesi və s. istiqamətlərdə asbest mineralından istifadə edilir. Asbest istiliyə, aşınmaya və kimyəvi təsirlərə yüksək davamlılığa sahib olduğu üçün tikintidə daha çox istifadə olunub və bu gün də olunur. Lakin bundan istifadə bir sıra xəstəliklərin, xüsusən də ağciyər xərçənginə məruz qalma riskini artırır. Bundan əlavə Asbestlə əlaqəli xəstəliklərin müalicəsini təmin edən heç bir müalicə yanaşması  demək olar ki yoxdur.

Azərbaycan Milli Elmlər Akademiyası yanında Radiasiya Problemləri İnstitunun elmi katibi Əminə Mikayılova suallarımızı cavablandırarkən qeyd edib ki, asbest öz unikal xüsusiyyətlərinə (möhkəmliyi, istiliyi pis keçirməsi, kimyəvi stabilliyi və s) görə inşaatda daha geniş istifadə olunur.

“Onun tərkibinə dəmir silikatlar, maqnezium, natrium və kalsium kimi maddələr daxildir və material bütövlükdə lifli quruluşa malik olduğu üçün insan sağlamlığına ciddi təsir göstərir. Dünyada 125 milyon insan iş yerlərində asbestin ziyanlı təsirinə məruz qalır. Asbest liflərinin təsiri ilə insanda xərçəng yaradıcı effektlər yaranır, ağciyər, cinsi və digər həssas orqanlar xəstələnir. Xüsusilə siqaret çəkən insanlar üçün çox təhlükəlidir. Ona görə də bir çöx ölkələrdə asbestin digər daha az zərərli olan materiallarla əvəzlənməsi sahəsində işlər aparılır”.

Mütəxəssislər asbestin daha təhlükəli kimyəvi maddə olduğu üçün bu materialın dam örtüyü kimi istifadədən sonra söküntü işlərinin aparılıması məsələsində dövlətlərə tövsiyyə edir ki, xüsusi uniformalardan istifadə mütləqdir. SSRİ rəhbərliyi müstəmləkə dövlətlər də daxil olmaqla tərəfdaşları ilə birlikdə asbest və digər kimyəvi tərkibə malik tikinti materiallarının istehsalına xüsusi diqqət edirdi və bu müxtəlif dövrlərdə ucuz başa gələn bu cür dam örtüklərindən istifadəyə xalqları təşviq edirdi. Fransada rəsmi açıqlamalara görə hər il 4 mindən çox insan asbestin yaratdığı xəstəliklər səbəbilə dünyasını dəyişir. Belçika və Hollandiya 1990-cı illərin əvvəllərində bu maddədən hazırlanan məhsulların ölkəyə gətirilməsi və ölkədə istifadəsini tamamilə dayandırıb.

Onu da qeyd edək ki, Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyi asbesti ən təhlükəli kanserogen maddələr qrupuna daxil edib və Avropa Birliyi ölkələrində 2005-ci ildən etibarən bu maddənin istehsalı və istifadəsi  tamamən qadağan edilib.

Müəllif: Səfər Əlizadə

Qeyd: Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Ekologiya və ətraf mühitin mühafizəsi” istiqaməti üzrə hazırlanıb.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh