Dayanacaqlarda siqaret çəkmək qadağan ediləcək

Gündəm 10 Dekabr 2015 16:44 Oxunub 1738
Dayanacaqlarda siqaret çəkmək qadağan ediləcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Musa Quliyev: "İctimai yerlərdə siqaret çəkməyi qadağan edən qanun bizim ölkədə də ictimai müzakirəyə çıxarılıb"

İctimai yerlərdə tütünsüz mühit yaratmaq üçün xeyli müddətdir ki, Milli Məclisdə müzakirələr aparılsa da, hələlik bunun qarşısını almaq mümkün olmayıb. Qanunverici orqan bununla bağlı qanun qəbul etməyə tələsməsə də, paytaxt küçələrindəki mənzərə qanunun qəbulunun vacibliyindən xəbər verir. Hazırda Bakıda elə dayanacaq tapılmaz ki, onun ətrafında yerə tökülmüş siqaret kötükləri tapılmasın. Azərbaycana turist axınının günü-gündən artdığını nəzərə alsaq, paytaxtda dayanacaqlarda yaranmış bu mənzərə heç də ürəkaçan deyil. 

 
Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Musa Quliyev deyir ki, paytaxtda ictimai yerlərə atılmış siqaret kötükləri müvafiq qanunun qəbulu mələsəsini  gündəmə gətirir: "Qeyd edim ki, ictimai yerlərdə siqaret çəkməyi qadağan edən qanun bizim ölkədə də ictimai müzakirəyə çıxarılıb. Artıq Azərbaycanda ictimai nəqliyyatda siqaret çəkməyə qadağa qoyulub.  Bu qadağaya məhəl qoymayanlar 50 manat cərimə olunmalıdırlar. Bu qadağa avtobuslarda siqaret çəkilməsi hallarının qarşısını xeyli alıb. Hələlik cərimə mexanizmləri işə düşməsə də, qadağa özünü göstərib. Amma görünür bu qadağa yalnız avtobuslarda deyil, ictimai yerlərdə qüvvədə olmalıdır. Biz nəzərdə tuturuq ki, taksilərdə də, dayanacaqlarda da, tütünsüz mühit yaransın. Bunun üçün təkliflər də var. Yəqin ki, Milli Məclisin növbəti sesiyasında bu məsələ müzakirəyə çıxarılacaq”. 
 
M. Quliyev deyir ki, qanun qəbul etməklə yanaşı buna nəzarət mexanizmi də işlək olmalıdır: "Biz avtobusda siqaretin çəkilməsini yasaqlamışıq. Amma hələ də sərnişinlə dolu avtobusda sürücünün siqaret çəkməsi hallarına rast gəlinir. Elə dayanacaqda da sərnişinlər dayanır. Prinsip etibarıilə avtobusda siqaret çəkməklə, dayanacaqda, siqaret çəkmək eynidir. Avtobusun salonunda da, sərnişin var, dayanacaqda da avtobus gözləyən sərnişindir. Ən pisi isə odur ki, dayancaqda siqareti çəkib kötüyünü yerə atırlar. Bu isə çox pis bir mənzərə yaradır.Ona görə də, düşünürəm ki, ictimai yerlərdə siqaretin çəkilməsinə birdəfəlik qadağa tətbiq edilməlidir. Eyni zamanda qanunun işləməsi üçün nəzarət mexanizmi yaradılmalıdır ki, effektli olsun”.
 
Qeyd edək ki, siqaretin tüstüsünün ətrafdakı insanalara zərərini tibb mütəxəssisləri də təsdiqləyib. Məlumatlara görə, siqareti çəkəndən çox tüstüyə məruz qalan zərər görür. Hətta, siqaretin tüstüsünə məruz qalanlar, passiv istifadəçi hesab olunur. Siqaretin onu çəkəndən çox ətrafda tüstüsünü qəbul edən insana zərərli olduğu deyilsə də, hələki avtobus sürücüləri arasında bu qadağa məhəl qoymayanları az deyil. Bununla bağlı dəfələrlə sürücü ilə sərnişin arasında mübahisələr də yaranıb. Görünən odur ki, avtobusda siqaretin çəkilməsini yasaqlayan qanun olsa da, nəzarət mexanizminin zəif olması, bu qanunun da işləməsində problemlərə yol açır.
Amma "BakuBus” avtobuslarının təcrübəsi bu sahədə nəzarət mexanizminin işləməsinin mümkünlüyünü göstərdi. "BakuBus” avtobuslarında sürücülərin siqaret çəkməsinin yasaq olduğunu əks etdirən lövhələr vurulub. "BakuBus”MMC-nin mətbuat katibi Nuridə Allahyarova Movqe.az-a açıqlamasında bildirib ki, işə götürülərkən sürücülərə avtobusda siqaret çəkməyin yasaq olduğu, sürücünün buna görə məsuliyyət daşıdığı barədə xəbərdarlıq olunur. Sürücü bilir ki, qanunu pozması onun işi itirməsi ilə nəticələnəcək. Ona görə də, sürücülər bu məsələdə üzərlərində məsuliyyət hiss edirlər”.
 

Qeyd edək ki, ictimai yerlərdə siqaret çəkilməsini qadağan edən qanunun bütün qapalı yerlərə, idarə və müəssisələrə, avtovağzal, dəmiryolu vağzalı, hətta taksilərə də şamil ediləcəyi nəzərdə tutulur.
ŞƏRH YAZ
Ad

E-mail

Şərh